Gördüm ki, acından ölürəm!..

Əmirxan İsmayılov:  «Bütün Azərbaycan ictimaiyyətinə, siyasi partiya rəhbərlərinə, YAP-ın İcra katibi Əli Əhmədova, prezident İlham Əlyievə müraciət edirəm ki, 20 ildir 18 nəfərdən ibarət ailəm Azərbaycanın dövlət büdcəsindən bir qəpik də olsun bəhrələnməyib…»

Necə oldu ki, Kəmaləddin Heydərov tək əlində həm gömrüyü saxlayır, həm fövqəladə halları, həm də digər monopoliyaları…, o qədər əvəzolunmaz adamdır?!..

 Əmirxan İsmayılov Milli Azadlıq Hərəkatının önəmli simalarından biridir. Azadlıq qığılcımlarının alovlandığı illərdə ilk gündən bu alovun üzərinə özünü atanlardan olu. AXC Müdafiə Komitəsində Şirvan zonası üzrə əlaqələndirici, AXC-də Ümumi Şöbənin baş təlimatçısı, Azərbaycan Müdafiə Şurasında Tahir Əliyevin müavini olub. Bütün kritik mərhələlərdə millətin vurucu güclərindən biri olub. Başı olmazın bəlalar çəkib. Hələ sovet imperiyasının yaşadığı o mənhus illərdə yaşadığ Şamaxı şəhərindən repressiya olunub. Yaşadığı doğma şəhərini tərk etməli olub.

Əmirxan müəllim uzun və mənalı bu illər boyu maraqlıdır ki, bir dəfə də mətbuata danışmayıb. Xüsusilə, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra bir çox hərəkatçılar kimi olmazın işgəncələrə məruz qalıb. Onu elə günə salıblar ki, başını götürüb ölkədən qaçıb. Rusiyanın Moskva şəhərində yaşayır və orada fəaliyyət göstərir.

Uzun illərdir insan hüquqları sahəsində fəaliyyət göstərən Əmirxan İsmayılov qonağımızdır. Bu fədakar, cəfakeş, milli mənafelər uğrunda yorulmaz mübarizə aparan millət oğlunu sən də tanı, Əziz «Xural» Oxucusu…

Əmirxan İsmayılovla söhbətə 1980-ci illərin əvvəllərindən körpü salırıq… KQB-nin başına açdığı oyunlardan danışır…

 

Əvvəli ötən saylarımızda

 

– Hakimiyyətdən gedəndən sonra bu qərarı verdiniz?

– Evimi əlimdən alandan sonra gördüm ki, acından ölürəm, ailəmi götürüb Moskvaya gedəsi oldum. Maşınımı – bir köhnə 07 avtomobilim var idi, satdım. Bir müddət o pulla dolandıq. Sonra yaxın dostlarımdan biri mənə sahib çıxdı. Özümə iş qurmaq üçün mənə yardımçı oldu? İndi iki oğlum, iki qızım var – hamısının da işi var. Öz işim də var. Səfirliklə əlaqəli işlərim çoxdur.

İnsan Hüquqları Komitəsi vasitəsilə?

– Hə, əsas fəaliyyətim elə odur. Burada bir çox problemlərlə qarşılaşıram. Bir il bundan əvvəl mənə xəbər çatdı ki, bir azərbaycanlının əli ilə bir erməni polis polkovniki imkanlı azərbaycanlıları götürüb aparır, özünün şəxsi zirzəmisində saxlayır, əlindən bütün var-dövlətini alıb buraxır. Tutulanlarla söhbət elədim. Məlum oldu ki, onları «anaşa çəkirsiniz» bəhanəsi ilə həbs ediblər. Yazıqları o ki var döyüblər və hərəsindən 400 min rubl pul istəiyblərt- bizim pula çevirəndə 16-17 min manat edir. İşlədikləri bazarın müdirinə zəng vurub deyirlər ki, bizə pul çatdır, yoxsa gedirik. O da gətirib 800 min rublu verəndə erməni-polkovniki görüb. Bunları buraxandan sonra səhəri gün bunlardan birini yenidən götüzdürüb, soruşub ki, sizə pul gətirən adam kimdir? Bu da bilərəkdən, ya bilməyərəkdən deyib ki, filan bazar bu adamındır. Başlayıblar onu işləməyə. Yazıq maşınına oturanda qollarına qandal vurublar.

– O da azərbaycanlıdır?

– Azərbaycanlıdır. Bunların hamısını o duruma salan da azərbaycanlıdır. Hansı ki bazarda eroin alveri edir. Görünür, bunların danışıqları elə olub ki, sən 3-5 aydan bir bizə yaxşı bir iş ver, sənə də dəyməyək, alverini elə. Fakt elədir və bu saat məhkəmə gedir. Əvvəlcə 1 milyon dollar bazarkomdan pul istəyirlər. Qardaşı zəng vurub dedi ki, A-nı apardılar. Biz əvvəldən onları hara apardıqlarını bilirdik, hər şeydən artıq xəbərimiz vardı. Bu, onların gizli yerləridir – orada adamlara işgəncə verib pullarını alır, sonra buraxırlar. Nəhayət, əməliyyat keçirilməsi üçün razılaşdıq və əməliyyat zamanı 6 nəfər tutuldu. Erməni polkovniki aradan çıxdı. Onu heç cür tuta bilmədilər – Kazaryan Artur. Ay yarımdır məhkəmə gedir. A da pulsuz-parasız canını qurtardı. Sadəcə o qədər döyüb ac saxlamışdılar ki, ay yarım xəstəxanada yatdı. Bu haqda Rusiya televiziyaları xəbər verdilər.

Bir ay bundan əvvəl Bakıya dincəlməyə gəlmişəm. Həyat yoldaşımla mən. 4 övladım ailələri ilə birlikdə Moskvada qalıb. 8 nəvəm Moskvada anadan olub. Bu dövlət bir övladıma bir manat nə müavinət verib, nə də yardım. Atalarının halal pulu ilə dolanıblar. Mən də bu dövlətin vətəndaşıyam. Mənim də haqqım çatır ki, bu dövlətin pulundan ailəm bəhrələnsin. Amma bir qəpik görməmişəm. Bütün Azərbaycan ictimaiyyətinə, siyasi partiya rəhbərlərinə, YAP-ın İcra katibi Əli Əhmədova, prezident İlham Əlyievə müraciət edirəm ki, 20 ildir 18 nəfərdən ibarət ailəm Azərbaycanın dövlət büdcəsindən bir qəpik də olsun bəhrələnməyib. Araşdırsınlar, əgər dediklərim həqiqət deyilsə, tam məsuliyyətlə cavab verməyə hazıram. Amma mən də istərdim ki, sonadək Vətənimə, dövlətimə xidmət edəm. Mən bir idmançıyam. Necə oldu ki, Kəmaləddin Heydərov tək əlində həm gömrüyü saxlayır, həm fövqəladə halları, həm də digər monopoliyaları. O qədər əvəzolunmaz adamdır? Bir nəfərə nə qədər iş tapşırarlar? Mənə bu ölkədə tapşırılacaq bir iş yoxdur, bəyəm? Ailə üzvlərimizin hamısı ali təhsillidir, diplomları bükülü şkafın üstündə toz basır. Onda bu qədər çaba sərf etməyin nə mənası var idi? Bundan sonra nə qədər qürbətdə yaşamalıyam ki? İndi 60 yaşım var. Nə ömrüm qalıb ki, bundan sonra? Nə qalıbsa, dövlətimə xidmət etmək istəyirəm. Elə bilirsiniz ki, Rusiyada yaşayan azərbaycanlılar hər şeydən razıdırlar? Xeyr. Hamı bir yolla Vətənə qayıtmaq istəyir. Təsəvvür edin, min zəhmət bahasına qazandıqları pulu güc strukturlarının əməkdaşları heç bir qeydiyyat aparmadan həbs edib əllərindən alırlar. Bir dəfə belə bir hadisə oldu. Moskvanın 51-ci polis bölməsinə gedib həbs olunan azərbaycanlılar haqqında məlumat əldə etmək üçün qeydiyyat kitabını istədim. Təsəvvür edirsinizmi, onlar həbs etdikləri azərbaycanlılardan min bir yolla rüşvət tələb edirlər ki, əl çəksinlər. Yoxsa həbsdə işgəncə verəcəkləri ilə hədələyirlər, əslində isə polis bölməsinin qeydiyyat kitabına adlarını belə yazmırlar. Mən bunu təsbit edəndən sonra məhkəməyə müraciət edəcəyimi bildirdim. Ondan sonra üzr istəyib həmin adamları azad etdilər. Biz nə istəyirdik ki? Ordumuzun, gerbimizin, sərhədlərimizin, müstəqil dövlətimizin olmasını istəyirdik. Kim istəyər ki, kökündən ayrılıb bir parça çörək üçün Rusiyanın küçələrinə düşsün? Qürbətdə nə qədər firavan ömür sürsən də, yenə insanı Vətən özünə çəkir. Böyük qardaşım, anam deyirdi ki, bala, özünə də, mənə də yazığın gəlsin, səni öldürəcəklər. Şamaxıda hərəkatın bütün işlərini mən aparırdım. Bütün təşkilat işlərinə mən baxırdım. Keçən ilin avqustunda qardaşımın yoldaşı mənə zəng vurub dedi k, Fəxrini apardılar. Soruşdum, kim? Dedi, vallah, bilmirəm. Deyəsən, o uşaqları aparan apardı. İçəridən zəng vurub deyib ki, 50 min pul istəyiblər, buraxmaq üçün. Pul da yoxdur.

– Fəxri qardaşınızdır?

– Kiçik qardaşımdır. Bunu da güdaza verən adam həmin bu gəncəli A-dır. Evlərinə getdim, elə bil hüzürdür. Hamı qəmə batıb. İçəridən zəng vurub xəbərdarlıq edib ki, indi A. yanınıza gələcək, nə desə eləyin. Demək, əvvəlcə onu tutdurub sonra da pul almaq üçün özü araya girib. Qardaşım deyib ki, məni zirzəmiyə salıblar, amma hansı zirzəmiyə, deyə bilməyib. Buna baxmayaraq, həmin yerə gəlib, özü də deyib ki, narahat olma, bu adamları tanıyıram, onlarla danışaram. Onlarla danışandan sonra 50 min pul istəyib. Qardaşım da deyib ki, məndə o qədər pul nə gəzir? Bu A. da erməni Kazaryana məlumat verib ki, qardaşı – yəni mən milyarderəm, iki univermağım var. A. zirzəmidə olanda qardaşımın üzünə sadalayıb bütün bunları. 50 min verməyə gəlincə isə, «maşınınızın birini satsanız, bəsdir» deyib. Arif guya qiyməti 30 minə salıb, mənə də bunu dedi. Dərhal 10 mini tələb etdi ki, qardaşımı buraxsınlar, qalan 20 mini də üç gündən sonra verməliyik. 10 min verdim. Guya bu pulu da Domodedovo metrostansiyasında həmin adamlara çatdırmalıdırlar. Mənə dedilər ki, sən getməməlisən. Qardaşımın oğlu ilə yoldaşı bu pulu götürüb apardılar. Qardaşımı buraxan günün səhəri getdik prokurorluğa, oradan bizə dedilər ki, bu polis işi deyil, mütləq USB – Upravlenie Sobstvennoy Bezopasnosti – Xüsusi Təhlükəsizlik İdarəsi olmalıdır. Oradan bir podpolkovnik çağırdılar, elə o dəqiqə dedi ki, «eto delo Artura». O da rayonun narkobiznesə qarşı mübarizə idarəsinin rəisi imiş. XTİ dedi ki, bu qrup işidir, həmin qrupu nə vaxtdır ki, axtarırlar. Bu işə FSB-də qoşulmalıdır. FSB ilə USB-nin hərəsindən 6 nəfər qardaşımgilə gəldilər. Təlimatlandırdılar. Mən tərcüməçi idim. Bütün danışıqlar da yazılır. Hər ikisinin yaxasına «juçok» vurublar. Böyük bir əməliyyat oldu. Bütün qrupu həbs etdilər.

– Demək, bizim azərbaycanlılar ermənilərlə birgə işbirliyinə giriblər?

– Cinayətkarın milliyyəti olmur ki? Hər ikisi eyni amala qulluq edən adam olub, bu amal da onları birləşdirib. Təsəvvür edin. Bəlamıza baxın bir. Hazırda məhkəmə gedir, ona görə adlarını tam deyə bilmirəm. Bu gün məhkəmə gedir. Bir ildir içəridə «yatırlar». Vəziyyət bu gün də gərgindir. Uşaqlarını Bakıya göndərib ki, xətər dəyməsin. Qorxur. Bir oğlu yanındadır, polis akademiyasında oxuyur, qurtarmaq üzrədir. Yarımçıq çıxarmaq istəmir. Amma çox narahatdır, bilir ki, bayırda olan adamları mütləq onu tapıb nəsə eləyəcəklər. Nə qədər ehtiyatlı olsa da, belə şeydən sığorta yoxdur. Mənim də ordum, silahım, əlimdə elə bir səlahiyyətim yoxdur. Bir şey yaxşıdır ki, Rusiyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara, təşkilat rəhbərlərinə çox böyük hörmət edirlər.

 Sonu gələn sayımızda

 Hazırladı:

XuralTAC

  Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button