“Əfqan Muxtarlı azad olunsun!”-İCTİMAİ KAMPANİYA!

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb. Vəkil, Muxtarlının həbsdən azad edilməsi məsələsini “hakimiyyətin yadına salınması və ictimaiyyətin diqqətində saxlanılmasını” vacib bilir:

“Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.

Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar dəbdən düşüb.

Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq.

Bu bayram münasibətilə Ə.Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.

Xural.com saytının və eyniadlı TV kanalının baş redaktoru Əvəz Zeynallı da Əfqan Muxtarlının azadlığa buraxılmasını tələb edib. Ə.Zeynallı özünün facebook statusunda yazıb: “Təbii ki, Efqan Muxtarli azadlığa çıxmalıdır. Təbii ki, həbsxana Əfqan Muxtarlı üçün deyil və ola da bilməz. Təbii ki, Əfqan Muxtarlını şərləyib həbs ediblər və Əfqan Muxtarlı Azərbaycan jurnalistikasının çox dəyərli simalarından biridir. Mən həbs olunmamışdan əvvəl “Xural”ın baş redaktorunun müavinlərindən biri idi. Hər zaman dəstəyini sona qədər də ifadə etdi. Düşünürəm ki, təkcə Əfqan Muxtarlı deyil, başda Fuad Ahmadli olmaqla bütün siyasi və vicdan məhbusları azadlığa buraxılmalıdır. Onlar qədərindən artıq içəridə qaldılar!
Əfqan Muxtarlıya azadlıq!
Bütün siyasi və vicdan məhbuslarına azadlıq!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button