Kəmaləddin Heydərovun «şampan» əməliyyatı

Səfir Eldar Həsənov anlaşılmazlığa görə ölkəyə dəvət edilib

Azərbaycanın Macarıstandakı səfiri Eldar Həsənovun biznes əməliyyatına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qadağa qoyub.

Bu barədə XuralTAC-a etibarlı mənbədən məlumat daxil olub. Bildirilir ki, Eldar Həsənov «duti-fri» vasitəsilə ölkəmizdə satışa çıxarılan və qiyməti 150 manatdan yuxarı olan bahalı içkilərin idxalına rəhbərlik edirmiş. Ancaq son bir ayda E.Həsənovun biznesinə maneələr yaradılıb və bu maneə Kəmaləddin Heydərovun sifarişi kimi təqdim edilib.

Sentyabr ayında ölkənin ən nüfuzlu toy mərasimində istifadə edilən bahalı fransız şərabının Eldar Həsənovun əvəzinə, Kəmaləddin Heydərovun üstlənməsinin səbəbini də mənbə bununla izahlayır. Ancaq şadlıq mərasimindən sonra bəlli olub ki, «Fransa istehsalı» kimi məclisə verilən şərab Sloveniyada hazırlanıb.

Bu faktın ciddi problem yaratdığı və məsələnin aydınlaşdırılması üçün Macarıstandakı səfirimizin Azərbaycana dəvət edildiyi söylənilir. Ehtimal olunur ki, fakt təsdiqlənəcəyi halda ölkənin ən iri oliqarxlarından sayılan Kəmaləddin Heydərovun biznes strukturlarından birini itirməsi təhlükəsi mövcuddur.

Məlumatı dəqiqləşdirmək ölkə reallığında heç cür mümkün olmadığından hansısa cəhd etməyi mənasız saydıq. Amma yazıda adları çəkilən tərəflərin münasibətini dərc etməyə hazırıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button