Həbsdə olan OMON-çuların şikayətlərini Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürdü

521886_567506696621593_1431358152_n02.08.2013

1996-cı ildə OMON hadisələrinə görə ömürlük həbs olunan Arif Kazımov, Səfa Poladov və Elçin Əmiraslanovun şikayətlərini Avropa İnsan Hüquqları Məhkəməsi icraata qəbul edib.

Bu haqda məlumatı vəkil Elçin Sadıqov paylaşıb.

Xatırladaq ki, keçmiş Qazax OMON-unun komandiri Elçin Əmiraslanov,  sıravi polislər Arif Kazımov və Səfa Poladovla bağlı Avropa Şurasının tövsiyəsi ilə 2004-cü ildə təkrar məhkəmə prosesi keçirilib. Həmin prosesdə E.Əmiraslanov ifadə verərək A.Kazımov və S.Poladovun günahsız olduğunu bildirib və onların buraxılmasını hakimdən xahiş edib. Prosesdə həmçinin 1996-cı il Qazax hadisələri zamanı həlak olan şəxslərin yaxınları ifadə verərək adları çəkilən şəxslərin haqsız yerə cəza çəkdiklərini bildiriblər.

Həm A.Kazımov, həm S.Poladov 12 ildir ki, namaz qılır, ibadətlə məşğul olurlar. Hər iki şəxsin yaxınları ölkə rəhbərliyinə, Əfv Komissiyasına, Milli Məclisin üzvlərinə, aidiyyəti qurumlara müraciət ünvanlayıblar. Bir neçə instansiyadan müraciətlərə baxılacağı ilə bağlı cavablar verilsə də, onların əfv fərmanı ilə azadlığa buraxılma ehtimalı dəfələrləözünü doğrultmayıb.  Onu da qeyd edək ki, hələ 2009-cu ildə hər iki məhbusdan əfv ərizəsi alınıb.

2 ay əvvəl isə səhhəti ağırlaşan Arif Kazımov və Səfa Poladov ölkə başçısına yenidən müraciət ediblər: «1996-cı ildə bizə verilən ölüm cəzası 1998-ci ildə ömürlük həbslə əvəz olunub. Biz Qarabağda gedən döyüşlərdə iştirak edib və sülh sazişi bağlanana qədər cəbhə bölgəsində qulluq etmişik. Hər ikimiz Ermənistan ərazisində 17 məxfi əməliyyat keçirmişik. Qeyd edək ki, bu 17 əməliyyatın hamısından ölkə rəhbərliyinin də xəbəri olub və əməliyyatlar uğurlu keçib. Hər ikimiz və valideynlərimiz əfvlə bağlı müraciətlər etsək də, verilən əvf fərmanlarının heç biri bizə şamil olunmayıb. Hər ikimizin kifayət qədər ciddi xəstəlikləri var və hər ikimizə cərrahi müdaxilə olunub. Hazırda səhhətimiz qənaətbəxş deyil. Bundan əlavə olaraq bildiririk ki, həbsdə olduğumuz müddətdə biz valideynlərimizi itirmişik. Belə ki, Səfa Poladov anasını, Arif Kazımov isə atasını itirib. Bir məsələni də xüsusilə vurğulamaq istərdik ki, bizə qarşı irəli sürülən ittihamlar Rəhim Qazıyev, Ələkrəm Hümmətov, Sürət Hüseynov, İsgəndər Həmidov və digərlərinin ittihamlarından ağır deyil. Lakin adlarını sadaladığımız insanlar azadlıqda olduqları halda, biz iki döyüşçünün həbsdə olması anlaşılan deyil. Eyni zamanda OMON-un komandiri əfv edilərək azadlıqda olduğu halda OMON-un əsgərlərinin həbsdə olması heç bir məntiqə sığmır.

Cənab Prezident! Sizə müraciət etməkdə məqsədimiz yuxarıda sadalananları nəzərə alaraq bizi əfv etməyinizi xahiş etməkdir. Xahişimizin nəzərə alınacağına ümid edirik».

Onların vəkili Elçin Sadıqov da öz növbəsində bildirib ki, «Hər üç şəxs cəmiyyət üçün təhlükəli deyillər. 17 il həddindən artıq uzun müddətdir. Onlar xəstəlikdən əziyyət çəkir, öz canlarının hayındadırlar. Əgər bunları buraxmayacaqdılarsa, birdəfəlik ölüm hökmü tətbiq olunardı. Onlar kifayət qədər cəza çəkiblər. Elə məqam çatıb ki, hökumət bir addım atsın. Onlar xəstədirlər, özlərini yaxşı hiss etmirlər, ağrıyırlar. Ömürlük cəza o demək deyil ki, ölənə qədər həbsdə saxlanılsın. Əgər bu illər ərzində onlar qaydaları pozmayıbsa, azadlığa çıxa bilərlər».

A.Kazımovun anası Tükəzban Kazımova ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etdi: «Onlara yalvarıram, bizə kömək etsinlər. Bizim arxamızda duran kimsəmiz yoxdur. Bizə yazıqları gəlsin. Onları azadlığa buraxsınlar. Heç olmasa müddətli işlə əvəzləsin. Bilərik ki, nə vaxtsa çıxacaqlar. Artıq taqətimiz qalmayıb. Haqlı-haqsız onlara cəza verdilər. Əsas günahkarlar azadlıqda gəzir, bizim uşaqlar qalıb içəridə zülm çəkirlər. Onlardan xahiş edirik ki, bizim balalarımıza kömək olsunlar. Gənc yaşlarından bu işə düşdülər. Arifin həbs olunanda 19 yaşı vardı. İndi 38 yaşı var».

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button