İsrail Bakıda otellərə də hakimdir!

“Avropa” otelinin rəhbərliyi “Mavi Mərmərə”nin şəkillərini yığışdırdı…

 “Mavi Mərmərə ilə Azadlığa” konfransında üzücü anlar yaşandı 

 Dünən “Avropa” otelində Asiya Dialoqu İctimai Birliyinin təşkilatçılığı ilə “Mavi Mərmərə ilə Azadlığa” adlı beynəlxalq konfrans keçirilib. Konfransda  “Mavi Marmara” gəmisində İsrail əsgərlərinin basqınına məruz qalan İnsani Yardım Vəqfinin başqanı Bülənd Yıldırım, vəkil Güldən Sönməz, Türkiyəli yazar Halkan Albayraq, Avropa Yəhudilər Komitəsi başqanı Dror Feyler və digər terror qurbanları çıxış edib. Konfransda Azərbaycanın tanınmış ziyalıları, deputatlar, siyasi partiyaların nümayəndələri və jurnalistlər iştirak edirdi.  

Tədbirdən öncə Qəzza bölgəsinə yardım aparan “Mavi Mərmərə” gəmisində yaşanan hadisələrlə bağlı sənədli filmin nümayişi keçirildi.

Tədbirdə giriş sözü ilə çıxış edən Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən danışdı. S.Nuriyeva Fələstin xalqının azadlıq mücadiləsini Azərbaycan xalqı tərəfindən izləndiyini qeyd etdi.

 Mavi Mərmərə” ilə bərabər Qarabağa gedərik

 Daha sonra söz, “Mavi Mərmərə” gəmisinin Qəza bölgəsinə səfərinin təşkilatçısı İnsanı Yardım Fafkının başqanı Bülənt Yıldırıma verildi. B.Yıldırım uzun illər Azərbaycanda çalışdığını bildirdi: “Umarın Azərbaycanın azadlığı kimi də bir gün Qarabağ azadlığına qovuşar. Bir gün “Mavi Mərmərə” ilə bərabər Qarabağa gedərik. İşğalların hamısına qarşıyıq. Çünki insan olmaq işğala qarşı olmaqdır. Sən hansı haqla gəlib torpaqları işğal edirsən? Uşaqları qətlə yetirirsən? Günahsız qadınları ölüdürürsən?” .

 “Hitlərin  Netanyahu ilə nə fərqi var?”

 B.İldırım Fələstin müharibəsi zamanı Qəzzada olduğunu bildirdi:  “Bizlər ilk dəfə savaş zamanı Qəzzada olduq. Mən də uşaqlarla bərabər bombaların altında qaldım. İsrailin nə qədər şiddətli bombalar işlətdiyini gördüm. Uşaqlar bir yerə toplaşdığı zaman bomba atırlar. Beynəlxalq aləmdə qadağan edilmiş, silahlardan istifadə etdilər. Misket bombalarından istifadə etdilər. İndi Qəzzanın hər yanında insanı konser (xərçəng xəstəliyi – Red.) edən o silahların izləri var. Qəzzada konser xəstələri artıb. Bir nəsli məhv ediblər. Səssiz soyqırımı etdilər. Qəzzanı açıq hava həbsxanasına döndərdilər. Hitlerin o zaman yapdıqlarının eynisini edirlər. Yəni Hitlərin Netanyahu ilə nə fərqi var?”

B.Yıldırım “Mavi Mərmərə” gəmisinin Qəzzaya yola düşməsi səbəblərinə aydınlıq gətirdi: “Savaşdan sonra Qəzzada bir ailənin ziyarətinə getdim. Ailənin başçısı şəhid olmuşdu. Altı körpə uşaq var. Altı uşaqdan kiçiyinin üzündə dəhşətli bir iztirab var. Anasından soruşdum, bu çocuq niyə iztirab çəkir? Dedi ki, uşaq böyrək xəstəsi və dialez aparatı yoxdur. İndi öz uşaqlarımızı düşünək. Dializ aparatı olmayan bir yerdə uşağınız acı çəkir. O zaman qərar verdim. Biz bu embarqonu qaldıracağıq. Qəzzada embarqonu qaldırmaq üçün öncə Misirdə maşın karvanı təşkil etdik. Misirdə gedərkən, Misir əsgərləri bizi qəddarcasına daşladı. Amma xalq qarşılığını verdi. İndi Allaha şükür, Misir çox gözəl işlər gördü. Bunun arxasından “Mavi Mərmərə” işini düzənlədik. “Mavi Mərmərə” işini düzənlərkən Birləşmiş Millətlər Təşkilatı bizə dəstək verdi. Baxın, İsrail kimə kafa atır? BMT 3 dəfə açıqlama verdi. Bizdə BMT-nin yazılı qərarı var – Qəzzaya qoyulan embarqo qanunsuzdur. Biz BMT-dən görüş aldıq. Dünya liderlərinə məktublar göndərdik. Yola çıxdıq. Bu gəmidə dünyanın dörd yanından insanlar vardı. Gəmidə ancaq müsəlmanlar yox, xiristianlar, yəhudilər, bütpərəstlər, ateistlər də vardı. Gəmidə hər dindən insan vardı. İnsanlıq naminə yola çıxmışdıq. Hədəfimiz Qəzza embarqosunu qaldırmaq və böyrək xəstəsi çocuğa dializ aparatı aparmaq idi. Bütün dünyaya elan etdik, bizi vurmayın. Çünki bu gəmidə, tibbi avadanlıq var”.

 “Yəhudilərin çoxu sionist rejimə qarşıdır”

 B.Yıldırım bitərəf sularda hücuma məruz qaldıqlarını vurğuladı: Hansı haqla bu gəmiyə saldırırsınız? Bir düşünün, biz bitərəf sularda, acıq dənizdə saldırıya uğradıq. Onların qeyri-qanuni olaraq nəzarət etdiyi Qəzza sularına daxil olmamışdıq. İsrail deyir ki, mən dünyanın dörd bir yanına gedərəm, insanları öldürərəm, yetər ki mənim keyfimlə razılaşsınlar. Yəni İsrail dünyanın əfəndisi olduğunu deyir. Öylə bir şey yox. Əgər bu dünyada biz də yaşayırıqsa, hər din və hər irq sahibinin haqqı var. Sənin qədər mənim də haqqım var bu dünyada yaşamağa. Mən necə sənə toxunmuramsa, sən də mənə toxunmayacaqsan. Amma mənə toxunarsansa, yanarsan. Biz çox açıq söylədik. Televiziya proqramlarında elan etdik, İsrail televiziyalarının canlı yayımna qatıldım. Dedim ki, “Rəhbərlərinizə söyləyin, rəhbərləriniz ağıllı deyillər. Əgər “Mavi Mərmərə”ni vurarlarsa dünyanı alt-üst edərlər. İqtisadiyyatından başlamış, diktatorlara qədər hər şey gedər”. Mən bunları “Ərəb baharı” olmadan demişdim. Biz gəmidə köməkçi yayım sistemləri qurmuşduq. Özlərini çox ağıllı sanmışdılar. Ağıllı olan biz çıxdıq. İlk dəfə İsrailin canlı yayımda  necə bir qətliamçı olduğunu dünyaya göstərdik. “Mərmərə” qatilamında hər kəs gördü İsrailin terrorist olmağını. Silahsız insanların içərisinə endilər. Onu da söyləyim, çox da güclü deyillərdi. Heç qorxmağınıza gərək yox. Burada güclü olan insandır. Qəlbində mərhəmət olan güclüdür. Mən onlara dedim, bu gəmi gedər yükünü boşaldar 3 gündə gündəm bitər. Amma gəmini vurursanız, dünya tarixi “Mavi Mərmərə”dən öncə və “Mavi Mərmərə”dən sonra deyə ikiyə bölünər. Elə də oldu. Bunun etkisi davam edəcək. Çünki dünyanı sömürən, qanını əmən bu sionist rejimə qarşı sadəcə biz deyilik. Yəhudilərin çoxu sionist rejimə qarşıdır. Bu anda embarqo İsrailə tətbiq edilməkdədir”.

B.Yıldırım çıxışında Azərbaycanın müstəqillik günü ilə bağlı təbriklərini çatdırdı: “Azərbaycanın müstəqilliyi mübarək olsun. Umarım, bir gün Qarabağ azadlığına qovuşar”. B.Yıldırım çıxışının sonunda Qəzza blokadadan azad edilməzsə, yenidən səfər edəcəklərini söylədi: “Əgər bu embarqo qaldırılmazsa, biz təkrar gedəcəyik. Dünya liderlərinə biz şans verdik. Dedik ki, biz yola çıxmadan dünya liderləri, embarqonun qaldırılması üçün İsrailə təzyiq edin”.

 Elçibəy hörmətlə yad edildi

 Türkiyəli yazar Hakan Albayrak çıxışına Azərbaycanın müstəqillik günü ilə bağlı təbriki ilə başladı: “Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı bütün istiqlal qəhrəmanlarını, başda Əbülfəz Elçibəyi rəhmətlə anıram”. Ə.Elçibəyin adının çəkilməsi gurultulu alqışlara səbəb oldu. Çıxışını davam etdirən H.Albayrak Azərbaycan Demokratik Respublikasının qurucularını da yad etdi: “Bugünkü Azərbaycanın siyasi atası rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin arkadaşlarının və təbii ki, qəhrəman Ənvər Paşanın, Nuru Paşanın, cəmi Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin ruhları qarşısında baş əyirəm. Bu gün Azərbaycanın daha azad məmləkət olması üçün mücadilə verən qardaşlarımıza da salam deyirəm”. H.Albayrak Türkiyə-İsrail münasibətlərinin tarixindən danışaraq qeyd etdi ki, İsraili ilk tanıyan ölkələrdən biri Türkiyə olub. H.Albayrak Türkiyənin bütün sahələrdə İsraillə əməkdaşlıq etdiyini və bu üzdən tarixi qonşuları ilə problemlər yaşadığını bildirdi. Türkiyəli yazar Türkiyənin İsraillə münasibətlər qurmasında keçmiş Sovetlər İttifaqının önəmli rolu olduğunu bildirdi: “Türkiyə əski Sovetlər Birliyinin, Rusiyanın təhdidi altında idi. Hər zaman işğal qorxusu vardı. Bu üzdən Türkiyə NATO ilə əməkdaşlıq etmək zorunda idi. ABŞ isə hər zaman adres olaraq İsraili göstərirdi. Sonrakı dönəmlərdə generalların təkidi ilə İsraillə işbirliyi quruldu. İsrail pilotları Türkiyə ərazisində təlimlər keçdi. Biz quru qoşunlarının da Türkiyədə təlim keçmələrindən xəbərdarıq”. H.Albayrak Türkiyənin ərəb dövlətləri ilə normal münasibətlər qurmağa başladığı andan İsraillə münasibətlərin pozulduğunu bildirdi: “2004-cü ildə Türkiyənin başbakanı “Həmas” liderinin qətlinin terror olduğunu söylədi. O zamankı İsrail hökuməti indikinə nisbətən ağıllı idi və başbakanımızın təpkilərinə loyal yanaşdılar. 2009-cu ilə qədər olan dövrdə də İsrailin hərəkətlərini Türkiyə qınadı. Ən böyük qınama başbakanın 2009-cu ildə Qəzzada 22 günlük savaşdan sonra Davosda İsrailə “van minut” deməsi idi. Bu, ilişkiləri sarsıtdı. Davosla “Mavi Mərmərə” dönəmində Türkiyə-İsrail ilişgilərində çox radikal dəyişikliklər oldu. Konyada düzənlənən Türkiyə-İsrail-ABŞ hərbi təlimləri təxirə salındı. Çünki Türkiyə İsrailin iştirakını istəmirdi. Daha sonra Ağdənizdə təlimlərdən imtina edildi. Yəni Türkiyə-İsrail ilişgiləri “Mavi Mərmərə” üzündən pozulmuş deyildi.  “Mavi Mərmərə”dən sonra Türkiyə-İsrail ilişgilərinin arasına qan davası girmiş oldu. “Mavi Mərmərə”dən sonra Türkiyə-İsrail ilişgilərinin əvvəlki kimi olması mümkünsüz hala gəldi. Davosdan sonra bu mümkün idi. Bəlkə yumuşalma ola bilər. Amma əvvəlki ilişgilər bərpa edilə bilməz”.

Vəkil Güldəm Sönməz  “Mavi Mərmərə” gəmisinə edilən silahlı basqının hüquqi müstəvidə həlli yollarından danışdı.  

 Otel rəhbərliyi “Mavi Mərmərə” faciəsini əks etdirən foto sərginin yığışdırdı

 G.Sönməzin çıxışı zamanı konfrans zalında gözlənilməz anlar yaşandı. Otelin rəhbərliyi konfrans zalında “Mavi Mərmərə” gəmisində baş verən faciəni əks etdirən foto sərginin yığışdırılmasını tələb etdi. Bu isə konfrans iştirakçılarının, millət vəkillərinin ciddi narazılığına səbəb oldu. Lakin “Avropa” otelinin rəhbəri, millət vəkilləri Sabir Rüstəmxanlının və Fazil Mustafanın etirazlarına baxmayaraq, təkidlə foto sərginin yığışdırdı. Xatırladaq ki, tədbirin “Park İnn” otelində keçirilməsi nəzərdə tutulmuşdu. Asiya Dialoqu İctimai Birliyi ilə “Park İnn” oteli arasında konfransla bağlı müqavilə imzalanmışdı. Konfrans iştirakçılarına paylanan dəvətnamələr də “Park İnn” oteli tərəfindən nəşr edilmişdi. Lakin konfransın başlanmasına 2 gün qalmış gözlənilmədən “Park İnn” oteli anlaşmanı pozdu. Otel rəhbərliyi anlaşmanı elektrik sistemində yaranan nasazlıqla əlaqələndirmişdi. Həmin gün “Park İnn”də olan əməkdaşlarımız otelin normal fəaliyyət göstərdiyinin şahidi olublar. “Park İnn” otelinin yetərincə gəlirli anlaşmadan imtina etməsi onu deməyə əsas verir ki, məsələyə Azərbaycan hakimiyyəti tərəfindən müdaxilə olunub. Türkiyənin israrlarına baxmayaraq, Azərbaycanın siyasi rəhbərliyinin İsraillə münasibətlərini davam etdirməsi şübhələrin əsassız olmadığı ehtimalını artırır. “Avropa” otelinin əslən türk olan sahibinin israrla foto sərginin yığışdırması bir daha onu sübut edir ki, Azərbaycan hakimiyyəti İsrail qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Əliyevlər hakimiyyəti Türkiyə ilə münasibətlərin pozulması hesabına belə İsraili sona qədər müdafiə etməkdə israrlıdır. Elə bu səbəbdəndir ki, Türkiyənin qəti mövqeynə baxmayaraq, Azərbaycan İsraildən 50 ədəd pilotsuz təyyarə almaq barədə yeni müqavilə imzaladı.

 Otel sahibi yalan danışdı

 Otelin sahibi müxbirimizə verdiyi açıqlamasında foto sərginin yığışdırılmasında siyasi səbəblərin olmadığını bildirdi:

– Mən otelin müdiriyəm.  Biz neytralıq. Biz heç bir tərəf deyilik. Ona görə bunu yığışdırdıq.

Siz konfrans keçirilən zalı icarəyə vermisiniz və müdaxilə etmək haqınız yoxdur.

Bizə iki gün əvvəl həftə sonunda müdiriyyət burada olmadan, az məlumat verərək müqavilə imzalayıblar.

– Hər halda siz müqaviləni imzalamısınız və pulunuzu almısız.

– Para söhbəti deyil. Biz bir otel olaraq tərəf tuta bilmərik. Tutmarıq da.

– Foto sərgini yığışdırılması barədə Azərbaycan hakimiyyəti sizə göstəriş veribmi?

– Hər kəs siyasi görüşünü söyləməkdə sərbəstdir. Amma bizə hər hansı bir göstəriş verilməyib.

 Onu da qeyd edək ki, özünü otelin müdiri kimi təqdim edən şəxs adını deməkdən imtina etdi.

 “Müdaxiləni 20 illik azadlığımıza qarşı hörmətsizlik hesab edirəm”

 Millət vəkili Sabir Rüstəmxanlı qəzetimizə verdiyi açıqlamasında olayın üzücü olduğunu bildirdi: “Azərbaycan 20 ildir öz müstəqilliyini bərpa edib. Bu 20 ildə müstəqil yaşamağın mənası odur ki, biz hər cür münasibətə acıq olaq. Yəni burada yəhudilər nə qədər öz münasibətlərini bildirirlərsə, Türkiyə tərəfi də məsələyə öz münasibətini bildirə bilər. Bura icarəyə götürülmüş yerdir. Burada bir təşkilat öz mövqeyini bildirir. Ona görə də bu müdaxiləni yersiz hesab edirəm. Dünyanın gözünün qarşısında baş vermiş hadisədir. Bu hadisə ilə bağlı həmin gəmidə olmuş, yardıma getmiş insanlar öz fikirlərini deyirlər. Həmin hadisəni əks etdirən təsvirlər burada nümayiş etdirilirdi. Bu müdaxiləni 20 illlik azadlığımıza qarşı hörmətsizlik hesab edirəm”.

Tədbirdə daha sonra “Mavi Mərmərə” gəmisində basqına məruz qalan şəxslər çıxış etdilər. Onlar İsrail hərbçilərinin qəddarlığı barədə ətraflı məlumat verdilər. Tədbirin sonunda “Mavi Mərmərə” həqiqətlərini Azərbaycanda dəstək verən siyasi xadimlərə, deputatlara və jurnalistlərə diplomlar təqdim edildi.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button