Diktatorların əcəl zəngi

İlham Əliyev «Əl-Cəzirə» kanalına müsahibəsi ilə hansı düşüncə sahibi olduğunu, dünyagörüşünü və təfəkkürünü açıqladı. Bu barədə qəzetimizdə müxtəlif müunasibətlər var, tanış ola bilərsiniz. Ancaq diqqətdən yayınan bir məsələni vurğulamağa ehtiyac görürəm.

İlham Əliyev Avropa İttifaqına üzvlüklə bağlı sualı cavablandırarkən ölkənin xarici siyasi istiqamətini müəyyənləşdirir: «Səmimi deyirəm, bizim siyasətimiz elədir ki, biz heç vaxt əlçatmaz bir şeyə nail olmağa çalışmırıq. Biz realistik. Əgər biz belə bir təklif alarıqsa (Avropa Birliyinə qoşulmaqla bağlı), bunu nəzərdən keçirərik. Əgər almasaq, «bizi qəbul edin, qəbul edin» deyə qapını sındırmağa çalışmayacağıq».

Regionun ən güclü dövlətlərindən olan Türkiyənin Avropa Birliyinə yönəlik siyasətinə qarşı çıxdığını dolayısıyla ifadə edən İlham Əliyev həm də Azərbaycanın strateji planlarını bu bir cümlədə ifadə edib. Bir daha təsdiqləyib ki, Qərbyönümlü siyasi kursdan imtina olunub. Əvəzində isə İ.Əliyev Rusiya ilə çox isti münasibətlərini müsahibədə önə çəkib və bunu iqtisadi-siyasi amillərlə əsaslandırmağa çalışıb.

Başqa variant da yoxdur. Çünki illərdir Avropa Azərbaycandan demokratiya, insan haqları, azad seçki və azad söz tələb edir. İlham Əliyev hakimiyyəti isə bu tələbləri yerinə yetirmir və getdikcə Rusiyaya doğru daha sürətlə meyllənir. Rusiya – diktatorların son sığınacaq yeridir və rusmeyllilik vəzifəni saxlamağın hazırda yeganə şansı kimi avtoritar rejimlərə çox cəlbedici görünür.

Müsahibədən bəlli olur ki, Azərbaycan prezidenti xalqa güvənli, azad və qürurlu bir ölkə rəhbəri olmaq istəmir; bu adamın əsas niyyəti talanları davam etdirmək, xalqı var-yoxdan çıxarmaq, korrupsiya və rüşvət burulğanında dövləti batırmaq, sərvətləri ölkədən xaricə daşımaqdır.

Ancaq dəhşətli dərəcədə yanlış bir siyasi kurs seçdiyini, yəqin özləri də anlamırlar. Azərbaycan rəhbərləri milyardlarla kapitallarını Qərb banklarında saxlayır, Avropa şəhərlərində böyük mülklər alırlar. Bu mülklərinin bir gün girovuna çevriləcəklərini isə hesablamırlar. Demokratik dünya Azərbaycan kimi kiçik ölkələrin diktatorları ilə «anlaşmağın» ən son variantını çox gözəl bilirlər: taladıqları və Avropa banklarına yatırdıqları vəsaitlərə həbs qoyulur, siyasi-iqtisadi embarqolar tətbiq edilir və ölkədə yaranan sosial narazılıqlar dəstəklənir. Vəssalam  – əlvida, diktator!

Belə diktatorların arxasında Rusiyanın axıra qədər durmadığını son 20 ildə İlham Əliyev də müşahidə etmək imkanına malikdir – əgər, dünyada baş verənləri izləməyə vaxtı çatırsa! Rusiya ən etibarlı tərəfdaşı İraqdan – Səddam Hüseyndən üzü bəri hamısının arxasından ən kritik anlarda çəkilməyi bacardığını nümayiş etdirib. Hətta Suriya diktatoru Bəşər Əsədə də «get» deyənlərdən biri Rusiyadır. İlham Əliyev bunları nə tez unudur?

Rus dilinin ikinci ana dili səviyyəsində bərpasına edilən bütün cəhdlər, Azərbaycan məmurlarının ruslara xidmətlərinə görə qarşı tərəfdən mükafatlandırılmaları, Medvedyevin bir çağırışı ilə əvvəlcədən planlaşdırılmamasına baxmayaraq, hörmətli Əliyevin dərhal Rusiyaya yollanması və az qala ildə 4 dəfə baş tutan «görüşlər»… – heç biri Azərbaycanı Avropa məkanından qopara bilməz. Azərbaycan Qərbin enerji siyasətinin də bir hissəsi-zadı deyil. Sadəcə, Qafqaz vasitəsilə ABŞ və Avropanın Çinə qədər uzanması üçün ən aktual hədəfdir. Türkiyə Avropa Birliyinə qəbul edilməyə bilər, ancaq Qazaxıstan və Qırğızıstana qədər ölkələrin Avropa ailəsinə daxil olmaması Çinin liderliyinə gedən yol deməkdir. Bu yol – yəni Çinin dünya ağalığı ilk növbədə Rusiyanın dövlət maraqlarına dəhşətli zərbədir. Güclü iqtisadiyyata və dünya ağalığına imkan verən potensialı, ilan-qurbağa ilə dolanmağa qadir 1,5 milyardlıq əhalisi ilə Çin Rusiyanın insan ayağı dəyməyən böyük əyalətlərinə səpələnə və qısa müddətdə iqtisadi baxımdan bu ölkəni özününküləşdirə bilər.

Rusiya bütün hallarda Çinin iqtisadi liderliyinə qarşı yönələn siyasətin içində yer almağa məcburdur. Nəzərə alsaq ki, Çin dəfələrlə o dövrdə dünyanın ən nəhəng 2 dövlətindən bir sayılan SSRİ-yə qarşı ərazi iddiaları ilə çıxış edib, onda Rusiya perspektivdə hansı təhlükələrlə üzləşdiyini çox yaxşı dərk edir.

Bu səbəbdən ABŞ və Qərbin Rusiyanın qarnı altından Çinin böyrünə söykənməsində Moskva bəlkə də hamıdan artıq maraqlıdır. Və bu maraqlar qarşılığında Azərbaycan diktatorunun qurban verilməsi heç nədir – necə ki, ərəb diktatorları peşkəş edildi.

Qərbin «Çin siyasətinin» hədəfi 2020-ci ildir. Bu hədəfə o qədər az illər qalıb ki, artıq Azərbaycan hakimiyyətinin şıltaqlığı ilə oynamağa vaxt yoxdur.

Diktatorların əcəl zəngi artıq çoxdan çalınır…

 

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button