Həbsdə olan nazir müavini: “Tək yeməmişəm…”

Zakir Sultanov, milyonları mənimsədiyini təsdiqləyir, amma “tək yemədiyini” deyir.

Mədəniyyət Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə, dövlət ittihamçısı Vüsal Mehrəliyev, ittiham aktını elan edib. İttihama görə, Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekanstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Hakim, təqsirləndirilən şəxsdən ittihamın mahiyyətinin aydın olub-olmadığını, özünü, elan olunan ittiham üzrə təqsirli bilib-bilmədiyini  soruşub. Zakir Sultanov, “ittihamın mahiyyəti aydındır, qismən təqsirli bilirəm”deyə cavab verib. Məhkəməyə sədrlik edən hakim, Sultanova istintaq zamanı, özünü  tam təqsirli bildiyini xatırladıb.  Keçmiş xidmət rəisi isə istintaq zamanı da özünü qismən təqsirli bildiyini, bəlkə də, səhvən tam təqsirli yazıldığını bildirib.

Hakim, Sultanova ifadə verməyi təklif edib. Təqsirləndirilən şəxs əvvəlcə, Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün 2 milyon 400 min manat vəsaitin 300 min manatının mənimsənilməsi ilə bağlı danışıb. Sitat: “Orada bəzi başqa məsələlər var. Həmin 300 min manatın hamısını özümə götürməmişəm. Düzdür, o vəsaitin müəyyən hissəsindən mənə də çatıb. Amma hamısını cibimə qoyub xərcləməmişəm. İnşaatda görsənməyən xərclər, vəsaitlər var. Görünməyən və rəsmiləşdirilməyən xərclərə, abadlıq işlərinə, parkların salınmasına sərf olunub”.

Lənkəran rayonundakı tarixi abidənin bərpası üçün ayrılan 1 milyon 400 min manat məbləğin 200 min manatının  mənimsənilməsi ilə bağlı ifadə verərkən isə, bu  məbləğin, “Elmi-Bərpa İstehsalat” MMC-nin direktoru Mətləb Məmmədova məxsus  şirkətə ayrıldığını deyib.  Bildirib ki, tikinti, təmir bərpa işlərini Mətləb Məmmədovun şirkəti həyata keçirib.  Rəsulzadə qəsəbəsindəki musiqi məktəbinin, Maqamayev adına 26 saylı musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılıb. Hakim, Sultanovdan hadisənin mexanizmini danışmağını, pulu, kimin, necə gətirdiyini izah etməyini tələb edib. Sultanov deyib ki, sitat: “Müqavilə bağlanıb. Mənimsəmə olub. Layihə smeta sənədləri var. Bütün epizodlar eyni sxem üzrə olub”. Sultanov ifadəsində bu cür layihələrin rəsmi qurumlardan keçməsi üçün “rüsumlar”, ödənilməli olduğunu da vurğulayıb. Prosesdə məlum olub ki, göstərilən epizodlar üzrə pullar, Elmar Məmmədov adlı şəxs vasitəsi ilə nağdlaşdırılıb. Cinayət işində digər epizod isə, Maştağa qəsəbəsindəki  mədəniyyət mərkəzinin abadlaşdırılması üçün layihədir. İstintaq materiallarında qeyd edilib ki, layihə başa çatmadığı halda, işin tam görülüb başa çatdırıldığı haqda akt tərtib edilib. Sultanov, bu məsələyə, maraqlı əsaslandırma verib. Sitat: “İlin sonuna yaxın Maliyyə Nazirliyi tərəfindən xəbərdarlıq gəldi ki, ayrılan vəsaitlərin, görülən işlərin hesabatı verilsin. Əgər həmin işlərin başa çatması göstərilməsəydi, növbəti ildə, Maliyyə Nazirliyi pul ayırmayacaqdı”.

Daha sonra, Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı ifadə verən Zakir Sultanov deyib. Sitat: “Baş podratçı və subpodratçı şirkət arasında müqavilə oldu. Subpodratçı, İtaliya şirkəti idi. Layihə, 2 ilə nəzərdə tutulsa da, 4 ilə qədər uzandı. Buna  devalvasiya səbəb oldu. Bu layihənin başa çatması çox vacib idi. İtalyan şirkəti, məndən  300 min avro aldı. O məbləği borc alıb vermişdim. Abyekt açılmalı idi, açılış olmalı idi.  Bu layihənin tamamlanmasına 1 milyon manatdan çox, pul xərcləmişəm. Bunu təsdiq edəcək şahidlər də var”.

Zakir Sultanov, internet xərcləri üçün ayrılmış 950 min manatın mənimsənilməsi epizodu haqda belə deyib. Sitat: “Müstəntiqə də dedim, dedim ayıbdır, o rəqəmlərin yanında bu rəqəmi yazmaq. Xidmətin saytının yığılması üçün vəsait ayrılmışdı. Həmin istiqamətdə iş görülürdü. Bu məbləğ də oradan götürülüb”. Məhkəmə prosesi , avqustun 20-də davam edəcək.

Xatırladaq ki, Zakir Sultanov, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını-5 milyon manata yaxın vəsaiti (4 milyon manat nəğd, qalanı mal-mülk qismində) ödəyib. Bununla belə, ötən hazırlıq iclasında onun ev dustaqlığına buraxılması barədə xahişi, rədd edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button