İntiqam Əliyevin hüquqları Türkiyədə pozuldu

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev İstanbulun Atatürk hava limanında üzləşdiyi xoşagəlməz hadisədən sonra dekabrın 8-nə keçən gecə ölkəyə qayıdıb. Onu Bakının hava limanında vəkil yoldaşları, jurnalistlər qarşılayıb. İntiqam Əliyev Türkiyədə başına gələnlərlə bağlı “Deyerler.org”a danışıb. Onun açıqlamalarını sizlərə təqdim edirik.

“Hadisə özü iki mərhələdən ibarət olub, birincisi dekabr ayının 6-da baş verənlər, ikincisi dekabrın 8-də baş verənlər. Bildiyiniz kimi, ayın 6-sı gömrük postunda konflikt yaşandı və məni həbs etdilər. Məni aeroportun təcridxanasına apardılar. Dünən mənə deportasiya olunmağım barədə qərarı elan etdilər. Mən isə deportasiya olunmaq istəmədiyimi bildirdim və bunu yazılı şəkildə ifadə etdim. Bilirdim ki, əgər deportasiya olunsam, bir müddət bu ölkəyə daxil ola bilməyəcəm. Mənə dedilər ki, əgər razılaşmasam, daha bir müddət təcridxanada qala bilərəm və işimə əcnəbilərlə iş şöbəsi baxacaq. Mən də bildirdim ki, mənə qarşı ədalətsizlik olub və mən günahsızam. Mənə saxlanmağımla, deportasiya olunmağımla bağlı heç bir sənəd təqdim etmədilər. Dünən axşam saat 9 radələrində məni oradan çıxardılar və aeroporta gətirdilər. Orada yüklərin yoxlandığı yerdə nəzarətçiyə dedim ki, pasportum sizdədi? O isə mənə kobud şəkildə dedi ki, sənə dedim keç bir qıraqda dur. Mən yenə söylədim ki, necə öyrənə bilərəm ki, pasportum haradadır. O qayıtdı yenə mənə kobud rəftar etdi və mənə dedi ki, sənə demədim keç qıraqda dayan, indi sənin “kafanı dağıdaram”. Mən də ona dedim ki, bu necə davranışdı edirsiniz, ədəbli olun. O isə mənim yaxamdan tutaraq, darta-darta apardı yoxlanma yerinə. Orada başqa bir şəxs də var idi. Özünü polis məmuru kimi təqdim edirdi. Başladılar məni vurmağa. Adını Səttar deyə çağırırdılar. Bilmirəm öz adıydı, ya elə çağırırdılar. Mənim üzümə və başıma vururdular. Mən zərbələrdən yerə yıxıldım. Sonra məni qaldırdılar və dedilər ki, dilini dinc saxla, sən Türkiyədəsən, sənin başına oyun açarıq. Bu kimi təzyiqlər etdilər. Səttar deyilən polis məmuru sonra məni apardı Azərbaycana satılan bilet kassasının yanına. Orada mən azərbaycanlılardan kömək istədim. Onlara dedim ki, məni vurub, işgəncə ediblər. Bir azərbaycanlı orada mənə dəstək verdi, təəssüf ki, adını bilmədim. Sonra oradan aralandıq. Mən yol boyu Səttara deyirdim ki, siz polis məmuru yox, quldursuz. O mənə susmağımı tələb etdi, mən isə ona dedim ki, mənim susmaq fikrim yoxdur. Mən dedim ki, əgər bu ölkədə polisdə quldurlar işləyirsə, vay bu dövlətin halına. Məni yenidən yüklərin yoxlandığı yerə gətirdilər. Orada mən insanlara kömək üçün müraciət etdim. Yüksək səslə başıma gələnləri danışdım. Çünki bilirdim ki, orada kamerlar var və hər şeyi qeydiyyata alır. Mənim orada qolumu burdular və qandalladılar. Oradan məni polis nəzarət yerinə apardılar və orada da mənə təzyiqlər etdilər. Mənim qışqır-bağır saldığımı görüb, oradan da məni bir otağa apardılar. Orada 7 polis məmuru var idi. Orada məni yenidən başladılar vurmağa ki, sən susmalısan, susmasan sənin başına oyun açacağıq. Digər polislər də deyirdilər ki, elə vur ki, izləri qalmasın. Oradan da məni qandalda apardılar insanların təyyarəyə mindiyi yerə. Orada mənim qandallarımı açdılar. Beynəlxalq təşkilatlardan mənə dedilər ki, burada mən səbrli olum. Buradan sonra mənə bilet alıb, Azərbaycana göndərdilər. Mənə yüklərin yoxlandığı yerdə təzyiq edən şəxsin adını soruşdum, dedim əgər qorxmursansa, adını de. Mən ona dedim ki, səninlə mütləq görəşəcəyik. Mən sənə qarşı dava açacam. O da dedi ki, adım Abdullahdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button