İranın cənubunda baş vermiş toqquşmalarda çox sayda ölən olduğu xəbər verilir

İranın Sistan-Bəlucistan ostanında hökumət qüvvələri ilə Ceyş əl-Ədl silahlıları arasında toqquşmalarda 20-dən çox zabit və yaraqlı həlak olub.

Ceyş əl-Ədl İranda, habelə ABŞ da daxil bir neçə Qərb ölkələrində terrorçu təşkilat kimi tanınıb.

Reuters agentliyinin yazdığına görə hüquq-mühafizə rəsmiləri yerli mediaya Rask, Sərbaz və Çabahar şəhərlərində 14 saat davam edən döyüşdə 11 hökumət hərbçisinin və 18 silahlının həlak olduğunu bildiriblər.

İranın Daxili İşlər Nazirliyi bu məlumatı təsdiq edib və bildirib ki, hər iki tərəfdən ölü sayı hələ arta bilər.

Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələrinin komandanı Əlirza Dəliri deyib ki, toqquşmadan əvvəl girov götürülənlər olub, amma hadisə hücum edənlərin məhv edilməsi ilə başa çatıb.

Reuters yazır ki, həmin hadisədə ölənlərin hüquq-mühafizə orqanlarının verdiyi ölü sayına daxil olub-olmadığı məlum deyil.

İranda bəluc etnik azlığına daha geniş muxtariyyət verilməsi uğrunda döyüşən Ceyş əl-Ədl əsasən İranda və bəzi məlumatlara görə qonşu Pakistanda fəaliyyət göstərir.

Təhlükəsizlik orqanlarının məlumatına görə İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) və yerli polis qüvvələrinin Rask və Çabahardakı bazalarına hücum nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı həlak olub.

IRNA agentliyi xəbər verir ki, hökumət qüvvələrinin verdiyi itkilər arasında bir əsgər, bir İİKK, bir Bəsic üzvü və iki polis var.

İİKK quru qoşunları komandanı Məhəmməd Pakpur deyib ki, hücum edənlər eyni vaxtda bir neçə məntəqəni hədəfləyiblər.

Bundan əvvəl, yanvarın 20-də Rask polis məntəqəsinə hücuma görə də məsuliyyəti öz üzərinə Ceyş əl-Ədl götürmüşdü.

Şiə ölkəsi olan İranda bəluclar sünni azlığı təmsil edirlər və onlar uzun müddət hakimiyyət orqanlarının zorakılıq və diskriminasiyası ilə üzləşiblər.

Bu da xəbər verilir ki, Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə həm də Əfqanıstandan Qərbə nəql olunan narkotiklərin əsas marşrutu sayılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button