Emin Hüseynov sammitdə iştirak edib

Avropa İttifaqı Şurası prezidenti Herman Van Rampuy və Polşa baş naziri Doland Tuskun dəvəti ilə Avropa Birliyinə üzv ölkələrlə Şərq Tərəfdaşlıq proqramına daxil olan ölkələrin təmsilçiləri Varşavada ikigünlük sammitdə bir araya gəliblər. Sammitdə 6 tərəfdaş ölkədən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın dövlət başçıları, Belarusun Varşavadakı səfiri və Avropa İttifaqına üzv ölkələrin və Avropa Komissiyasının təmsilçiləri iştirak ediblər. 

Sentyabrın 29-da sammit çərçivəsində “Şərq Tərəfdaşlıq Konfransı: Demokratiya, tərəqqi və daha güclü vətəndaş cəmiyyətinin olduğu Avropa cəmiyyətinə doğru” adlı müşayiətedici tədbir keçirilib. Tədbirdə Şərq tərəfdaşlıq ölkələrinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı  Stefan Füle və digər qurumların nümayəndələri iştirak ediblər. 

Stefan Füle Avropa Birliyi ilə Şərq tərəfdaşları arasında “yeni, fərqli əlaqələrin” qurulduğunu qeyd edib. “Tərəfdaşların bəzilərinin Avropa Birliyinə qoşulma cəhdləri aydın görünür. Şərq Tərəfdaşlığı onların davamlı demokratiya və bazar iqtisadiyyatı qurmaq istiqamətində fəaliyyətini dəstəkləyir. Dərin islahatlar iqtisadi inteqrasiyanı və siyasi əlaqələri daha da yaxınlaşdırır,” – deyə Füle bildirib. 

Sikorski deyib ki, Polşa belaruslara Avropa xalqı kimi baxır və buna görə də, Polşa Belarus üçün ən səxavətli təkliflərin edilməsinə çalışacaq. “Lakin bu o zaman baş verəcək ki, Belarus həbsxanalarında müxalifətçilər yox, cinayətkarlar saxlansın. Belarus müxalifəti bizim tərəfdaşımızdır. Belarus xalqı, bizim qardaşlarımız, bizim avropalı qonşularımız əmin ola bilərlər ki, avtoritar idarəçiliyə alternativ var. Belarus vətəndaş cəmiyyəti nə qədər güclü olsa, bu alternativin həyata keçirilməsi o qədər asan mümkün olacaq.“ 

Avropa Parlamentinin rəhbəri Jerzi Buzek öz növbəsində, Şərq Tərəfdaşlığının uğur qazanmasında vətəndaş cəmiyyətinin fundamental rolu olduğunu bildirib. 

Tədbirdə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin müavini Nik Kleqqə çıxışlarında Belarusdakı icimai-siyasi durum tənqid olunduğu halda, Azərbaycana toxunulmamasının səbəbi barədə sual ünvanlayıblar. Baş nazir cavab verməkdən yayınaraq Azərbaycandakı durumu, xüsusilə Qarabağ münaqişəsini diqqət mərkəzində saxladıqlarını bildirib. 

Forumda Azərbaycan vətəndaş cəmiyyətini RATİ sədri Emin Hüseynov, Hacı İlqar İbrahimoğlu, Vüqar Bayramov, Qubad İbadoğlu və Sahib Məmmədov təmsil edib.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button