Generalın məhkəmə işi:

Həqiqəti deməyə qorxurdum

Məhkəmə şahid ifadələri ilə davam edir

“Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri) 20 il həqiqəti deməyə qorxub. Mən də qorxmuşam”, – bunu sentyabrın 8-də general, Milli Qəhrəman Rövşən Əkbərovun məhkəməsində şahid Elman Ağayev deyib. O, generalın 20 il əvvəl Kiyevdə qətlə yetirdiyi iddia olunan Elçin Əliyevin qohumudur.

Generalın işinə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə baxılır.

Məhkəmədə öncə Respublika Mülki Müdafiə üzrə Qərərgah rəisinin müavini Elxan Cəbiyev dindirilib. O bildirib ki, 2001-ci il mayın sonlarında Kiyev şəhərində beynəlxalq tədbirdə iştirak edib. Həmin dövrdə Rövşən Əkbərov da orada təhsil alırdı. Şahidin sözlərinə görə, generalı ilk dəfə orada tədbirdə görüb: “Rövşən Əkbərov mənə yaxınlaşıb xahiş etdi ki, xidməti fəaliyyətinə aid sənədləri Bakıya aparıb çatdırım. Mayın 31-də generaldan bağlamanı aldım, sonra Bakıya gəldim”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da məhkəmədə dindirilib. O deyib ki, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıyıb, onunla dostluq edib, birgə biznesləri olub. 2001-ci il iyunun 1-də telefon zəngi ilə öyrənib ki, dostu qətlə yetirilib. Bunu eşidən kimi Elçin Əliyevin valideynlərinin yaşadığı evə gedib: “Elçin Əliyevin qətli ilə bağlı müxtəlif söz-söhbətlər gedirdi. Deyirdilər ki, Elçini Rövşən Əkbərov öldürüb. Nazim İbrahimov və Orucəli Hacıyev (hazırda Fövqəladə Hallar nazirinin müavini) də Rövşən Əkbərovun adını çəkirdilər. Qardaşım Musaxan da hadisəni Rövşənin törətdiyini dedi. Amma bu adamların üçü də bunu Məzahir Şıxəliyevdən eşitdiyini deyirdilər”.

Yunus Oğuz vurğulayıb ki, Elçin Əliyev sakit təbiətli, konfliktə meylli olmayan biri idi.

Şahid Elman Ağayev bildirib ki, hadisədən bir gün əvvəl Elçinlə telefonda danışmışdı. O söhbətdə Elçin Əliyev deyib ki, general qonağı var, onunla qonaqlığa gedir: “Ertəsi gün Elçinin qətlə yetirildiyini eşitdim. Elçinin valideynlərinin yaşadığı evə getdim. Orada meyiti gətirilməsi məsələsi müzakirə olunurdu. Orada gedən söhbətlərdən məlum oldu ki, Elçini general Rövşən Əkbərov öldürüb”.

Hadisədən bir müddət sonra mərhum Elçin Əliyevin anası Səmayə Əliyevanı Azərbaycanın Kiyevdəki səfirliyinin komendantı olmuş Qüdrət Əhmədovun Bakıdakı evinə apardığını deyən şahidin sözlərinə görə, orada da generalın adı çəkilib: “Orada rəhmətlik Qüdrət ağlaya-ağlaya dedi ki, Elçini Rövşən Əkbərov qətlə yetirib, amma bunu danışmağa qorxur. Həmişə Qüdrət Əhmədov da, Məzahir Şıxəliyev də bu qətli Rövşən Əkbərovun törətdiyini deyirdilər. Nazim İbrahimov da meyiti Bakıya gətirəndən sonra dedi ki, Kiyevdə olanda Rövşən Əkbərov onunla görüşüb, Elçini öldürdüyünü etiraf edib. Ukraynada yaşayan dost-tanışlar da eyni sözü deyirdi. Bunu hamı bilirdi – polis də, istintaq da, prokurorluq da…”

Rövşən Əkbərov şahiddən soruşub ki, əgər hadisəni onun törətdiyini bilirdisə, niyə indiyə qədər susurdu? O, suala cavabında qorxduğunu bildirib: “Nazim İbrahimov 20 il həqiqəti deməyə qorxub. Mən də qorxmuşam. Amma biz bilirik ki, siz əvvəlcə Məzahiri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra yumruqla vurmusuz. Daha sonra maşından kəsici alət götürüb, Elçini öldürmüsüz. Qüdrət də sizin yanınızda olub…”

Məhkəmə sentyabrın 15-də davam edəcək.

Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

O, özünü təqsirli bilmir. Hələlik məhkəmədə ifadə verməyən general ittihama münasibət bildirərkən orada yazılanları “film ssenarisi” adlandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button