Hamının qırmızı xətti!

Əvəz Zeynallı

 Hərə öz payını götürüb…

 Gecə saat 03.00-05.00-da evə getməyə macal tapıram. Səhər saat 09.00 radələrində işdə oluram. Dünən də elə bir gün  yaşadım. Saat 11.00-da qəzetlərə göz atandan sonra 11.30-da RATİ-yə yollandım. Orada saat 12.00-da Redaktorlar Birliyinin iclası vardı. Təxminən 1 saat yarım iclas davam elədi. İclasdan həmən sonra Aydın Canıyevin həbsi ilə bağlı «Obyektiv» TV-yə müsahibə verdim. Aydın Canıyevi «Xural»dakı yazılarına görə həbs ediblər və şərlə içəri atıblar. Üstəlik, bizi də işə qarışdırıblar. Biz də müdəfiə işində iştirak edirik. Aydını Şeyx Allahşükür Paşazadə həzrətləri tutdurub və o da çıxartmalıdır. Çıxarmasa nə olacaq? Heç nə! Aydın Canıyev bir müddət yatıb çıxacaq və Şeyxi onun əlindən alan olmayacaq!

«Obyektiv» TV-dən sonra «Amerikanın səsi» radiosuna müsahibə verdim və sonra əziz bir dostla görüşə getdim. Biz saat 15.00- da görüşdük və 16.30-da mən «Azadlıq» radiosunun canlı yayınına çatmaq üçün görüşümüzü bitirmək zorunda qaldım. Müsbət  enerji alaraq «Azadlıq» radiosuna getdim. Orada  Mətbuat Şurasının aldığı skandal qərarı müzakirə edirdik. Maraqlıdır ki, burada Emin Hüseynovla Rəşad Məcidin boynuna qoya bilmədik ki, Mətbuat Şurasının tərkibində Reket jurnalistikasına qarşı mübarizə komissiyası var. Bir saatlıq müzakirədən sonra bir şey məlum oldu ki, sən demə, Mətbuat Şurası RATİ-nin direktoru Emin Hüseynovu ona görə pis qarşılayıb ki, o, ayaqlarını ayaqlarının üstünə atıb oturub.

«Azadlıq»a gedərkən xuralçılar mənə Bəxtiyar Sadıqovun lent.az-da verdiyi müsahibəni oxudular. Orada Bəxtiyar Sadıqov Vüsalə Mahirqızının tərbiyəsinə uyğun olaraq danışmış, Vüsalə də mənim mövqeyim olmadan həmin şər müsahibəsini dərc etmişdi. Mən radiodakı çıxışımda o məsələyə toxundum və Rəşad Məciddən münasibət öyrəndim. Rəşad Məcid oxumadığını dedi. Üzərinə getdim. Radio Bəxtiyar Sadıqovun axtarışına çıxdı. Bəxtiyar Sadıqov həzrətləri telefonun dəstəyini qaldırmadı. Adam, dediklərinin arxasında dayana bilirsənsə, niyə telefonu götürmürsən? Niyə qaçırsan? Niyə yaşına-başına uyğun danışmırsan? Axı Vüsalə Mahirqızının atası yaşda bir insansan?!
Belə olarmı?!

«Azadlıq»dakı proqramdan sonra «Kanal 13»dəki tədbirə çatdıra bildim özümü. Aynur İmranovanın proqramında Müşfiq Ələsgərli gəlmişdi. Onu veriblər qabağa. Günlərinə bax. Burada da bir sürü təzad…

Bir tərəfdə Əflatun Amaşov deyir ki, bir işdi etmişik, geriyə yol yoxdur. Elə bil Vətən müharibəsinə giriblər. Elə bil düşmən cəbhəsindədirlər.

Rəşad Məcid deyir ki, Əvəz Zeynallı yaxşı oğlandır, «Xural» da ciddi qəzet, amma son bir həftədə birdən-birə 6 şikayət daxil oldu. Bəxtiyar Sadıqov deyir ki, «Xural» haqqında çoxdan belə qərar çıxmalı idi. Onlar nəfslərinin qurbanı olub, sifarişlə yazı
yazıblar. İndi «yalançının lap…» deyəcəyəm, yenə Bəxtiyar Sadıqov bu yaşında Vüsalənin qapısında qalacaq… Yunus Oğuza möhtac olacaq, Aydın Quliyevin qapısının kandarında qəbul gözləyəcək… Ona görə də demirəm və çox hörmətli Bəxtiyar Sadıqova təmkin və dözüm arzulayıram. Hələ bu harasıdır, ay Bəxtiyar müəllim, ay saqqalı ağarmış…

Müşfiq Ələsgərli isə lap gülü gözündən vurur. O deyir ki, «Xural»a qarşı şikayətlər iki aydır gəlməyə davam edir. Əslində, Müşfiq müəllimin dediyi doğrudur, çünki təxminən 2 aydır ki, Qaragilə hərəkətə keçib və bunu mən bilirəm…

Hə… bu iş gününün sonunda təxminən 21.00-da redaksiyaya gəlirəm, yazılara baxıram və özümün köşəmi yazıram. Saat 00.44-dür. Hələ 2 saat da buradayıq. Niyə yazıram bütün bunları? Ona görə ki, yazılan xeyli yazı və köşələr var. Onların hamısında xeyli ittiham və iddia. Bunlarda yanlış olar, sonra düzəldərik, amma mən oturub saat 21.00-da bütün 16 səhifəni oxuya bilmərəm Ki? Yəni sözün azad olduğu yerdə qanunlar işləməlidir, Mətbuat Şurası yox! Sözü olan varsa, buyursun! Bu qədər narahat olduqlarının da səbəbini bilirəm. Mən hamının bir qırmızı xəttinin olduğunu yazmışdım. Baxın, qırmızı xətti olanların hamısı hərəkətdədir. Qırmızı xətlərini keçəcəyimi elan etdiklərimin hamısı hərəkətə keçib – Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Yunus Oğuz və Aydın Quliyev… Hamı bir paraqrafdan özünü necə də tanıyıb!.. Tələsməyin, dostlar, hələ nə var ki?!

 “Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button