HÜQUQ MÜDAFİƏÇİLƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR

Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi, jurnalist, vəkillər, qender üzrə mütəxəsislər “Ədalət Naminə Həmrəylik Komitəsi” nın təşəbbüsü ilə 10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: 

Azərbaycan Respublikasınının Prezidenti,

İlham Əliyev cənablarına

Azərbaycanda fəaliyyət göstərən

Hüquq-müdafiə təşkilatları və

Media nümayəndələri tərəfindən

MÜRACİƏT

Möhtərəm, Cənab Prezident!

Biz, Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi, jurnalist, vəkillər, gender üzrə mütəxəsislər “Ədalət Naminə Həmrəylik Komitəsi” nın təşəbbüsü ilə bu gün 10 dekabr Beynəlxalq İnsan Haqları günü keçirərək, ölkədə gedən siyasi prosesləri diqqətlə müzakirə etdik, Sizin Qarabağ torpaqlarını işğaldan azad edilməsi sahəsində apardığınız uğurlu siyasəti alqışlayırıq və eləcə də orada apardığınız yenidənqurma işlərini yüksək dəyərləndiririk. Qarabağ münaqişənin həllində əsrlər boyu əldə edilməsi mümkün olmayan tarixi uğura imza atdınız. Bu gün Azərbaycan xalqı Sizdən insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində də uğurlu islahatlara imza atmağınızı gözləyir və bunun mümkün olduğuna inanır.

Bütün bunlarla yanaşı hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi məqamları Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Cənab Prezident!

Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. “Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi quvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi  dünyanın ictimai rəyində gözdən salır”.

İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə sayması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır.

Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur.

“Xural” Media Qrupunun rəhbəri, tanınmış jurnalist  Əvəz Zeynallı və “Səda TV” internet kanalının əməkdaşı Elnur Şükürov, Osman Rzayev, İlham Aslanoğlu Təhməzov, Kanal 13 youtube kanalının Bakı ofisinin rəhbəri Əziz Orucov hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının təsisçisi və sədri, London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi, prof. Qubad İbadoğlu, İqtisad elmləri doktoru,”Baydəmirli Xeyriyyə Fondunun” təsisçisi Nazim Baydəmirli, müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədov, bu yaxınlarda isə bir çox tanınmış jurnalist və bloqerlər – Ülvü Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Ruslan Vahabov, Siyasi motivlərlə həbs edilmiş Musavat pariyasının başqanının oğlu Orxan Hacılı və digərləri heç bir əsaslı dəlil-sübut olmadan həbs edilib. Bəzi hallarda isə onların hüquqlarını müdafiə edən vəkillər Vəkillər Kollegiyasının üzvlüyündən azad edilir və ya onlara qarşı təqib və təzyiqlər baş verir.

Cənab Prezident!

Düşünürük ki, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə, həmçinin Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (ÇNL) Tərəflərin Konfransına ev sahibliyi edəcəyi, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin humanist addım ataraq, siyasi məhbus məsələsini həll etməniz Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərəcək.

Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasınız.

Dərin hörmət və sayğılarla:

Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri

Arzu Abdullayeva  – Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri

Səidə Qocamanlı –  İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

Mirvari Qəhrəmanlı – NHMT İB rəhbəri

Şəhla İsmayıl – Rasional İnkişaf uğrunda Qadın Cəmiyyətinin sədri

Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara yardım İB-nin sədri

Rəsul Cəfərov – İnsan Haqları Evinin rəhbəri, hüquq müdafiəçisi

Dilarə Əfəndiyeva – Ermənistan-Azərbaycan Vətəndaş Sülh platformasınln direktoru

Ruhəngiz Hüseynova – Qadınlar Arasında Həmrəylik İB-nin sədri

Mehman Əliyev – Turan İnformasiya Agentliyinin rəhbəri

Hilal Məmmədov – Hüquq müdafiəçisi

Gülarə Nərimanova – Hüquq müdafiəçisi

Məlahət Zeynallı – Jurnalist

Sevinc Sadıqova – Jurnalist

Qalib Toğrul – Jurnalist

Elçin Həsənzadə – Jurnalist”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button