Elşad Abdullayevin qardaşı ifadə verdi

1370253170-22602.07.2013

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bu haqda məlumatı APA yayıb. Məlumatda bildirilir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə E. Abdullayevin qardaşı İsmayıl Abdullayev şahid qismində ifadə verib. O, qeyd edib ki, A. Kazımovla qardaşı Mahir Abdullayev oğurlanandan sonra tanış olublar: “Mahir Abdullayevin itkin düşməsindən az vaxt sonra qardaşlarım Elşad, Elsevər və mən Azərbaycan Beynəlxalq Universitetindən çıxarkən bir qadın bizə yaxınlaşdı və Elşada müraciət edərək vacib işi olduğunu dedi. Elşad əvvəlcə əhəmiyyət vermədi. Sonra qadın dedi ki, məsələ bizim itkin düşmüş qardaşımızla bağlıdır. Bunu eşidən kimi Elşad dərhal qadını qəbul elədi. Qadınla görüşəndən sonra Elşad bizə dedi ki, qadın deyib ki, Mahir sağ-salamatdır. Bir naxçıvanlı iş adamı var, adı Arzudur. O, bizə Mahiri azad etməkdə kömək edə bilər. Qadının bu təklifi bizi düşünməyə vadar etdi və biz Arzu Kazımovla əlaqə yaratdıq. Sonradan məlum oldu ki, bizi Arzu Kazımovla yaxınlaşdıran həmin o qadının adı Rövşanədir”.

İ. Abdullayev həmçinin qeyd edib ki, qardaşı E. Abdullayev Mahir Abdullayevin tapılması üçün Arzu Kazımova ümumilikdə 3 milyon dollar pul verib: “Bu pul müxtəlif vaxtlarda Arzu Kazımova təqdim olunub. Həmin pulun müəyyən hissəsi Arzu Kazımova daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin bilavasitə yanında verilib”.

İ. Abdullayev bildirib ki, o Arzu Kazımovdan şikayətçi deyil: “Mən bu gün Arzu Kazımovu dəmir barmaqlıqlar arasında görmək istəməzdim. Mən heç istəmirəm ki, o həbsdə olsun. Əgər bu gün qardaşım Mahirdən bir xəbər eşidərəmsə, onu bağışlayaram”.

Daha sonra prosesdə E. Abdullayevin Baş Prokurorluqda işləyən qardaşı Elsevər Abdullayev ifadə verib. O, qeyd edib ki, Mahir Abdullayev itkin düşdükdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinə gələrək məlumat veriblər: “Daha sonra daxili işlər naziri Ramil Usubovla görüşdük. Görüşdə mən və Elşad iştirak edirdik. Nazirlə hərtərəfli söhbət etdik, bütün detallarla bağlı müzakirələr apardıq. Ramil Usubov dedi ki, arxayın olun, Mahirin tapılması üçün nə lazımdırsa, ediləcək. Ramil Usubov daha sonra müavini Zahid Dünyamalıyevi kabinetinə çağırdı və ona bu barədə tapşırıqlarını verdi. Qeyd etdi ki, Mahir Abdullayevin tapılması istiqamətində nə lazımdır edilsin və nəticəsi barədə ona məruzə olunsun. Sonra Zahid Dünyamalıyev bizi kabinetinə dəvət elədi və onunla da xeyli söhbətimiz oldu. Söhbət zamanı gördük ki, Zahid Dünyamalıyev bizimlə hədə-qorxu ilə danışır. O, bizə dedi ki, Mahirin itkin düşməsi barədə heç kimə heç bir söz deməyək. Əks təqdirdə Mahiri də, bizi də öldürə bilərlər. Biz də çox narahat idik və ona görə də xeyli müddət susduq və bu barədə heç yerdə danışmadıq”.

E. Abdullayev Arzu Kazımovu Rövşanə adlı bir xanımın vasitəsi ilə tanıdıqlarını deyib: “Arzu Kazımov Mahirin tapılması üçün Elşaddan dəfələrlə müxtəlif məbləğlərdə pul istəyib. Arzu Kazımovu pulun Zahid Dünyamalıyevə çatacağını deyirdi. Elşad ona bu işə görə ümumilikdə üç milyon dollar pul verib. Pulun müəyyən hissəsini verərkən mən də Elşadın yanında olmuşam. Bir dəfə Arzunun ofisinə pulu bir yerdə apardıq. Ora çatanda gördük ki, Zahid Dünyamalıyevin xidməti avtomobili də oradadır. Elşad ofisə girdi və pulu onlara verdi. Bu proses bir neçə dəfə davam etdi”.

E. Abdullayev deyib ki, sonuncu dəfə Elşad Abdullayevdən daha 10 milyon dollar istəyiblər: “Artıq bu zaman bomba partladı. Elşad dalaşıb, onları qovdu. Biz o zaman anladıq ki, necə təhlükəli bir oyuna düşmüşük. Mən bir prokurorluq işçisi anladım ki, biz adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəyə ilişmişik”.

Daha sonra prosesdə Rövşanə Əliyeva ifadə verib. O, qeyd edib ki, Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayevlə yaxın əlaqələri olub: “Məni bu oyuna Eldəniz salıb. O, mənə dedi ki, Arzu Kazımovla əlaqə qurmaq lazımdır. Dedi ki, Arzu Kazımov Naxçıvanda iki dəfə deputat seçilmiş adamdır və onun yüksək dairələrdə əlaqələri var, o bizə Mahirin tapılmasında köməklik edə bilər. Mən əlimdən gələn köməkliyi etdim. Lakin təəssüflər olsun ki, Elşad Abdullayev məni məhv elədi. Onun yaydığı video görüntülər ucbatından ailəm dağıldı. Qardaşım bir neçə ay əvvəl bu hadisələrə dözməyib öldü. Bu da mənim Elşada etdiyim yaxşılıqlarımın əvəzi!”

İfadə verən zaman R. Əliyevanın halı pisləşdiyi üçün məhkəmə prosesi iyulun 16-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.

Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A. Kazımovun qardaşı Nizami Kazımova məxsus «KNF İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.

Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət verməyə cəhd faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button