Çapay Sultanovdan yeni kitab- “Tarixi istintaq”

15328217_1246609445400727_808633253_n

Tariximizə dair zamanı gəldikcə əlimizə keçən kitabları oxuyuruq. Bu kitablardan aldığımız məlumatlar bizə keçmişi canlandırır, tarixin qəhrəmanlarının səhvləri və doğruluqları ilə atdığı addımlar bizə hansısa qənaətlərə gəlməyə imkan yaradır. Tarixi sonradan düzəltmək qeyri-mümkündür, lakin yaşadığımız tarixin daha fərqli və yaxşı olması üçün hər kəsin bir Vətən borcu var. Bu borcu hər kəs ləyaqətlə qaytarmaq imkanına malikdir. İstər fəhlə olsun, istərsə də akademik – hər kəs öz sahəsində gördüyü işlərə məsuliyyətlə yanaşsa, maddiyyatdan çox insan amilinin aliliyi uğrunda vuruşsa, Azərbaycanın Böyük Gələcəyi bizimlədir. Yox, əgər tarixin səhvlərini dönə-dönə təkrar edib, gündəlik həyatını sürməklə yaşasa, o zaman Azərbaycanla bağlı böyük ümidlərdən əl çəkməyin zamanıdır.

O baxımdan, belə bir faciəni yaşamamaq üçün tariximizi – oxuduqlarımızı və yaşadıqlarımızı dönə-dönə analiz etməli, buraxılan səhvləri özümüzə rəva görməməliyik.

Artıq neçənci dəfədir ki, geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü Çapay Sultanovun kitablarını oxuyuruq. Yaxın keçmişimizlə bağlı dəfələrlə Onun kitablarına müraciət etməyimizin bir səbəbi də var. Çapay müəllim tarixi araşdırmalarını ürək yanğısı ilə, hər bir xırdalığa vararaq aparır. O qədər analitik düşüncə tərzi var ki, bu kitabları oxuyanda hansısa sual yaranmır. Yaranacaq bütün sualların cavabları var Çapay Sultanovun kitablarında…

Çox da uzaq olmayan keçmişimizlə bağlı bir neçə müəllifin, tarixi araşdırmaçıların əsərlərilə tanış olmuşuq. Hətta müxtəlif fondların dəstəyi ilə sifarişlə hazırlanan kitablardan da xəbərimiz var. Bu cür əsərlərin çox olması heç də pis deyil. Lakin çox təəssüf ki, bəzi kitabları ələ alandan cəmi 5 dəqiqə sonra yerə qoymalı olursan. Kitablar həm də insanları özünə çəkən, özü ilə yaşadan, təsirindən günlərlə, illərlə qurtara bilməyəcəyin bir vasitədir. Əgər kitabların ərsəyə gəlməsi üçün müəyyən qədər vəsait xərclənirsə, əvəzində onu oxuyan, əldə etməyə çalışan insanlar yoxdursa, o kitabın bar verməyən ağacdan heç də fərqi yoxdur. Fikrtimcə, kitab səmimi, doğru, düzgün, dolğun və dəlillərə əsaslanaraq yazılmalıdır. Əgər müəllif ürək yanğısı ilə əmək sərf edirsə, bunu oxucu dərhal hiss edir və o kitabın əvəzi olmur.

Bu günlər Çapay Sultanovun rusca yeni kitabını çapdan çıxıb: “Исторические расследования” – “Tarixi istintaq”.

Kitabda oxuduqlarımızı Oxucularla bölüşmək zərurəti hiss etdik. Həm də ona görə ki, kitab rus dilində yazılıb və hazırda bu dili ikinci dil bilənlərin sayı azalıb.

Azərbaycan – SSRİ və ümumiyyətlə, Rusiya üçün hansı mənanı daşıyırdı – sıravi respublika, yoxsa…

15320266_1246609448734060_446607658_n

Bu haqda çox yazılar yazılıb və tarixin bu dönəmi araşdırmaçılar tərəfindən dəyərləndirilib. Amma Çapay Sultanovun bu dönəmə fərqli baxışları, yanaşmaları var. Azərbaycan 70 il SSRİ-nin tərkibində olmasaydı, nə baş verərdi? Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri A.Bloxin iddia edir ki, bugünkü Azərbaycan XX əsrin əvvəllərindəki Azərbaycandan ona görə fərqlənir ki, o, məhz Rusiyanın tərkibində olub.

Ç.Sultanov özünəməxsus tərzdə ona cavab verir: “Bloxin kimilərdən soruşmaq istərdim, o zaman niyə son 100 ildə Azərbaycanın çar və sovet Rusiyasının iqtisadiyyatına, sənayesinə verdiyi töhfələr nəzərə alınmır?” Sovet dönəmində elə hesab olunurdu ki, Azərbaycan da bütün keçmiş respublikalar kimi Mərkəzə işləməlidir. “Demokratik” Rusiyada indi də sözçatdırma funksiyasını Jirinovski və erməni Kasparov həyata keçirirlər. Bakının çörəyini yeyib, Azərbaycana torpaq iddiası olan ermənilərin “parlaq” üzvü Kasparovun hansı niyyətdən çıxış etməsi bəllidir. Elə Jirinovskinin də gündə bir hava çalmasının yalnız bir səbəbi var – kim çox pul verəcəksə, onun da sözünü havalandıracaq. Çapay Sultanov bu məqama da çox həssaslıqla toxunur və incə bir məqamı formalaşdırır – ermənilərlə ruslar hər zaman “siyasət qardaşı” olublar, apardıqları geosiyasi və təbliğat baxışları da bu üzdən eynidir. Vampirlər kimi hər zaman Azərbaycanın şah damarından bacardıqları qədər neft sorublar. Kiçik dövlətin böyük dərdləri ilə yaşayan Azərbaycanı hər zaman çapıb-talamağa, parçalamağa hazır olublar. Halaldırmı Azərbaycandan qopardıqları? Haramdır və cəzası mütləq veriləcək.

Geologiya-mineralogiya elmlər doktoru olan Çapay müəllim Rusiya sənayesinin inkişafını da çox gözəl analiz edir və faktlarla Rusiyanın bu inkişafda keçmiş respublikalara nə qədər borclu olduğunu ortaya qoyur. Rəqəmlər ayrılıqda çox söz deməsələr də, araşdırmalarda çox həqiqətlərdən xəbər verir. Rusiya rəsmən ondan qopan, lakin reallıqda hələ də əl çəkmədiyi respublikalardan sənayesi bu gün də asılı vəziyyətdədir.

Maraqlı bir fakt – təkcə 1916-cı ildə Azərbaycan yanacağından əlini üzən Peterburqun 73 iri müəssəsindən 36-ı fəaliyyətini dayandırıb. “XIX əsrin son 30 ilində Rusiya neft istehsalını 700 dəfə artıraraq, nəhəng neft dövlətinə çevrildi”.

Məşhur səyyah Mark Polonun Bakı nefti ilə bağlı açıqlamaları, qədim İpək Yolunun keçdiyi Azərbaycanın yanacaq vasitəsi, qədim səyyahların Azərbaycan nefti ilə bağlı yazdıqları fikirlər, zəngin və yoxsul Azərbaycanla bağlı kitabda verilən məlumatları yazmaqla, bitirmək olmur.

“Biri bir az yaxşı, digərləri – bir az pis olan Azərbaycanın tamahkar və ölümcül düşmənləri…”

Əgər 1942-ci ildə Bakı işğal olunsaydı, dünyanın düzəni necə dəyişərdi?

Sadə genosid, 100 ildən çox davam edən deportasiya, Sumqayıt – çoxlarına məlum olan hadisə, Bakının 20 Yanvar faciəsi, SSRİ niyə dağıldı – Azərbaycan faktorunun bu siyasi prosesdə rolu, Qarabağ müharibəsinin qapalı sirləri və s.  bu dəfə “Исторические расследования” – “Tarixi istintaq”da.

Bu kitabı oxumağa həqiqətən dəyər. Belə dəyərli araşdırmaları üçün müəllif Çapay Sultanova ancaq təşəkkür düşür.

SelBa

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button