Kişi bətni

Xəlil Rza Ulutürk

 İndi ən böyük mərəz –

Bu yırtıcı zümrədir, bu satqınlar ordusu.

 Cəmiyyət dənizdə kürül-kürül çoxalır

Yalan, riya kürüsü.

Bu dargözlər sürüsü, şərəfsizlər sürüsü…

Bunlar beş-altı deyil, on deyil, on beş deyil.

Bunlar bataqlıq ikən

Özünə gülşən deyir.

 

Təzyiqə, infakta dözür ürəyim,

Açıq düşmənə də can vermərəm mən.

Siz məni qoruyun öz içimizdə

Maskalı dəyyusun təbəssümündən.

 

Çörək də tapılmır, ət də, balıq da,

Məhəbbət, sədaqət çəkilib ərşə.

Çoxdu məmləkətdə başıpapaqlı,

Kişilik, dəyanət çəkilib ərşə.

 

Bağçalar, zəmilər od tutub yanır,

Göyərir rəzalət, bar verir rüşvət.

Sülənir hardasa namərd, kəmfürsət,

Dardadır cəsarət, çəkilib ərşə!

 

Arxlar daşla dolub, kəhrizlər bomboş,

Tüfeyli ortada meydan sulayır.

Qananlar qəlbinin yeyir qanını,

Qanmazın, alçağın qurdu ulayır.

 

Düşmən naşı deyil, seçir kütləri,

Xelqı öz əli ilə susdurmaq üçün.

Çəkir vəzifəyə, dartır irəli,

Qəbrini özünə qazdırmaq üçün.

 

Düşmən axmaq deyil… tanıyır, tapır,

Diriykən ömrünü bitirmişləri.

Xalq üçün düşməndən daha qorxulu,

Milli simasını itirmişləri.

 

Çin verir onlara, hələ pul basır,

Bərkidir satqınlar şəbəkəsini.

Birinin döşündən medal da asır,

Ört – basdır edərək qan ləkəsini.

 

Ürəyin qışqşrır… ağlım deyir: – Sus!

Bu qədər soyğunçu, bu qədər casus

Bu qədər qəlbi kar, ürəyi çopur,

Bunca ikiüzlü, üçüzlü hətta

Yüsifət, minsifət varsa həyatda

Demək, bu dağılmış dağılmalıdır!

Yeni bir cəmiyyət doğulmalıdır!

 

Sanki günəşi də oğurlayıblar,

Qaranlıq nə qədər qatıdır, sıxdır.

Bu çirkab içində təmiz yaşamaq,

Bəlkə də ən böyük qəhrəmanlıqdır.

 

İşlər böylə getsə… Böylə getməsin!

Getsə, bu gedişi boğacağam mən.

Bütün Azərbaycan övladlarını

Öz kişi bətnimdən doğacağam mən.

 

Bakı, 28 may 1979

 21 ocaq 1991

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button