Korrupsiya və rüşvətxorluq bəlası

 

Aynur Abbasova

Cəmiyyətimizdə dərin kök atmış bir sıra neqativlər var ki, bunlardan da ən təhlükəlisi korrupsiya və rüşvətxorluqdur. Son vaxtlar bu bəlanın aradan qaldırılması istiqamətində müəyyən inzibati tədbirlər görülməsinə baxmayaraq, problemin köklü şəkildə həlli tam ciddiliyi ilə gündəmdə qalmaqdadır. Anlaşılan odur ki, antidemokratik şəraitdə antikorrupsiya tədbirləri absurd məsələdir.

İdarəetmə mexanizminin əsasları korrupsiya və rüşvət üzərində qurulubsa, Azərbaycanda reallaşan beynəlxalq iqtisadi layihələrdən tutmuş kadr təyinatlarına qədər bütün fəaliyyət sahələrində bu neqativlərin elementləri özünə münbit yer tapıbsa, onda asanlıqla korrupsiya və rüşvətxorluğun aradan qalxmasına ümid bəsləyənlər yalnız özlərini aldadırlar. Axı canı, qanı rüşvət və korrupsiyadan yoğurulan rejim daşıyıcılarının prezidentin onlara barmaq silkələməsi ilə bir gecənin içində dönüb mələk olmasına və tamahlarından, onlara milyonlar gətirən gəlir mənbəyindən asanlıqla imtina etməsinə necə inanmaq olar?

Bəlli məsələdir ki, hüquqi sistem konstitusion əsaslar üzrə qurulmadan, ölkədə hökm sürən özbaşınalıq və anarxiya üsuluna son qoymadan, əsaslı siyasi islahatlar keçirmədən, idarəetmə sistemində demokratik dəyişikliklər aparmadan cəmiyyəti korrupsiya və rüşvət bəlasından xilas etmək mümkün deyil.

Korrupsiya və rüşvətə qarşı mübarizə elan etməklə iş bitmir. Rüşvət və korrupsiyanı yaradan zəmin aradan qaldırılmalıdır. Korrupsiyanın başında duranlar yüksək vəzifə daşıyanlar və vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dövlətin marağını öz xeyrinə satanlardır.

Qabiliyyət göstəricisi sovet dövrü təlimatçılarının işgüzarlığından uzağa getməyən istənilən şəxs əyri yollarla yüksək postlara əyləşdirilir və ondan nümunəvi fəaliyyətin deyil, yuxarılara “nümunəvi xidmət”in hesabı sorulur. Dövləti strukturlardan başlayan bu neqativlər sonradan cəmiyyətin bütün təbəqələrinə sirayət edir.

Deməli, korrupsiya və rüşvətxorluq hakimiyyətin içindən qaynaqlanır və bunun aradan qaldırılması üçün hakimiyyətin siyasi iradəsi tələb olunur…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button