Haramzadalar ordusu

Nurəddin Xoca

Haramzada – ləzzətlə haram yeyib üstündən utanmadan hortultu ilə su içən adam…

Korrupsiya, rüşvət, nə bilim daha hansısa natəmiz əməllərin əslində bizim dildə bir sərrast adı var. Babalarımız deyəsən heç fikirləşmədən bu adı tapıb qoyublar. Təbii olaraq yazımın başlığında oxuduğunuz “haramzada” sözüdür bu ad. Yəni haram yeyənlər. Mən biləni heç kim mübahisə etməz. Çünki zəhmətsiz qazanılan pul haram puldur və onu yeyən də haramzadadır. Bizdə elə bil bu haramzadalara qarşı bir adətkarlıq yaranıb. Görürük bizi aldadırlar, halal pulumuzu alırlar, sakitcə veririk. Bu hər yerdə bizdən alınan rüşvət deyil, bu, bizlərdən vergi şəklində yığılıb sonra da yol salmaq, binaları üzləmək, bağ təmir etmək və i. və s. adlar altında büdcədən talanan pullar da deyil. Bu, böyük əksərriyyətin hər gün qarşılaşdığı bir haramzadalıqdır. Azərbaycanda hər üç ailədən birində maşın var. Bu maşınları hər gün yanacaqla təmin edən yanacaq doldurma məntəqələri var. Bax o yanacaq doldurma məntəqələrində hər gün göz görə-görə bizi soyurlar. Hamı da bunu bilir, hamı da elə bil belə də olmalıdır, susur. Yazılmamış qanunlara görə, on litrə bir litr az benzin verirlər. Bu hələ guya insaflısıdır. Bəziləri benzin kəsməkdən əlavə, hələ ona qazolin də vurur ki, bir-iki litr də oradan qazansın. Heç kim də danışmır. Düzdür, hərdən görürsən ki, bəziləri durub benzin vuran aparatın sayqacına baxır, amma nə fayda, aparatı nizamlayan elə nizamlayıb ki, sən o çatışmayan benzini görə bilməzsən. Sonra da gic olub düşürsən karbürator və yaxud injektor ustalarının üstünə ki, maşın çox benzin işlədir.

Öz başıma hər gün bu işlər gəlir. A kişilər, bir “OKA” maşınım var. Bunun benzin bakı 30 litr tutur, ağzına qədər dolduranda 32 litr. Gedirəm bir YDM–ə 37 litr doldururlar, o birinə 36. Deyirəm, a kişilər, axı bu maşının bakı 30 litr tutur, bəs siz buna necə 37 litr benzin yerləşdirirsiniz? Baxırlar üzümə. Ya da bakı doldurursan qoyursan bir yerdə iki–üç saatdan sonra gəlirsən, bak yarı olub. Bu, əslində bilməyənlərə sehrbazlıq kimi görsənər, amma bilən adamlar deyir ki, bu qazolindir, vurub qatırlar benzinə. Bir az qalanda uçub gedir, vəssalam. Bu da sehr.

Baxın, bunlar indi haramzada deyillərmi? Bu oğurluğun başında görəsən kim dayanıb? Axı bu ən aşağı hesablamalarla gündə nəqd şəkildə milyonlar deməkdir. Bu oğurluq biznesinin başında həddindən artıq güclü adam dayanmalıdır. Bü boyda böyük pul kütləsini həzm-rabedən keçirmək və elə etmək ki hamı özünü görməzliyə vursun – bunun üçün həqiqətən çox, həm də super çox güclü olmalısan. Axı bu YDM–lər heç kimdən və heç nədən qorxmur, istədiklərini edirlər. Görün heç onlara gözün üstə qaşın var deyən varmı? Yox, əsla yox. Elə bil onları bir sehrli və qüdrətli əl qoruyur. Nə vergi, nə korrupsiyaya qarşı mübarizə idarəsi, nə də hansısa aidiyyəti bir idarə onların bu cinayətlərinə müdaxilə etmir. Elə bil bu sahəyə bir tabu qoyulub. Onları nə ğörə-ğörə ğörmürlər, nə eşidə-eşidə eşitmirlər. Bizlər isə danışmırıq. Elə bil belə də olmalıdır. Bu haramzadalar, bu oğrular, cinayətkarlar ordusu bizim halal pulumuzu haramzadalıqla əlimizdən alıb həzm-rabedən keçirir və üstündən də su içirlər.

İ.S. Gündə təqribən 4-5 milyon gətirən bu reket bu gün bizim udduğumuz hava kimi, içdiyimiz su kimi realdır. Artıq bununla mübarizə aparmağın vaxtı çatıb. Bir jurnalist və vətəndaş olaraq bu reketi araşdırıb, YDM-in adları və bütün əldə etdiyim informasiyaları sizinlə bölüşəcəyəm. Yaxın nömrələrdə araşdırmalarımın nəticəsini görəcəksiniz.

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Qeyidlərinizdə tamamən haqlısınız.Təbii ki sürücülərin əksəryyəti belə bir halın mövcud olmasından məlumatlıdır.Niyə görə mübarizə aparılmır sualıda maraqlı
    yanaşmadır.Əvvala imkanlı şəxslər. yekə maşın sürənlər onlarda bilir bu məsələyə
    sadəcə münasibət bildirməyi xırdacılıq hesab edirlər.Qaldı bədbəx kasıb köhnə
    vaz 2101 benzin vurub aldananda- deyirlər rəhmətliyin oğlu 30 ilin maşinıdır benzini içir də oda inanır dinmir.Nə savadı var nə adamı kasıb nə edə bilər üzür istəyirəm ifadəmə görə uzaqı hirsin gəlib evdəkilərdən çixacaq.Haqsızlıqa qarşı mübarızə aparmaqı hamı bacarsaydı onda bu gün nəydən ehtiyacımız olardı.Bırdə ki biz xalq olaraq həmişə işimizi başqasına gördürməyə alışmışıq.
    Yanacaq alveri devlətə məxsus olsada -icrasını mafyoz quruplar həyata keçirir
    yəni bağda oturan barından yeyır.Şimdi biz hangisiylə vuruşaq………..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button