Gürcüstan hökuməti prezidentin Litva səfərinə icazə verməyib

Gürcüstan hökuməti ölkə prezidenti Salome Zurabişvilinin Vilnüsə işçi səfərinə icazə verməyib.

Bu barədə məlumat aprelin 4-də Nazirlər Kabinetinin saytında yerləşdirilib. Prezidentin icazə müraciətinə niyə rədd cavabı verilməsinin səbəbləri açıqlanmır.

Zurabişvili Vilnüsə işçi səfərini 10-12 aprel tarixlərinə planlaşdırmışdı.

Prezident ona icazə verilməməsinə rəğmən Litvaya səfər edib-etməyəcəyinə dair hələ ki heç nə deməyib.

Bununla belə Interfax agentliyi hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxi Kaladzenin sözlərini sitat gətirib.

Kaladze deyib ki, Zurabişvili ölkənin inkişafına mane olur. O habelə iddia edib ki, prezident “ölkənin açıq-aşkar düşməni olan radikal müxalifət qüvvələrini” ətrafına toplayıb.

Gürcüstan hökumətinin bu son qərarı hakim partiya siyasətçiləri ilə dövlət başçısı arasında olan dərin ixtilafı bir daha nümayiş etdirib.

Ötən payızda qərbyönlü və ukraynayönlü baxışlarına görə Zurabişvilinin populyarlığının sürətlə yüksəldiyi bir vaxtda hakimiyyət partiyası parlamentdə onun impiçmenti məsələsini qaldırmışdı.

Prezidenti 2023-cü ildə hökumətin razılığı olmadan bir neçə xarici səfərə çıxdığına görə ittiham edirdilər.

Amma son nəticədə iqtidar partiyasının impiçment təşəbbüsü iflasa uğramışdı. “Gürcü arzusu” partiyası başqa deputatlardan dəstək ala bilməmişdi.

O vaxt AzadlıqRadiosuna müsahibəsində Salome Zurabişvili demişdi ki, hakim partiya “demokratiyanı və Gürcüstanın Avropa gələcəyini məhv etmək istəyir”.

Gürcüstan hökuməti Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra da Qərblə yaxınlaşma kursunu davam etdirir, amma eyni zamanda Moskva ilə də münasibətlərini korlamamağa çalışır.

Daha rusiyayönlü mövqe tutan “Gürcü arzusu” hökuməti Moskvanın Ukraynaya müdaxiləsini pisləsə də, Rusiyaya qarşı sanksiyalar irəli sürməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button