İlham Əliyev, cavab ver, məndən nə istəyirsən?!

Rahab Qazıyev: «Arif Hacıyevlə İsa Qəmbər Ayaz Mütəllibovun, Elçibəylə Pənah Hüseynov isə Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarı olublar…»

Aqil Paşayevə yaxşılığım keçib…

Müsahibimiz sabiq müdafiə naziri Rahim Qazıyevin qardaşı Rahab Qazıyevdir. Qardaşının taleyindən bir parça da ona düşüb və Rahim Qazıyevin həbsindən sonra onun da günləri qaralmağa başlayıb. İllərlə həbsxana həyatı yaşayan Rahab bəy təcrübəli mühəndis olsa da da, hələ də işsizdir. Dəfələrlə prezident əvə digər yüksək çinli məmurlara müraciət etsə də, onun səsinə səs verən olmayıb. Rahib bəy çarəni mətbuata çıxmaqda və mətbuat vasitəsilə müzakirə başlatmaqda görüb. Niyə siyasi mənsubiyyətinə və ya ölkənin ali rəhbərliyinə müxalifyətdə olan rəqiblərə görə insanlar işsiz qalmalıdır?

Biz bu sualın cavabını Rahab Qazıyevlə araşdırmağa çalışacağıq. Qonağımız sabiq müdafiə naziri Rahim Qazıyevin qardaşı Rahab Qazıyevdir…

Əvvəli ötən saylarımızda

– Deyirsiniz ki, Rahim Qazıyev Heydər Əliyevi söyməsinin cəzasını bu qədər ağır çəkdi?

– O söyən gün mən həbs olunmuşam. Rahimə bir şey edə bilməyiblər, amma məni həbs ediblər.

– Necə oldu?

– 1993-cü il avqustun 23-ü idi. Bütün ailəmizlə anamgildə idik. Birdən Rahim parlamentdə ona «ə, sən nə şərəfsizsən…» dedi, aləm bir-birinə qarışdı. Mən də televizora baxıram. Anamla bacım dedilər ki, dur get ora. Mən də dedim, deputat-zad deyiləm, məni ora buraxan kimdir, nəyə gedim? Dedilər, necə qardaşsan, dur get. Evdəkilər bir-birilərinə qarışdılar, məni zorla parlamentə göndərdilər. Ora çatdım, Şəhidlər Xiyabanı dairəsindən maşınımı o tərəfə buraxmadılar. Maşını saxlayıb piyada qalxdım. Parlamentə yaxınlaşanda Rəsul Quliyevin qardaşı oğlu İlqarı gördüm, nə baş verdiyini soruşdum. Rahimin maşında əyləşən cangüdənləri var idi. O QAZ-31 də Cahangir Quliyevin maşını idi, Rəsul Quliyev Rahimə vermişdi – o vaxt Rahimin maşını yox idi. Bilmədim, babal yuya bilmərəm, İlqar onlara xəbər çatdırdı, ya kimsə, elə gördüm ki, iki nəfər qoluma girib həyətə çıxardılar, oradan da «06»-ya oturdum, şəhər şöbəsinə gətirdilər. Aydın Qasımov o vaxt Cinayət Axtarış şöbəsində işəlyirdi, sonradan Ədliyyə Nazirliyinin türmələr idarəsinin rəisi oldu. Mənimlə danışdı. Dedim, a kişi, mən heç kimi söyməmişəm. Eşitmişəm, gəlmişəm parlamentin qarşısına. Mənim nə günahım var? Məni beşin yarısına kimi orada saxladılar, dedilər ki, belə göstəriş almışıq, ona görə də saxlamışıq. Yəni mən bu gün də hesab etmirəm ki, Rahimin güdazına getmişəm. Mən Vəzirovun da vaxtında vəzifədə işləmişəm, Mütəllibovun də, Elçibəyin də… Bəyəm, Elçibəyin vaxtında məni çağırıb vəzifə-filan təklif ediblər? Qardaşım müdafiə naziri və həm də çox nüfuzlu bir adam idi. Bir nəfər mənə dedi ki, trestdə can qoyubsan, öz zəhmətinlə bu qədər nailiyyətin olub, indi də gəl səni nazir qoyaq? Deyən olub? Olmayıb ki?

– Heç bir təklif olmayıb?

– Yox, bir dəfə AXC-də Tofiq Seyidov məni çağırıb dedi ki, sizin «upravlyayuşini» – Oktay Hacıyevi çıxaracağıq, çünki onun arvadı ermənidir, səni də qoyaq onun yerinə. Dedim, birincisi, onun arvadı erməni yox, rusdur, 10-15 il ildir bir yerdə işləyirik. Dedim, niyə çıxarırsınız, işləyirik də, bir yerdə mehribancasına… Ondan başqa heç kəs mənə bir təklif etmədi.

– Neçə ildir işsizsiniz?

– 1994-cü il oktyabrın 1-dən işsizəm.

– Niyə sizə iş vermirlər?

– Mən dostlarıma müraciət etmişəm, mənə deyiblər ki, qorxurlar. Bir dəfə aeroport yolu salınanda radioda eşitdim ki, «Akkord» şirkətlər qrupuna təcrübəli mühəndis lazımdır. Getdim onların ofisinə. Əmək kitabçama baxdılar, başqa bir otağa apardılar. Orada bir sanballı kişi oturmuşdu. Dedi, bizə də sənin kimi adm lazımdır, amma biz sənə belə böyük vəzifələr verə bilmərik. Dedim, mənə heç böyük vəzifə lazım da deyil. Anket verdilər, doldurdum. Birdən əmək kitabçamda soyadıma baxdı, soruşdu ki, «familiya Kazıyev»? Dedim, əslində Qazıyevdir. Soruşdu ki, niyə uzun müddət işləməmişəm? Dedim, siyasətlə bağlı hadisələr oldu, ona görə də işləyə bilmədim – durub onu aldatmayacaqdım ki? Telefonlarımı götürdülər ki, biz sizə zəng vuracağıq. Amma hələ də zəng vururlar… Məlumdur ki, bunu yuxarıdan istəmirlər. Adını çəkmək istəmirəm, bir qadın var idi, onun bibisi jurnalist idi, bunlardan tez-tez müsahibə götürürdü. Mənə söz verdi ki, sözünüzü ora çatdıra bilərəm, bir məktub yazın. Sonra da həyat yoldaşıma deyib ki, mənim adım olmasın, amma onun adı prezidentin «qara siyahısı»ndadır. Əgər prezident öz vətəndaşlarını «qara siyahı», «qırmızı siyahı»ya salırsa, onları kateqoriyalara bölürsə, buna nə ad vermək olar?

– Siz bir neçə dəfə prezidentə məktubla müraciət etmisiniz. Müraciətinizə cavab gəlibmi?

– Bir dəfə də olsun cavab gəlməyib. Mənə ən çox təsir edən də odur. Rədd cavabı olsun, amma olsun. Bir dəfə çağırın, danışın. Mən yenə İlham Əliyevə müraciət edirəm. Mən də bu dövlətin vətəndaşıyam. Bu qədər müraciətdən sonra bir çağır, dinlə, öz vaxtın yoxdursa, səlahiyyətli nümayəndələrin qəbul eləyib soruşsunlar ki, dərdin nədir? Nə istəyirsən? Əgər istəyirlərsə ki, mən ümumiyyətlə, Vətənimdən çıxıb gedim, heç vaxt şəxsiyyətimə sığışdırıb bunu edə bilmərəm. 2000-ci ildə həbsdən çıxanda Moskvada Qoluşkina mənə dedi ki, – əvvəldən həm Rahimin, həm də mənim işimlə tanış idi – bir mətbuat konfransı keçir, səni hara istəyirsən, Almaniya, Hollandiya, Kanadaya göndərim. Burada otura-otura sənə o dövlətlərdən siyasi sığınacaq alım. Mən etiraz etdim. Təsəvvür edin, Almaniyaya gəlirəm və mənə sual verirlər ki, sən kimsən, niyə buradan siyasi sığınacaq istəyirsən? Mən də deyirəm ki, filankəsəm və filankəsin qardaşıyam, orada mənə bir tikə çörək vermədilər, bura gəlmişəm ki,  mənə çörək verəsiniz? Olar belə şey? Burada acından ölmək, yad bir ölkədə acından ölməməkdən min dəfə yaxşıdır. Mən bunu şəxsiyyətimə sığışdıra bilmirəm. Öz Vətənimdə halal zəhmətimlə bir parça çörəyimi qazanmağa mənə imkan vermədilər. Mən təcrübəli mühəndisəm. İllərlə vəzifədə çalışmışam. Yalvarmalıyam ki, qurban olum, mənə bir parça çörək qazanmağa imkan verin? Bu, heç bir əxlaq normasına sığan şey deyil. Kim hansı yolu seçir, öz işidir. Amma mən o əxlaqın və o düşüncənin sahibi deyiləm.

– Bundan sonra nə etmək istəyirsiniz?

– Mənim heç bir partiyam və siyasi təşkilatım yoxdur. Heç kimlə də işim yoxdur. Amma məni məcbur edirlər ki, səsimi qaldıram və haqqımı tələb edəm. Ona görə də fikirləşirəm. Ola bilsin, aksiyalar keçirməyə başlayaram. Təkbaşına aksiyalar keçirə bilərəm.

– Siyasətçi deyilsiniz, amma məcburən siyasətə atılırsınızz…

– Bəli, bayaq da dedim ki, məni məcburən siyasət arabasının arxasına qoşub itələyirlər.  Məni hara dartdıqlarını bilmək istəyirəm. Ona görə də prezidentə müraciət edirəm ki, «İlham Əliyev, cavab ver, sən məndən nə istəyirsən? Məni hara dartırsan? Məni nələri etməyə məcbur edirsən? Mənimlə nə düşmənçiliyin var?» Şəxsən mənim İlham Əliyevlə heç bir düşmənçiliyim yoxdur. O, məni nə həbs, nə də əfv etdirməyib. Atatürk prospekti, Ziya Bünyadov küçəsində yerləşən binadan ev almalı idim. Trestin binası idi. Mənə öz halal evimi vermədilər. İllərlə o trestdə zəhmət qoymuşdum, əmək sərf etmişdim. Mənə aid olan bağ sahəm var idi, özəlləşdirmək lazım idi. Tofiq Allahverdiyev məni yanına çağırıb zorla mənim ondan imtina etməyimi tələb etdi. Dedim, alın, it aparan olsun, yazdım, imtina etdim. Yəni heç bir günahı, qəbahəti olmayan bir adama qarşı bu qədər haqsızlıq olarmı? Mənim günahım nə idi? Qardaşımın haqqını müdafiə etmişəm? Əgər bu qəbahətdirsə, onda gərək bütün bəşəriyyət qanun qarşısında ağır cəza alsın. Maşınım var idi – BMV… Bir il arestdə qaldı. Adıma deyildi. Fizuli Məmmədov həmin adamı yanına çağırıb, 5-3 manatını alır, maşını ona verir və deyir ki, qaytarma. O da maşını götürüb gedir Rusiyaya… Bu qədər ədalətsizlik, haqsızlıq, vicdansızlıq ola bilməz. Bunların etdiklərinin cəmi bir faizini bunlara eləsən adamın başını kəsərlər. Qorbaçov vaxtilə bunu MİMO-dan çıxartdırmışdı, gecə-gündüz danışırdı ki, mənəviyyatsızlıq eləyib. Bəs özünün etdiklərinin mənəviyyatla nə əlaqəsi var? Bu, əxlaqdır? Mən bir hadisə haqqında danışardım, amma deyəcəklər ki, bir vaxtlar etdiklərini indi danışır…

– Danışın…

– Allaha and olsun… Danışıram, amma istəsəniz heç yazmayın. Mehriban xanm Əliyevanın əmisi Aqil Paşayevlə yaxın tanış idim. Yaxşı münasibətlərimiz var idi. Mən onda filarmoniyanın qarşısındakı binada yaşayırdım, tez-tez görüşürdük. «Venesiya»nın yanında bilyard açılmışdı, tez-tez orada bilyard oynayırdıq. Bu, 70-ci illərdə olub. Bir gün trestdə oturmuşdum – Elçibəy prezident idi – mənimlə trestdə bir yerdə işləyən, bir yerdə oxuduğum Oqtay Qarayev gəldi ki, Aqil məni yanına göndərib, bir sözüm var. Dedim, buyur, mənim Aqillə çox yaxşı münasibətlərim var. Oqtay onun yanında, həmkarlarda işləyirdi.  Dedi, bizim mehmanxananın (söhbət «Azərbaycan» mehmanxanasından gedir…) restoranının direktoru Dəyanət Xalq Cəbhəsinə yol tapıb, mehmanxananı ələ keçirmək istəyir.  Aqil də əsəbiləşib, deyir ki, sən ona kömək edəsən. Dedim, Oqtay, mən Rahimə söz demirəm.

– Hələ o vaxtlardan mehmanxana onların idi?

– Hə. Özümdən ötəri ağız açmışam, etiraz eləyib, ona görə də söz demirəm, amma çalışaram. Mən Aqilin xatirini çox istəyirəm – həqiqətən də çox yaxşı oğlan idi. Əliaçıq, cəsarətli. Elə oldu ki, anamgilə gəldim, gördüm prezidentin sürücüsü Xəlil oturub çörək yeyir. Onunla da neçə illərdir tanışam. Ona dedim ki, mənim Əbülfəz bəyə deyiləsi sözüm var. Dedi, indi dur gedək yanına. Dedim, yox, yanına getmək istəmirəm. Sonra bunun tüstüsü çox çıxar. Rahim eşidər, üstümə qışqırar ki, niyə prezidentin yanına getmisən. Amma belə bir əhvalat var, bunu ona çatdıra bilərsən? Amma mənə bir cavab de. Xəlil Əbülfəz bəyə deyər, o da deyər, nə danışırsınız, Mircəlal müəllimin oğluna kim nə edər? O, bizim ağsaqqalımız, mənim müəllimim olub. Göstəriş verər ki, onu oradan ümumiyyətlə, tərpətmək olmaz. Düzdür, mən orada bir iş görməmişəm, amma yerində və zamanında onun sözünü prezidentə çatdırmışam. Mənim deməyimlə problemi həll olunub. İndi bunlar insanları o vəziyyətə gətirirlər ki, adam dilə gəlir. Qurani Kərimdə deyilir ki, insan insanı çörəklə imtahana çəkməz. Mən sizə deyirəm ki, mənə iş verin. Onlar deyə bilərlər ki, bəyəm işi biz veririk, get dükan aç, bizneç yarat. Amma mənim bütün bunları etmək üçün pulum yoxdur. Haradan alım, necə açım? Nəyim də var idi, əlimdən almısınız. Bankdan pul götürmək üçün girov qoymasan, bir qəpik verməzlər. Nəyimi girov qoyum? Sonra da lap birtəhər xırda biznes yaratdım, kim qarantiya verər ki, sabah bunlar oranı da bağlatdırmayacaqlar. Mən istəyirəm ki, həmrəylik olsun. Özləri yalandan hay-haray salırlar ki, bütün millət həmrəy olsun, amma bir yandan da çıxıblar düşmən axtarışına. Mən Aqil müəllimin adını çəkməklə demirəm ki, bunun əvəzini mənə qaytarsınlar, yox, mən o yaxşılığı edəndə Allah qarşısında borcumu yerinə yetirdim. Halal xoşu olsun, qəni-qəni… Mən sadəcə onu demək istəyirəm ki, Elçibəyin humanistliyindən dərs alsınlar. Bir dəfə ona bir söz deməklə dərhal analiz edib ki, bu filankəsin oğludur, bunlar ziyalı adamdırlar və ona qarşı haqsızlıq etmək olmaz. Amma bunlar bir işi bilməyən naşı adamı gətirib qoyurlar həmin işin başına, sonra da zərərini millət çəkir. Mən adam tanıyram ki, biri zərgərdi, biri qəssab – ev tikirlər (bu qəssablardan bir-ikisini mətbuata da atıblar, Rahab bəyin onlardan xəbəri yoxdur – Red.). Ondan soruşuram ki, sən kərpiclə kubiki ayra bilməyən adamsan, necə ev tikirsən? Deyir, mən iş adamıyam. Belə də iş adamı olar? Mənim illərlə bu sahədə təcrübəm var, hər kəs mənim necə necə mütəxəssis olduğumu gözəl bilir.

– Rahim bəyə olunan iradlardan biri də budur ki, Heydər Əliyevi hakimiyyətə gətirənlərdən biri olub və bu prosesdə iştirak edib. Siz Rahim bəyin qardaşı kimi İsa bəyi də, Əli bəyi də, Elçibəyi də yaxşı tanıyırdınız. Əslində, Heydər Əliyevi hakimiyyətə kim gətirdi?

– Mən sadəcə eşitdiyim və duyduğum faktları söyləyə bilərəm. Mən bir dəfə əmimoğlu Fərda ilə Rahimin işi ilə bağlı – onda Rahim həbsdə idi, MTN-nin təcridxanasında yatırdı – İsa bəyin yanına getdim. Onda o, Azərbaycan prospektində otururdu. Söhbətləşdik və ona kömək etməyin yolları haqqında müzakirə apardıq. Orada hakimiyyətin verilməsindən söhbət getdi. İsa bəy dedi ki, Arif Hacıyevlə mən Ayaz Mütəllibovun hakimiyyətə qayıtmasının tərəfdarı idik. O vaxt prezidentin yanında Pənah Hüseynov, Arif Hacıyev və İsa Qəmbər olub. Elçibəylə Pənah Hüseynov Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarı olublar. Hərə bir söz deyəndə Elçibəy deyib ki, gəlin Süleyman Dəmirələ zəng vuraq, görək o kimi məsləhət bilir. Ona zəng vuranda, Süleyman Dəmirəl deyib ki, mütləq Haydar Aliyevi gətirin. Sonralar Bayılda həbsxanada olanda Fərəc Quliyevlə görüşdüm, o haqda söhbət edəndə Fərəc Quliyev dedi ki, Elçibəy Dəmirələ zəng vurub, o da Heydər Əliyevin hakimiyyətə gəlməsini məsləhət görüb. Yəni iki ayrı-ayrı adamdan eyni sözü eşitdim. Fərəc Quliyev bu sözü həbsdə olarkən təsdiqlədi…

Son

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button