Faiq Ağayev və Roma Papası

“Xalq artisti” Novruz bayramı öncəsi insanları tutdurdu!

Artist evinin ağzına qədər gəlib döydüyü insanları yüksək çinli dövlət məmurlarının əli ilə tutdurdu!

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın “xalq artisti” Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar törətdikləri əməldən peşiman olduqlarını bildiriblər. Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Natəvan Şərifovanın öhdəsində iki azyaşlı uşaq olduğu üçün onun barəsində olan hökm övladları səkkiz yaşına çatana qədər təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Rüfət Məlikovun 9 il, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il sentyabrın 27-də, səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə “xalq artisti” Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F.Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcili olaraq xəstəxanaya yerləşdirilən artist Faiq Ağayev, onunla birgə olan Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.

Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.

Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

Yeri gəldi-gəlmədi humanizmdən danışan, insanlara olan məhəbbətindən bəhs edən Faiq Ağayev Novruz bayramı öncəsi insanları həbs etdirməyi necə özünə sığışdırıb, maraqlıdır. Onun bu əziz günlərdə tutdurduğu adamlar bəlkə də “xalq artisti”nin daimi dinləyiciləri olub. Dünyanın bir çox yerində belə hadisələr olur, məşhurları vurur, onlara sui-qəsd törədirlər. Amma sonda günahını başa düşən insanları əfv edir, onları bağışlayırlar. Hətta Roma Papası belə məşhur Əli Ağcanı bağışlamışdı. İndi bizim Faiq Ağayev Roma Papasından böyükmü oldu, görəsən? Həm də… Heç Roma Papası Əli Ağcanın arxasınca maşın sürüb onu qapısının ağzında tutub döyməmişdi. Faiq Ağayev insanların arxasınca onların qapılarının ağzına qədər gəlib, onları cangüdənləri ilə birlikdə döyüb, sonra da Daxili İşlər Nazirliyinin general poqonlularının yardımı ilə adamları tutdurub ədalətsiz Azərbaycan məhkəmələri tərəfindən də cəzalandırıb. Bunun harası “xalq artisti” oldu?!

Faiq də manıs tayfasının oliqarxlarındandır. Gün onun günüdür… Həm suçlu, həm də güclü…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button