İkitirəli İran gerçəyi: Rusiya ən yaxın müttəfiqini itirir?

İran, Türkiye'ye enerji garantisi verdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul sammiti çərçivəsində Türkiyəyə gələn İran prezidenti Həsən Ruhani toplantılar bitdikdən sonra Ankaraya səfər edib və Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Strateq.az xəbər verir ki, iki liderin görüşü İran-Türkiyə Yüksəksəviyyəli Əməkdaşlıq Şurası (İTYƏŞ) çərçivəsində aparılıb.

İTYƏŞ-in sayca 3-cü olan bu görüşündə müxtəlif məsələlər müzakirə olunub. Dövlətlər arasında iqtisadi, turizm, mədəni və s. əlaqələrin yaranması istiqamətində aparılan danışıqlar nəticəsində İrana qarşı sanksiyalardan sonra 22 milyarddan 10 milyard dollara qədər enən ticarət dövriyyəsinin yenidən artırılmasına və 30 milyarda çatdırılmasına qərar verilib.

Ən diqqətçəkən məsələ isə Türkiyənin enerji təhlükəsizliyini İranın öz öhdəsinə götürməsi olub. Ruhani görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada belə deyib: “İran Türkiyənin enerji təhlükəsizliyini zəmanət altına almaq imkanına malikdir. Biz həm neft, həm təbii qaz, həm də neft-kimya məhsulları məsələsində Türkiyənin ehtiyaclarını aradan qaldıra bilərik”.

İran prezidentinin ilk baxışdan enerji sövdələşməsi kimi görünən təklifinin arxasında əslində çox ciddi geopolitik niyyət dayanır. Qəribədir ki, bu niyyət İranın Yaxın Şərqdə əsas müttəfiqi sayılan Rusiyanın enerji strategiyasının əleyhinə çevrilib.

Bilindiyi kimi, təyyarə böhranından sonra gərginləşən Türkiyə-Rusiya münasibətlərində qardaş ölkəni ən çox narahat edən məsələlərdən biri qarşı tərəfin öz qazından strateji silah kimi istifadə etməsi ehtimalı idi. Rusiya mavi yanacaq nəqlini dayandıracağı təqdirdə, öz qaz ehtiyacının 63%-ni ondan alan Türkiyə çətin vəziyyətə düşə bilərdi. Xüsusilə, qış aylarında ölkənin soyuq vilayətləri bu təhlükənin altından çətinliklə qalxardı.

Beynəlxalq sanksiyalara məruz qaldığından öz iqtisadiyyatı da Türkiyənin aldığı qazdan asılı olan Rusiya bu addımı atmasa da, hər halda təhlükə potensialı özünü qoruyur. Nə etdiyini və edəcəyini özündən başqa heç kimin bilmədiyi Putinin qəzəbinə gəlmədən Ankara problemi aradan qaldırmalıdır. Əks halda, o, nə vaxt və hansı sürprizlərlə qarşılaşacağını Allahın ümidinə buraxmış olar.

Belə bir şəraitdə qaz təhlükəsizliyinə verilmiş zəmanət Ankara üçün, təbii ki, göydəndüşmə bir fürsətdir. Tehran öz sözünün ağası olarsa, Rusiya ilə girdiyi rəqabətdə üstünlük Ankaranın xeyrinə dəyişilər və qazdan strateji silah kimi istifadə etmək şansı Türkiyənin əlinə keçər. Yəni qardaş ölkə İranın zəmanəti sayəsində özü öz xoşluğuyla Rusiya qazından imtina edər (Baxmayaraq ki, iki ölkə arasında bağlanan müqavilələr Türkiyənin də bu şansını ortadan qaldırır). Bu isə Moskva üçün ciddi zərbə deməkdir. Çünki Rusiya qazının Almaniyadan sonra ikinci ən böyük alıcısı Türkiyədir. Məlumata görə, Türkiyə Rusiyadan ildə 46.6 milyard kub metr təbii qaz alır. Üstəlik, Rusiya dünyanın ən bahalı qiymətinə alınan bu qazın təkcə ixracatından da qazanmır. Müqaviləyə görə, 30 milyard kub mertlik qazın, yəni toplam idxalatın abunələrə paylanmasının 64%-i də Rusiyanın ixtiyarındadır. Bir sözlə, Rusiya Türkiyəyə verdiyi qazla “qaz vurub qazan doldurur”. İki ölkə arasında çoxsaylı müzakirələrə baxmayaraq, Rusiya bağladığı müqavilələrlə əldə etdiyi bu ədalətsiz üstünlükdən vaz keçmək fikrində də deyil.

Ən dəhşətlisi isə budur ki, Türkiyənin əvvəlki hökumətləri tərəfindən bağlanan bu səmərəsiz müqavilələrdən Ankaranın imtina etmək haqqı da yoxdur. O, məcburən, ən azı, 10 il dünyanın ən bahalı qiymətinə satılan bu qazı almalıdır. Əks halda, Türkiyə rus qazından imtina etdiyi üçün təzminat ödəməlidir.

Bütün bu çətinliklərə rəğmən, enerji təminatını zəmanət altına alan Türkiyə İrandan aldığı qazın Avropaya nəqlini həyata keçirə bilər. Beləcə, Rusiyanın Cənubi Qafqaz və Suriyada əngəl olmağa çalışdığı alternativ layihənin qarşısını almaq səyləri ciddi şəkildə sarsılar və beynəlxalq güc mərkəzlərinin israrla üzərində durduğu “Cənub Qaz Dəhlizi” projesinin önü açılar.

Sirr deyil ki, Avropanı rus qazı asılılığından xilas etmək məqsədilə, başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri alternativ layihələr üzərində dayanmağa üstünlük verirlər. İstər TANAP, istərsə də İran, Qətər və Suriya qazının Avropaya nəzqlini nəzərdə tutan digər layihələrin əsas məqsədi bu hədəfə yönəlib.Bunu ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibi Amos Hokşteyn müsahibələrinin birində etiraf edərək, deyib: “Qərb dövlətlərinin tək bir ölkənin enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması əsla yaxşı bir əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır”.

Təsadüfi deyil ki, Amos Hokşteyn ötən il Rusiya qazının Avropaya nəqlinə “yaşıl işıq” yandıran Yunanıstanı rasional düşünməyə, AB-nin iradəsinə zidd layihələrdənsə, TANAP kimi projelərə yönəlməyə çağırmışdı. Hokşteynə görə,“Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”

Göründüyü kimi, qaz kəmərlərinin iqtisadi yox, siyasi layihə olduğunu enerji strateqlərinin özləri də etiraf edirlər. Odur ki, İran prezidenti Ruhaninin rus enerji strategiyasının əleyhinə təkliflə çıxış etməsi xeyli maraqlı təsir bağışlayır. Xüsusilə də İran və Rusiya hərbi qüvvələrinin Suriyada yeni bir hücuma hazırlaşdığı, İranın “qara cənvəri” adlanan general Qasım Süleymaninin əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün Moskvaya getdiyi bir zamanda…

Ümumiyyətlə, son parlament və Üləma Məclisi seçkilərinin ardından İran siyasi iradəsinin haçalanması, hakimiyyətə gələn islahatçılarla mühafizəkarların bir-birinə zidd siyasət yürütmələri nəzərdən qaçmır. Özəlliklə də xarici siyasət məsələsində ortaya çıxan ikitirəli İran gerçəyi beynəlxalq tarazlığın daha artıq Rusiyanın əleyhinə pozulacağı ehtimalını yaradır. Qərbə inteqrasiya xətti tutan Ruhani hakimiyyətinin seçkilərdən sonra daha çox güclənməsi təkcə İran mühafizəkarları ilə islahatçılarının arasında problem olmaqla qalmır, tədricən beynəlxalq məsələyə çevrilir. Bu çəkişmədə kimin qələbə çalması bir çox qlobal problemin həllini də aydınlaşdıracaq.

Hələlik isə, görünən budur ki, Rusiya beynəlxalq siyasətdə əsas müttəfiqlərindən birini itirmək üzrədir.

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button