“İlham Əliyevlə məktəb, Mədət Quliyevlə tələbə yoldaşı olmuşuq”

evez-elşən1Keçmiş siyasi məhbus Elşən Həsənov: “ABŞ prezidenti Barak Obama şəxsən prezident İlham Əliyevə mənə görə təşəkkürünü bildirmişdi”

 

Aprelin 5-də nazirlə görüşməli idim, 4-də həbs etdilər

 

“16-1” rubrikasında bu dəfə qonağımız sabiq vicdan məhbusu Elşən Həsənovdur. Onunla söhbətimiz özümüzün də gözləmədiyimiz maraqlı məqamları aşkara çıxardı. Bu ölkədə “prezidentlə bir sinifdə, bir məktəbdə oxuyan adamlar” anlayışı da varmış. Hətta siyasi məhbus və vicdan məhbusu anlayışlarının nə qədər ağrılı qarşılandığına baxmayaraq, prezidentlə bir məktəbdə oxumağın bu anlayışlardan belə üstün olduğu meydana çıxır. Siyasi məhbus, visdan məhbusu Elşən Həsənova məhz prezidentlə bir məktəbdə oxuduğuna görə, 1 il az cəza verirlər. Siyasi tariximizə keçəcək qədər ibrətamiz olaydır.

Həbs olayı necə gerçəkləşir? İnsan həbs olunanda hansı hissləri keçirir? Bu suallar ətrafında danışdıq həm də. Bir məktəbdə oxuduğu uşaqlıq dostları indi ölkənin zirvəsindədirlər. Tələbə yoldaşı indi türməbaşıdır. Bir zamanlar qayğısız, şən uşaqlıq, tələbəlik illəri indi tamam ayrı qayğılardan və problemlərdən ibarətdir. Biri hakim, biri məhkumdur indi. Elşən Həsənov o məhkumluğu çox görməyib – Azərbaycanın mental dəyərləri araya girib və onu çəkib qazamatdan çıxarıb. Yaxşı ki, hələ bu mental dəyərlər var, qalıb…

İnanaq ki, belə məktəb yoldaşları bir gün bir çox məsələləri həll etməyə qadir olacaqlar.

Buyurun, “16-1”-in suallarına sabiq vicdan məhbusu Elşən Həsənov cavab verir…

 

İlham Əliyevlə bir məktəbdə oxuduğuma görə cəzamı 1 il azaltdılar

 

– Elşən bəy, siz də “siyasi məhbus” olmusunuz. Sizi nə vaxt həbs etmişdilər?

– 2011-ci il aprelin 2-də İctimai Palatanın mitinqində iştirak etdiyimiz üçün 14 nəfərlə birlikdə məni də həbs etdilər.

– Bu sizin ilk həbsiniz idi?

– Bəli. O zaman bizi sırf siyasi fəaliyyətimizlə bağlı həbs etdiklərini də gizlətmədilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsilə – İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsilə ittiham etdilər. Həbsimizdən cəmi bir həftə sonra bütün beynəlxalq təşkilatlar bizi “vicdan məhbusu” elan etdilər.

– Həbsdə hansı müddətədək qaldınız?

– 14 nəfərə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası verdilər, o cümlədən mənə də 2 il verdilər. Lakin Apellyasiya Məhkəməsinin hökmü ilə daha 1 il həbs müddətindən azaldıldı. Məhkəmədə 6 saylı ümumtəhsil məktəbini bitirməyim də nəzərə alındı.

– Siz də prezident İlham Əliyevin oxuduğu məktəbdə oxumusunuz? Yoxsa siz də onun sinif yoldaşısınız?

– Xeyr, bir sinifdə deyil, paralel siniflərdə oxumuşuq. O 8a-da, mən isə b-də təhsil almışam.

– Belə çıxır ki, sizə cəza tətbiq olunarkən, məhz həmin məktəbdə oxumağınız nəzərə alınıb?

– Bəli. Hətta bu addımlarına görə, yəni Apellyasiya Məhkəməsinin bu qərarına görə, ABŞ prezidenti Barak Obama şəxsən prezident İlham Əliyevə təşəkkürünü bildirmişdi. Bu haqda özüm mətbuatda oxumuşdum. Təbii ki, qalanlara da bu cür güzəşt olunmasını istərdim, lakin onlara bu, tətbiq olunmadı.

– Prezidentlə eyni məktəbdə oxumağın da görünür öz özəllikləri, üstünlükləri var. İlham Əliyevin yeniyetməlik dövrünü yəqin ki, xatırlayarsınız. Yadınızda necə qalıb?

– Biz artıq 8-ci sinifdə oxuyurduq, İlham Əliyev və bacısı Sevil Əliyeva bizim məktəbə gəldilər. Bizim evimiz məktəblə üzbəüz idi. Tənəffüs olanda bütün məktəbin şagirdləri həyətimizə axışardı. Ona görə də sinif fərqi olmadan hamı “məhlə uşağı” kimi bizi yaxşı tanıyırdı.

– O zaman prezidentlə də ünsiyyətiniz olub…

– Yox… O qədər də yox…

 

40 illik İlham Əliyev-Emin Şəkinski-Nazim Ələkbərov dostluğu

 

– Çünki yadımdadır ki, siz həbs olunanda da, azadlığa buraxılanda da haqqınızda mətbuatda məlumat yayılarkən sizi “prezidentin sinif yoldaşı” kimi təqdim edirdilər.

– Yox, sinif qoldaşı olmamışıq və mən onu çox sakit və mədəni oğlan kimi xatırlayıram. Təbii ki, salamımız var idi, demək olar ki, hər gün üzbəüz gəlirdik, görüşürdük. Amma ondan artıq yox. Emin Şəkinski ilə – DİN-nin Cinayət Axtarışı İdarəsinin rəisi, Nazim Ələkbərovla – Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin sabiq rəisi – yaxşı münasibətlərimiz var idi.

– Onlar səhv etmirəmsə, İlham Əliyevlə bir sinifdə oxuyublar.

– Bəli, həm bir yerdə oxuyublar, həm də çox yaxın dost olublar.

– Maraqlı məqamdır… Əgər bu dostluq 40 ildir davam edirsə, deməli, etibarlı dostluqları olub…

 

evez-elşənNazirlər Kabineti Rasizadə soyadınındır

 

– Nazim Ələkbərov həqiqətən də gözəl insandır və çox da sədaqətli dostdur. Onunla çox yaxşı münasibətlərimiz olub. Onlardan başqa, Asim Mollazadənin kiçik qardaşı Azad Mollazadə də bizimlə bir yerdə oxuyub.

– Belə çıxır ki, 6 saylı məktəb həm də vəzifəli şəxslərin övladlarının təhsil aldıqları məktəb olub?

– Elədir. İnanırsınız ki, dərslər qurtarandan sonra uşaqların arxasınca Sovmin-in (red – rusca “Sovet Ministrov” – “Nazirlər Soveti”, indiki Nazirlər Kabineti) maşınları gəlirdi və bütün məktəbin kənarı o maşınlarla dolu olardı. Hətta sürücülər də tez-tez şikayət edərdilər ki, iş-gücləri qalıb, uşaqları gözləyirlər. Nazirlər Sovetinin baş naziri Şamil Rəsizadə də bizimlə qonşuluqda yaşayıb və onun da uşaqları bizim məktəbdə oxuyublar.

– Artur Rəsizadənin əmisi?

– Bilmirəm nə kimi qohumluqları olub, amma Hüseyn Cavidin nəslindəndirlər. Şamil Rəsizadə Heydər Əliyevə çox yaxın adam olub.

– Belə çıxır ki, Azərbaycanın son neçə ildə baş naziri Rəsizadələr olublar…

– (Gülür…) Elə çıxır. Görünür Azərbaycanda elə vəzifələr var ki, ənənəvidir. Birindən digərinə keçir.

 

Heç kimi, hətta görmək istəmədiklərini də naümid qaytarmır

 

-Sizin təhsil aldığınız məktəb və o illərdə orada təhsil alan yeniyetmələr, belə deyək, dövləti idarə edirlər. Sinif yoldaşlarınızın böyük qismi bu və ya digər vəzifələrdə çalışırlar. Siz niyə onlardan biri olmadınız?

– Adamın Allahı var. Hələ Heydər Əlievin sağlığında İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti idi. O zaman yanına nə qədər dostu, sinif qoldaşı getmişdisə, heç birini naümid geri qaytarmamışdı, hamısını işlə təmin etmişdi. Elə adamlar var idi ki, onlarla üz-üzə gəlmək istəməmişdi və qapıda öz vizitkartını qapıçıya verib tapşırtdırmışdı ki, lazım olanda istifadə etsinlər. Hətta onlar da əliboş qayıtmamışdılar. Belə qayğı göstərib məktəb uşaqlarına. Mənə də dəfələrlə təklif etdilər ki, mən də ona yaxınlaşım və hansısa işlə təmin olunum. Düzünü deyim ki, bu cür üsul ürəyimə yatmadığından, getmədim. Digər tərəfdən də partiya mənsubiyyətim ayrı idi. O vaxt məni müsavatçı olaraq həbs etmişdilər. Məktəbimizin direktoru Səidə Zamanovanın oğlu Asəf Zamanovla bir sinifdə oxuyub və ona da çox böyük köməklik edib. Məktəb uşaqlarının hamısı İlham Əliyevdən çox razıdırlar. Mən getmədim.

– Amma haradasa sizə də yaxşılığı dəyib, həm məhkəmədə az iş veriblər, həm də Apellyasiya Məhkəməsi cəzanızı bir il yüngülləşdirib…

– (Gülür…) Belə çıxır. Mən azadlığa buraxılanda da bütün mətbuat yazmışdı ki, prezidentin sinif yoldaşı həbsdən azad edildi. Həbsdən çıxandan sonra da bütün sənədlərimi asanlıqla, heç bir maneəçilik olmadan qeydiyyatdan keçirdim. Sabunçu Məhkəməsində, İcra Hakimiyyətində də mənə mane olan olmadı.

– Sizin həm də pul cəriməniz vardı, deyəsən, ona görə də sizi incidirdilər… Onun aqibəti necə oldu?

– Onu ləğv eləmədilər… Məni xaricə səfər etməyə belə imkan vermədilər. Sərhəddə çox incitdilər, mənimlə çox pis rəftar elədilər. Səbəbini də tam olaraq açıqlamadılar. Sadəcə dedilər ki, 2013-cü ildən ölkəni tərk etməyimə qadağa qoyulub. O zaman bildim ki, 2011-ci ildə mitinqdə iştirak etdiyim üçün 10 min cərimə bu günədək ləğv olunmayıb.

 

3 gün sonra sanksiya verdilər

 

– Sizi necə həbs etdilər?

– 2011-ci il aprel mitinqindən 100 nəfərə yaxın adam həbs olunmuşdu. Onları axşamacan Səbail rayon Polis İdarəsində saxladılar və axşam buraxdılar. Həmin hadisədən bir həftə əvvəl Nazirlər Kabinetinə iş üçün müraciət etmişdim və Gənclər və İdman Nazirliyindən mənə məktub gəlmişdi ki, “sizin prezidentlə bir yerdə oxuduğunuzu nəzərə alaraq, işlə təmin etmək qərarına gəlmişik”. Aprelin 5-də Nazirlikdə iş görüşümüz baş tutmalı idi. Məni aprelin 2-də tutub-buraxmışdılar. Aprelin 4-də yenidən həbs etdilər. Həyat yoldaşım bir neçə dəqiqəlik evdən çıxmışdı. Mən isə xəstə idim və yorğan-döşəkdə yatırdım. İçəri girməmişdən əvvəl qapını belə döyməmişdilər. Heç həbs olunmağımla bağlı sanksiya belə təqdim etmədilər. Beləcə, xəstə-xəstə məni yatağımdan götürdülər və Səbail rayon Polis İdarəsinə gətirdilər. 3 gün həbsimlə bağlı heç bir sanksiya olmadan orada bir müstəntiqin otağında saxladılar. Bir stəkan çay da vermədilər. Babək Həsənov və Sahib Kərimli də mənimlə idilər. Ayrı-ayrı otaqlarda olsaq da heç birimizi KPZ-yə salmadılar, çünki əllərində həbs olunmağımızla bağlı sanksiya yox idi. Polislər də təbiətən “simic” olurlar. Bir stəkan çay belə təklif etmədilər. Axırda məcburən özümə də, onlara da çayı mən aldım… (Gülür) Həbs olunmağımın 4-cü gününə keçəndə, gecə saat 1 radələrində sanksiya təqdim olundu. 3 gün qanunsuz olaraq, azadlıqdan məhrum olundum.

– Sizinlə ümumi rəftar necə idi?

– Yaxşı münasibət bəsləyirdilər, incitmirdilər. Oradan da bizi Kürdəxanı təcridxanasına gətirdilər və burada da bizi nisbətən yaxşı şəraiti olan iki nəfərlik kameralara yerləşdirdilər. Sonradan 17-ci kolona keçirdilər və oradan da azadlığa buraxıldım. Təqvimin bitməsinə 12 gün qalmışdı.

– Əfvə düşdünüz?

– Yox, məni 1/3-lə buraxdılar. Özləri ərizə yazdılar, sənəd hazırladılar. Ərizədə yazmışdılar ki, “xahiş edirəm ki, məni azad edəsiniz”. Etirazımı bildirdim ki, mən heç kimdən heç nə xahiş etmirəm, ərizəni də dəyişin. 17-ci kolonun rəisi Ərşad Həsənov israr etdi ki, mən xahiş edirəm. Dedim, özünüz bilərsiniz. Onsuz da vaxtımın bitməsinə 12 gün qalmışdı.

 

evez-elşən2Ona görə Azərbaycanın ciddi provblemləri var

 

– Hazırda da “siyasi məhbuslar”ın işlərilə məşğulsunuz, deyilmi?

– Bəli… bəli… Məşğulam və yenə də məşğul olacam. Azərbaycanda “siyasi məhbus” məsələsi getdikcə gərginləşir və aqressivləşir. Bu gün dünyanın heç bir sivil ölkəsində olmayan qədər Azərbaycanda “siyasi məhbus” var. Yaşlı hüquq müdafiəçilərimiz Leyla Yunusun, Arif Yunusun, İntiqam Əliyevin həbs olunması mənə heç cür rahatlıq vermir. Bu istiqamətdə əlimdən nə gəlirsə, onu etməyə hazıram və edirəm də. Bu günlər bir daha Penitensiar Xidmətə müraciət etmişəm ki, bu siyasi məhbuslarla görüşməyimə icazə versinlər. Hələ də bir xəbər-ətər yoxdur. Ədliyyə Nazirliyi kimi dövlət müəssisəsinin bir qurumu qanunlara riayət etmir, sifarişlə işləyir. Ona görə Azərbaycanın ciddi provblemləri var. Hər kəs qanunlara riayət edərsə, məsələlərdə bu qədər gərgin həddə çatmaz.

– Bir müddət bu məsələləri Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oktay Gülalıyevlə edirdiniz?

– Alyansı birlikdə təsis etmişdik və çox aktiv də fəaliyyət göstərirdi. İndi nə üçünsə onun səsi çıxmır.

– Oğlu haqqında cinayət işi qaldırılıb, yəqin xəbəriniz var. Bir çox halda bunun Oktay Gülalıyevin siyasi fəaliyyətilə bağlı olduğu iddia edilir. Artıq birlikdə deyilsiniz?

 

Böyük ümidlərimiz var ki, “siyasi məhbus” məsələsində yumşalma gedəcək

 

– Yox. Mən hazırda “Siyasi məhbusların Monitorinq Mərkəzi”ndə fəaliyyətimi davam etdirirəm. Sabiq siyasi məhbuslar Tural Abbaslı, Əhəd Məmmədli, Hacı Şamil Mehdi, Elnur Məcidli ilə birgə bu təşkilatda fəaliyyət göstəririk. Çox böyük ümidlərimiz var ki, Azərbaycanda “siyasi məhbus” məsələsində çox böyük yumşalma gedəcək. Heç olmasa Azərbaycan beynəlxalq qurumlara üzv olarkən üzərinə götürdüyü öhdəliklərə əməl edəcək.

– Hazırda bir çoxları hökumətin “siyasi məhbuslar”la bağlı son günlər apardığı işləri yaxınlarda gözlənilən əfvlə əlaqələndirirlər. Onların fikrincə, bu pressinq həm də “siyasi məhbuslar”ın “ağıllanması” üçün tətbiq edilir. Siz necə düşünürsünüz?

– Vəziyyət çox kritik həddədir. Bütün beynəlxalq qurumlar, hətta ABŞ Dövlət Departamenti belə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, hüquq müdafiəçilərinin, jurnalistlərin həbslərindən, “siyasi məhbuslar”a çıxarılan hökmlərdən ciddi şəkildə narazıdır və bunu söz azadlığına qarşı olan təcavüz kimi dəyərləndirirlər. Azərbaycan demokratik dövlətdən çox, repressiv siyasət aparan dövlətlərdən birinə çevrilib. Baxın, Leyla və Arif Yunusların məhkəməsinə müstəqil media nümayəndələri, ictimai şəxslər buraxılmadılar.

 

Prezidentə məktəb yoldaşı kimi müraciət edəcəyəm

 

– Artıq təcrübədən də görünür ki, prezident İlham Əliyev heç bir dövlətin, beynəlxalq təşkilatın bəyanatlarını nəzərə almır və dövləti heç kimdən asılı olmayaraq idarə edir. Bəlkə hüquq müdafiəçisi, prezidentin məktəb yoldaşı olaraq, özünüz ona müraciət edəsiniz?

– Elə bir niyyətim var. Şəxsən öz işim olsaydı, bəlkə də müraciət etməzdim. Amma bu ümumilikdə Azərbaycanla bağlı məsələ olduğu üçün müraciət də edərəm, əlimdən başqa nə iş gələrsə, onu da etməyə hazıram. Amma Azərbaycanda maraqlı qaydalar mövcuddur. Dəfələrlə təşkilat olaraq dövlət qurumlarına, səlahiyyətli orqanlara etdiyimiz müraciətlər cavabsız qalıb. Halbuki əgər bizimlə görüşsəydilər, problemləri üzbəüz müzakir etsəydik, bəlkə də bu məsələ beynəlxalq səviyyəyə qədər gərginləşməzdi, yerində və vaxtında həll olunardı.  ƏN PX rəisi Mədət Quliyevlə Bədən Tərbiyəsi İnstitutunda bir yerdə oxumuşuq və 1980-cı ildə institutu bitirmişik. Çox davakar olduğumdan institutda hamı məni tanıyırdı, o cümlədən də Mədət Quliyevi. Düzdür, o zaman vəzifəsi yox idi və biz həmyaşıd idik. Eldar Əzizov da bizdən bir-iki kurs yuxarıda idi. Məncə, mahiyyət etibarilə heç nə dəyişməyib, biz yenə eyni adamlarıq.

– Dediniz ki, davakar olmusunuz…

– Gənclik idi…

– O zaman dostlarınız da davakar idimi?

– Olanda olurdu…

 

İlham Əliyev çox intellegent, Mədət Quliyev çox qəddar idi

 

– Bəs İlham Əliyev necə?

– Yox. O heç bir zaman davaya meyilli olmayıb. Çox intellegent, mədəni oğlan idi. Əli də çox açıq idi. O zamanlar indiki kimi bolluq deyildi. Adi saqqızı belə “İçərişəhərli İbiş” məktəbin qarşısında satırdı. İlham Əliyev ən nadir, çox bahalı şirniyyatları, şokolad və saqqızları uşaqlara bol-bol paylayırdı. Amma Mədət Quliyev haqqında bunları söyləyə bilmərəm. O İnstitutda da qəddar adam kimi tanınırdı. Bütün bunlara baxmayaraq, əgər o bizimlə görüşməyə razılıq versəydi, bu haqda mətbuata da müsbət reaksiyalar vermiş olardıq. Bu, həm bizim üçün, həm Mədət Quliyev üçün, həm də hökumət dairələri üçün yaxşı olardı.

 

“16-1”də söhbətləşdi:

Əvəz Zeynallı

 

Xüsusi qeyd: Müsahibədə adı çəkilənləri də danışdırmağa hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button