Məni yaşım yormur…

Yaza-yaza, yarada-yarada 100 yaşayın, Sərxan əmi!

Müsahibim Sərxan Əhmədovdur. Düz 51 ildir ki, varlığından oğurlanıb lirik, satirik, dramatik şeirlərə, hekayələrə, təmsillərə, pedaqoji əsərlərə, aforizmlərə, deyimlərə və s. çevrilən düşüncə sahibi, ömrünün 76-cı baharına qədəm qoyan Sərxan müəllim.

– Xoş gördük, Sərxan əmi! Bildiyiniz kimi Hüsaməddinlə mənim “Xural”da “Dədə-Bala xımı-xımı” və “Qeybət Söhbət” adlı layihələrimiz var. Necə bilirsiniz qeybət edək, yoxsa?

– Yox, yox, qeybətdən çox uzağam.

– Elə mən də yaşınızın bu çağında sizi qeybətə çəkmək istəmirdim. Odur ki, birbaşa keçək sual-cavaba. Başlayaq mı?

– Mən hazır.

– 80-nin astanasında olan yaşınız sizi çox yorur, yoxsa yaradıcı beyin gəzdirən başınız?

– Məni yaşım yormur, beynimdə gəzdirdiyim bəzi fikirlər yorur. Qaldı ki, hafizəm, duyğum, fikrim və hisslərim öz yerindədir, onları qoruyub saxlamışam.

– Hal-hazırda yaşınızın ikinci “uşaqlıq” dövrünü yaşayırsınız. Çox maraqlıdır, bu yaşda nəvələrinizlə əylənmək sizə daha xoşdur, yoxsa yazı-pozu?

– Hərəsinin öz yeri var. Hər ikisi məhəbbətdən irəli gəlir, biri qəlbdən, digəri şüurdan. Onları bir-birindən ayırmıram və hər ikisi ilə eyni səviyyədə davranır və əylənirəm.

– Sizin ailəyə yaxın olan və şəxsən sizin yaradıcılığınızla maraqlanan adam kimi bilərəm ki, qucaq-qucaq əsərləriniz hələ də əlyazma şəklində durur. Niyə onları kitaba çevirmirsiniz, mənalı sözə qiymət verən yoxdur?

– Açığını deyim ki, buna maddi imkanın yol vermir. Mənim bu günə kimi 7 yox, 100, bəlkə də daha çox kitabım çıxa bilərdi. Amma… (duruxur). Mənalı sözə qiymət verməyə qalanda isə elə biri məni qiymətləndirən minlərlə Oxucum varsa bəsimdir… Bir mənalı söz həmişə öz çəkisindədir və qərinələr keçdikcə öz qiymətini itirmir.

– Hüsamməddinə deyəndə ki, sözünün kəsərinə və qələminin itiliyinə görə dədənə çəkmisən, acığı tutur və “mən ona yox, o mənə çəkib” deyir. Düz deyir?

– (Gülür…) Düz deyir. Çünki o məndən daha fəal və aktivdir, dosta, yaxına həmdəm olan adamdır və heç kimdən qaçmır. Mənsə elə şeylərdən uzağam.

– Niyə?

– Bəlkə deməyim?

– Yenə də…

– Təkcə onu deyəcəyəm ki, özümə qarşı saymazlıq görüb hiss eləsəm, acı söz eşitsəm ən azından 3 il özümə gəlmərəm. Xasiyyətim çox qəribədir…

– Oğlanlarınızla, daha doğrusu, Hüsaməddinlə dostluq etməyə dəyərmi?

– Mənim məsləkimdə, əqidəmdə olduğu faizlərə yüzdə-yüz zaminəm. Hamısını demirəm ha…

– Doğulmamışdan tanıdığınız Hüsaməddin sizdən çox narazıdır. Niyə?

– Doğru deyir.

– Hansı mənada?

– Çünki ona nisbətən mən daim ətalətdə olmuşam, sadəcə həyatın hiss və həyəcanlarıyla, həyata olan münasibətlərlə davrana bilməmişəm. Mövqe tutmaq, özünü tanıtdırmaq həvəsi mənə yad olub. Baxmayaraq ki, şeirlərim, hekayə və təmsillərim respublikanın əksər qəzetlərində çap olunub, radio və televiziyada səslənib.

– Demək, bütün bunlara siz adi gözlə baxırsınız?

– Bəli, həm də xeyr! Xeyr ona görə ki, bəzi üzdəniraq nankorlərin dediyi, “yazdığı kimi olmayan” Sərxan Əhmədov 12 uşağı haram pulla yox, məhz gözünün nurunu qoyduğu yazılarından aldığı qonorarla böyüdüb, boya-başa çatdırıb. Başda bu (Hüsaməddinə işarə edir) olmaqla uşaqlarımın hesabına gecə-gündüz bilmədən yazıb–yaratmışam.

– AYB-nin üzvüsünüzmü?

– Yox!

– Niyə? Yarım kitablıq “şeir” yazanlar AYB-nin üzvü ola bilir, bayaq özünüzün dediyi kimi 100 kitablıq sanballı şeir, hekayə və təmsilləri olan Sərxan Əhmədov yox!?

– Mən YB-nin üzvü olmağın həvəsində heç vaxt olmamışam. Baxmayaraq ki, Fikrət Sadıq bunu mənə dəfələrlə və təkidlə xahiş edib. Amma mən təvazökar olmaqla yanaşı, elə bilmişəm ki, mənim kimi yazarlara YB-nin üzvlük biletini gətirib evdə verəcəklər. Nə isə…

– Yeri gəlmişkən, postmodernizm cərəyanına münasibətiniz necədir?

– O sahədə yalnız Mayakovskiyə rəğbətim var.

– Özünü postmodernist hesab edən Hüsaməddinə də?

– Dedim…

– Xəstə olduğunuza görə sizi çox yormur və yubileyiniz – 75 yaşınız münasibəti ilə sizi təbrik edib deyirəm: “Yaza-yaza, yarada-yarada 100 yaşayın, Sərxan əmi!”

– Sağ ol, Sakit, mənim salamımı Əvəz Zenallıya çatdırın!

 

Sakit Orduxanlı

Cəlilabad şəhəri

 

Redaksiyadan:

Sərxan Əhmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona böyük yaradıcılıq illəri və uğurları arzulayırıq… Arzu edirik ki, Sərxan Əhmədovun 100 illiyini ölkə miqyasında qeyd edək və dəyərli dostumuzun bütün əsərləri gözlərinin qarşısında dərc olunsun.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button