”Direktor totalitar rejimin prokuroru kimi çıxış edir” – VİDEO

turkel

Fəlsəfə və Hüquq İnstitutunun Siyasi nəzəriyyələr şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel direktor İlham Məmmədzadənin əmri ilə işdən azad olunub.

Səbəb kimi də həmin gün işə gəlməməsi göstərilib. Daha sonra isə şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşər moderator.az saytına açıqlama verərək, Yadigar Türkelin öz kitabında səhvə yol verdiyini, Heydər Əliyevin hakimiyyətə gəlməsini dövlət çevrilişi kimi təqdim etdiyini bildirib.

Haqqında deyilənlərə aydınlıq gətirmək istəyən Yadigar Türkel martın 10-da mətbuat konfransı keçirib.

Yadigar Türkel bildirib ki, İlham Məmmədzadə onu əsassız işdən çıxarıb: “İlham müəllim mənə dedi ki, səni işdən çıxarmışam. Bəs bütün günü üzrlü səbəb olmadan işə gəlməmisən. Dedim ki, dünən bütün günü Azərbaycan Respublikasının Dövlət Arxivində olmuşam. Dedi, yox, işdən çıxmısan. Bəs sən  “Doklad o spornıx Kavkazskix territoriyax, na kotorıe imeet prava Azerbaydcanskie Tyurki” kitabında Heydər Əliyevin 1993-cü ildə çevriliş yoluyla hakimiyyətə gəldiyini qeyd etmisən. Ona görə mən sənə töhmət verirəm. Dedim ki, verə bilməzsiz. Çünki orada AMEA-nın adından heç nə yazılmayıb. Bu kitab AMEA-nın sifarişi, dəstəyi ilə çap olunmayıb. Özümün nə yazmağım da mənim konstitusion hüququmdur. Dedi, yox, töhmət vermişəm”.

Yadıgar Türkel məsələ ilə bağlı AMEA-nın rəhbərliyinə ərizəylə müracəat edib.

Tədbirdə iştirak edən Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları da çalışdıqları qurumda baş verən haqsızlıqlardan danışıblar. Yasəmən Mahmudova deyib ki, Fəlsəfə İnstitutunun işçilərini zala yığıb iclas ediblər: “Bütün alimləri zala yığdılar. İnstitutumuza yeni gəlmiş Hacı Xaliq Əhmədzadə çox alovlu bir çıxış etdi. Dedi ki, bu institutun yarısı müxalifətçidir. Bu alimlər elmlə yox, siyasətlə məşğul olur, saytlara məqalələr yazır. Mən onda başa düşdüm ki, artıq “islahatlar” başladı”.

Dilavər Əzimli də alimlərin vəziyyətindən şikayətlənib: “Bu gün heç bir alim işləməklə ailəsini dolandıra bilmir. Uşağının yanında utanır. Akademiyada alimlər var ki, onlar yalnız maaşa işləyir. Rüşvət almağı, başqasına dissertasiya, məqalə yazmağı şərəfsizlik bilir. Amma öz uşaqlarının yanında gözükölgəli olur”.

Sonda Yadigar Türkel deyib ki, hüquqi yolla haqlarını bərpa etməyə çalışır: “İnstitutun direktoru totalitar bir ölkənin prokuroru kimi çıxıb telekanalda mənə ömürlük, 12 il iş verilməsini istəyir. Mən bunları İlham Məmmədzadənin bilgisizliyi hesab edirəm. Heç bir savadı, geniş düşüncəsi olmayan bir adamın çıxışı kimi sayıram. Haqlarımı hüquqi yolla bərpa etməyə çalışacam”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button