Elmar Vəliyevin yıxılması

Gəncə hadisələri və onların təfsiri təkcə Elmar Vəliyevin problemli şəxsiyyətinə əsaslanmır, bir ucu hakimiyyətdaxili dərin ziddiyyətlərə gedib çıxır

Əslən gəncəli olan Yunis Səfərovun iyulun 3-də Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsd törətməsilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan ikisi daha çox səsləndirilir. Birincisi, Y.Səfərovun təhqir edilmiş bacısının qisasını almasıdır. Bu, hadisədən sonrakı iki gün ərzində irəli sürülən əsas versiyadır və Elmar Vəliyev şəhərə rəhbərlik etdikdən sonra Gəncə üçün xarakterik hal kimi söylənilir. Onu mədəniyyətsiz, kobud, abırsız və amansız adam kimi xarakterizə edirlər.

Turan-ın arxivindən

Bakı/18.08.11/Turan: ANS TV-nin Gəncə bürosunun rəhbəri Təhmin Tağızadə və Fuad Rzayev öz peşə vəzifələrini yerinə yetirərkən polisin təzyiqlərinə məruz qalıblar. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bildirib ki, ANS-in əməkdaşları 1910-cu ildə tikilmiş “Memarlıq evi”nin sökülməsini çəkirmişlər.”Polis əməkdaşları bizi evin söküldüyü əraziyə buraxmadılar. Bizi kobud şəkildə ərazidən çıxmağa məcbur etdilər. Həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mənim mobil telefonuma zəng etdi və məni təhqir edərək hədə- qorxu gəldi. Bundan sonra polislərdən biri bizi hədələyərək dedi ki, əgər sözə baxmasaq, operator Fuad Rzayevin cibinə narkotik maddə qoyacaqlar”, – Təhmin Tağızadə vurğulayıb.

İkinci versiya iyulun 5-də audiomüraciət şəklində yayılıb. Özünü Y.Səfərovun keçmiş həyat yoldaşı kimi təqdim edən qadın birinci versiyanı təkzib edərək bildirib ki, Yunisin hərəkətinə səbəb E.Vəliyevin uzun müddətdir gəncəliləri təhqir etməsi, müsəlman şiələrə qarşı təqibləri olub. O, Yunisi Allahın cəza verən əli adlandırıb. Beləliklə, anonim mənbə faktiki olaraq baş verənlərin və Y.Səfərovun hərəkətinin dini motivli olduğunu söyləyib. Bu versiya Yunisi radikal dini cərəyana aid edən hüquq-mühafizə orqanlarının fikirlərində də əksini tapıb.

Yəni, E.Vəliyevi qurban, hətta dini ekstremizmə qarşı mübarizənin qəhrəmanı, Azərbaycanın qərb regionunda Əliyevin dayağı kimi qələmə verirlər.

Turan-ın arxivindən

Bakı/02.12.11/Turan: “Bizim yol ” -Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Gəncə şəhər icra başçısı Elmar Vəliyevdən Prezident Administrasiyasına şikayət edib. Sonuncu bildirib ki, toplanmış ianələr şiələrin ibadət yerinə İmamzadə məscidinin təmirinə yönəldilməlidir.

Məlumatlı mənbələrin məlumatına görə, Y.Səfərov E.Vəliyevə atəş açmayıb. Onun E.Vəliyevə tapançadan atəş açması barədə informasiya öncə yayılıb, sonra inkar edilib.

Mənbələrin məlumatına görə, Y.Səfərov E.Vəliyevin cangüdəninə iki atəş açıb, ancaq icra başçısını vura bilməyib, belə ki, tapança ilişib. O, Vəliyevin arxasınca qaçıb və onu tapançanın qundağı ilə başına zərbələr endirib. Vəliyev, yıxılan anda başı bordyura dəyıb.

Türkiyə Bahçeşehir Universitetinin tibb fakültəsuinn dekanı Türkel Kılıçın dəvət edilməsi bu informasiyanın doğruluğundan xəbər verir. O, sui-qəsd zamanı başından yaralanan türkiyəli müğənni İbrahim Tatlısəsi də müalicə edib.

Son yeni faktlar göstərir ki, E.Vəliyevin də daxil olduğu hakimiyyət dairələrində onun indiyədək vakant olan Bakının meri postuna qədər yüksəlməsi ilə bağlı planlar hazırlana bilər. 9 illik tarixi olan fakt bu məntiqin xeyrinədir.

Turan-ın arxivindən

Bakı/19.06.09/Turan: Bir neçə gün öncə bəzi KİV Gəncə şəhərinin vitse-merinin qətl işi üzrə istintaqa cəlb edildiyini bildirib. Lakin bir gün sonra informasiya Gəncə rəhbərliyi və Baş Prokurorluq tərəfindən inkar edilib. İki gün sonra Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təkzibi gəlib.

Qeyd edək ki, qalmaqal dövlət başçısının ölkədə olmadığı bir vaxtda qızışıb və informasiya FHN rəhbəri Kəmaləddin Heydərova yaxın KİV-lərdən yayılıb. Məlumatlı mənbələrdən Turan-a bəlli olub ki, belə informasiyanın yayılmasına səbəb E.Əzizovun postdan uzaqlaşdırılmasıdır. Onun yerinə artıq iddialı var.

O zaman həmin iddialı Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev idi. E.Əzizovu yerindən tərpətmək mümkün olmayıb. Lakin iki il sonra, 2011-ci il iyunun 30-da prezidentin sərəncamı ilə E.Vəliyev E.Əzizovun yerini tutub. Demək olar ki, 2011-ci il avqustun 11-də E.Vəliyevin Yevlaxdan getməsilə yerli sahibkar Bəhram Məmmədov mətbuat konfransı keçirərərək Yevlax avtovağzalının E.Vəliyev tərəfindən zəbt edildiyini bildirib. Belə ki, avtovağzalın 70%-i B.Məmmədova məxsus olub. 2009-cu ilin martında 2,2 ha əraziyə tikinti texnikası gətirilib. Texnika tikilini sökərək yeni sahib üçün digər obyektlərin tikintisinə başlayıb. Texnikanın üzərində “ZQAN-Holdinq” (nəqliyyat nazirinin şirkəti) yazılıb. Halbuki, işlər Yevlaxın o zamankı rəhbəri, Gəncənin isə indiki icra başçısı Elmar Vəliyevə məxsus olan “İpək yolu” şirkəti tərəfindən yerinə yetirilib. Bu barədə iqtisadçı-ekspert Zöhrab İsmayıl bildirib. O qeyd edib ki, E.Vəliyev şirkətə qeyri-rəsmi rəhbərlik edir.

Turan-ın arxivindən

Bakı/27.05.08/Turan: Mingəçevir Şəhər Prokurorluğunda 25 may avtomobil qəzası faktı üzrə cinayət işi açılıb. Qəza nəticəsində Yevlax şəhər sakini Feyruz Nəsibov həlak olub. Mingəçevir şəhər prokurorunun köməkçisi Yusif Qocayev Turan-a bildirib ki, cinayət işi CM-in 263 (yol hərəkəti qaydalarının pozulması), 264 (hadisə yerindən qaçmaq) və 228-ci (qanunsuz odlu silah saxlamaq) maddələri ilə açılıb.

Y.Qocayevin sözlərinə görə, iş üzrə üç nəfər saxlanılıb. DİN mətbuat xidmətinin məlumatına görə, mayın 25-də Mingəçevirdə Yevlax sakini Səfər Rzayev BMW avtomobilində öz yerlisi, “Nissan” avtomobilini idarə edən Şaiq Məmmədovu təqib edib. Sonda maşını arxadan vurub. Nəticədə “Nissan” avtomobilinin sərnişini Feyruz Nəsibov həlak olub.

S.Rzayev öz sərnişinləri – Yevlax və Bərdə sakinləri – İlham Seyidov və Saleh Əliyevlə birlikdə hadisə yerindən qaçmağa çalışıblar. Hadisə yerindən S.Rzayevin atdığı “ME-38 Kompakt” markalı tapança aşkar edilib.

“Azadlıq” qəzetinin məlumatına görə, F.Nəsibov Yevlax Taxıl Kombinatının sahibi olub. “Yeni Müsavat” qəzeti bildirib ki, Y.Nəsibov qəzada həlak olmayıb, rayon icra başçısı Elmar Vəliyevin sifarişi ilə güllələnib. O, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

***

E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra yerli polis rəisi general Rasim Musayevlə açıq münaqişəyə girib. Bu münaqişə 2013-cü ilin yanvarında E.Vəliyevin ədəbsiz davranışına görə polis rəisi tərəfindən döyülməsi ilə nəticələnib. R.Musayev E.Əzizovun vaxtında Gəncədə prezidentin ətrafındakl qruplardan biri tərəfindən dəstəklənən şəxslərin kriminal hərəkətlərini neytrallaşdırıb və buna görə general alını alıb.

2013-cü ilin fevralında R.Musayev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. Fevralın 4-də “Azadlıq” qəzeti bu mövzuda məqalə dərc edərək Gəncənin keçmiş polis rəisi R.Musayevin DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilməsini prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Eyyubova zərbə adlandırıb.

Sadalanan faktlar göstərir ki, Gəncə hadisələri və onların təfsiri təkcə Elmar Vəliyevin problemli şəxsiyyətinə əsaslanmır, bir ucu hakimiyyətdaxili dərin ziddiyyətlərə gedib çıxır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button