Ərdoğan məğlubiyyəti qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də ölkədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə istənilən nəticəni əldə edə bilməyini etiraf edib.

Seçki məntəqələrindən gələn protokolların 99.81 faizi işlənib.

Bələdiyyə seçkilərində ana müxalifət olan Xalq Cümhuriyyət Partiyası 37.74 faiz, hakim AKP isə 35.49 faiz səs toplayıb.

Müxalifət son onilliklərdə ilk dəfə olaraq bütün böyük şəhərlərdə, o cümlədən Adana, Ankara, Antalya, Bursa, İzmir və İstanbulda qalib gəlib.

“2023-cü ilin mayında keçirilən [parlament və prezident] seçkilərində qələbəmizdən doqquz ay sonra, təəssüf ki, yerli hakimiyyət seçkilərində istədiyimiz və gözlədiyimiz nəticəni əldə edə bilmədik”, – Türkiyə lideri Ankarada çıxışı zamanı deyib.

O, bunun onlar üçün “son deyil, dönüş nöqtəsinin başlanğıcı” olduğunu bildirib.

Ərdoğan seçkiləri demokratiyaya layiq adlandırıb. “Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı”, – prezident vurğulayıb.

+++

Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb.

“Reuters” yazır ki, bu seçkidə əsas hədəf prezident R.T.Ərdoğanın İstanbula nəzarəti rəqibi Əkrəm İmamoğludan geri almaq idi.

Səsvermə öncəsi təhlilçilər bildirirdilər ki, İmamoğlu İstanbuldakı hakimiyyətini qoruya bilsə, qarşıdakı 2028-ci il prezident seçkisində müxalifətin qalib olacağına dair böyük ümidlər yaranacaq.

+++

“Reuters” səsvermə zamanı üç adamın öldüyünü xəbər verir.

Yerli medianın yazdığına görə, Diyarbəkir vilayətində mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahla bir-birinə hücum ediblər. Bir nəfər ölüb, 11 nəfər yaralanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button