“İmamzadə” mütəvəllisi Ramazan bayramına önəmli mesajlar verdi-VİDEO

“İmamzadə” dindarların üzünə hər zaman açıqdır…

Müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu günlər dini məbədləri ziyarət edənlərin sayı da artıb. Gəncə şəhər İmamzada ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə Azərbaycanda müqəddəs Ramazan ayı günlərində insanlara torpaqlarımızın işğal altında olduğu bir zaman vətənpərvərlik ruhunun, şəhidliyin ucalığının təbliğ olunmasının zəruriliyindən danışıb. Hacı Tahir İmamzadə ziyarətgahında aparılan bərpa və yenidənqurma işlərindən sonra insanların ibadəti üçün münbit şəraiti yaratdığı üçün dövlətə və dövlət başçısına minnətdarlığını bildirib.

Din adı altında müxtəlif dini qruplaşmaların, sektaların fəaliyyətinə toxunan Hacı Tahir Abbaszadə Azərbaycanı istəməyən qüvvələrin insanların əqidəsini pozaraq, onlara nüfuz etməsinin səbəblərini də  açıqlayıb: “Bu məscidlərin tikintisi dinimizə, imanımıza, milli mentalitetimizə, xalqımıza olan qayğısının, sayğısının nəticələridir.”

Hacı Tahir Abbaszadə dini tolerantlığın dəyərlərindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda “İmamzadə” adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu Şahzadə İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu-XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

haci

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə “İmamzadə”də tarixi abidə kimi təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

haci1

“İmamzadə” dini kompleksinin tərkibində ümumi sahəsi 1000 kvadratmetr olan digər korpusda Hüseyniyyə və Zeynəbiyyə namazgahları yerləşir. Burada müxtəlif diametrli 46 günbəz ucaldılıb. Xüsusi qurbangahda və 850 nəfərlik ehsan zalında zəvvarların ziyarəti üçün hər cür şərait yaradılıb.

Ziyarətgahın müsəlman aləmi üçün əhəmiyyətini və yaxın-uzaq xaricdən gələn zəvvarların sayının ildən-ilə artmasını nəzərə alaraq tikilmiş mehmanxanada 33 müsafir otağı var. Burada da ayrı-ayrılıqda qadınlar və kişilər üçün dəstəmazgah, yeməkxanalar, konfrans zalı, dini kitabxana, muzey fəaliyyət göstərəcək.

Prezidentin müvafiq sərəncamları ilə müxtəlif illərdə Prezidentin ehtiyat fondundan kompleksin təmir-bərpa işlərinə ümumilikdə 26 milyon manat vəsait ayrılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button