Mənim dədəm

Baxıcı

Hüsamə Bin Sərxan

Heydər Əliyev mənim tanıdığım ən yaxşı padşah olub…

Bu dəfə dədəmdən yazacam. Məhz bu il 75 illik (ardı var, inşallah) ömrün anasını ağladan dədəmdən; Fəttah Heydərov, Anar, Şeyxulislam, “xotya bı” sovxoz anbardarı, cəhənnəm bala, Arif Babayev, Zəlimxan Yaqub olmağa “cəsarət” və “qabiliyyət”i çatmayan dədəmdən; özündən və övladlarından başqa hamıya əl tutan, fəqət sonda “demaqoq” damğası ilə mükafatlandırılan dədəmdən; nəinki AYB-nin, heç olmasa AYO-nun üzvlüyünə dəvət edilməyən dədəmdən; o dədəmdən ki, bütün həyatını yüzlərlə insanın “ərzi-bəndəliyinə”, normal yaşamasına xatir xərclədi. Sadəlövhcəsinə, köləcəsinə, borclucasına… Zira, bu dünyadan və bu dünyanın sakinlərindən heç nə qazanmadı. Amma bunu özünə dərd də etmədi. Fikirləşdi ki, “balıq bilməsə də, xaliq bilər”, inşallah. Düşündüyü kimi də oldu. Allah ona 15 övlad verdi. Bu 15 övladdan qırılanı qırıldı, qırılmayan 11 “baş”ı – mən başda olmaqla həyat və yaşamaq uğrunda mücadələ edir. Xoş ölənlərin halına. Qalıb, nə və kim olacaqdılar ki?!

Sərxan elə bir fenomendir ki, onun belindən gələnin aşağıda yeri olmaz, yuxarıya da buraxılmazlar. Bax mənim dədəm belə dədədir.

Əzabı sevən dədəm…

Hamı yaşadığı, içində fırlandığı dünyadan nə isə qoparıb. Heç olmasa qoparmağa cəhd göstərib. Yaxud hər bir insana bu dünyanın naz–nemətindən, təbii sərvətindən bir qismət pay düşüb. Dəhşətdi, abi! Təbiətin, Allahın sərəncamında olanları qoyuram kənara, Ulu Öndərin verdiyi əmlak payını da ona qıymadılar. O əmlak payını ki, canavarın, tülkünün, çaqqalın da payı vardı içində.

Bütün bu yazdıqlarımdan sonra heç də elə düşünülməsin ki, aciz kişi olub dədəm. Yox abi, yox! Özgələrinin qabağına düşüb işinə-gücünə yarıyanda, deyirdin bəs od–alovdu mənim dədəm. Öz övladlarına kömək lazım gələndə, sönmüş kibrit çöpünə dönürdü. Onun sayəsində anbardar, xəzinədar, briqadir, iş icraçısı, direktor, KQB-nin, hətta yazar-fason “status”u qazananlar və həmin köhnə vəzifələrinə xətir bu gün də iş, var–dövlət, “nüfuz” sahibi olanlar harada, bir tikə çörəkdən, bir atım quru çaydan ötrü gecəsini–gündüzünə qatıb çalışan övladları harada…

Demirəm, dədəm hərəkət və hərəkətsizliklərində səhv idi. Onun hərəkətlərini dəyərləndirmək mənim haqqım deyil. Onun həyata yolu bu sayaq əndrəbadi davranışlarından başlamışdı. Demirəm, o, övladlarını sevmirdi. Yox sevirdi, özü də hamıdan çox. Hətta sevdiyinə görə dəhşətli əzab da çəkirdi. Amma görünür, əzaba sevgisi övladlarına sevgisindən daha artıq imiş. Əzab çəkmək, sanki onun həyat tərzinə, xobbisinə çevrilmişdi. Mən də onu çox sevirdim (elə indi də). Ona xatir bütün dünya sakinləri ilə vuruşmağa belə hazırdım. Söz yox ki, nə o vaxt, nə indi o, mənim sevgimə inanmadı. İnansaydı, hər şey başqa cür, daha yaxşı ola bilərdi. Məhz bu inamsızlıq səbəbindən mən də həyatda çox şeylər itirdim. Çünki tək idim. Hətta mübarizələrimdə belə…

“Məmə” getdi…

Bilirsən abi, mən Azərbaycan tarixində yeganə cocuq olmuşam ki, 8-ci sinifdə oxuduğum zaman Cəlilabad rayon partiya komitəsinin katibi rəhmətlik İbrahim Qurbanovun qəbuluna düşmüşəm. Ki, dədəmin ərzi–bəndəliyini edim. Bu qəbul mənə asan başa gəlməyib. Bunu üçün üç cəhd və hər cəhd də 14 kilometrlik yolu pay-piyada qət etmişəm. Lakin uşaq olduğuma görə məni o qəbula buraxmayıblar. Dördüncü cəhdimdə tanımadığım bir qadının “qoltuğuna sığınaraq” (bunu nə o qadın, nə də katibin köməkçisi başa düşməyib) İbrahim Qurbanovun özü və partiyası qədər əzəmətli otağına soxulmuşam. Qadın şikayətini qurtarandan sonra otağı tərk etdi. Amma mən dayanmışdım. Kabinetdə, qəbulda iştirak edən büro üzvləri də “dəvə nalbədə baxan kimi” nəzərlərini mənə tuşlayıb, nə baş verdiyini anlamağa çalışırdılar. Nəhayət katib dilləndi: “Aaa.., maa… bax, maaa… Məmə getdi!” (Yəni it cəhənnəmə) Mən deyəndə ki, o qadın mənim məməm deyil, sanki onu əqrəb sancmışdı.

Hələ bu harasıdı, abi. Mən Azərbaycan tarixində yeganə cocuq olmuşam ki, 9-cu sinifdə oxuyarkən bütün baryerlərə, təzyiq və etirazlara baxmayaraq kəndimizə təşrif buyurmuş Heydər Əliyevə yerli məmurların qeyri-qanuni və ədalətsiz hərəkətlərindən şikayət etmişəm. Və deyim ki, şikayətim yüksək səviyyədə öz həllini tapıb və günahkarlar cəzalandırılıb. Bu mənada xüsusi vurğulamalıyam! Heydər Əliyev mənim tanıdığım ən yaxşı padşah olub.

Dilənçilərin padşahı dədəm!..

Padşah demişkən… Dədəm yaşadığı 75 illik həyatı ərzində heç bir padşahı sevməyib. Bu bəlkə də onun ən böyük səhvidir. Çünki hər bir insanın həyatında sevgiyə layiq bildiyi ən azı bir padşahı olmalıdır ki, o sevgiyə xatir, heç olmasa yaşamağa dəysin. Bir də axı padşahlarsız dünyanın halı necə olardı? Pis–yaxşı, sahibi olduqları ölkə sakinlərinin firavan həyatı, təhlükəsizliyi naminə həyatlarını qurban verən bu fövqəladə səlahiyyət sahibləri Allahları və ətrafları onlardan imtina edən kimi dünyanın ən cılız bəndələrinə çevrilirlər. Bu vəziyyətdə qadınları və övladları belə onlardan imtina edir. Onlar hər gün dar ağacı və edam kötüyü haqqında düşünməyə məhkumdurlar. Paradoks, yaxud taleyin kinayəsi? Anlamaq, ayırd etmək çox çətindir. Təsəvvür edin, əgər Liviya padşahı Müəmmər Qəzzafini öldürən Allah bəndəsi tapılarsa, onu heç bir cəza gözləmir və o, zamanın qəhrəmanı elan edilir.

Dədəm də “padşah” idi. Amma dilənçi və məzlumların padşahı. Artıq o, istefadadır. Ona görə yox ki, dilənçi və məzlumların sayı azalıb. Yox! Sadəcə onların psixi və mənəvi tutumları bu qədərdir. Onlara arxa söykəyib qılınc və qələm çalmağa dəyməzdi.

Yazımın “daban”ı:

Həmişə elə düşünmüşəm ki, dədəm məni sevməyib. Sevib eee… Həyətində saxladığı iti qədər. Qınamıram onu. Çünki mən gənclik illərində ondan normal yaşamağıma şərait yaratmasını ummuşam. Hətta bəzi hallarda tələb etmişəm. Onun mənim üçün edə bilmədiklərini məcbur olub özüm etməyə çalışanda, təbii ki, dədəm və ailəm üçün problemlər yaratmışam. Etiraf  edirəm ki, mənim qədər dədəsinə problem yaradan ikinci adam balası tapmaq çox çətindir bu dünyada.

…Mən haram yemək, qəddar, amansız və s. mənada dədəmi dövrünün akulası görmək istəyirdim. Təəssüf ki, o, heç kilkə də ola bilmədi. Amma bütün olub-keçənlərə baxmayaraq, yenidən dünyaya gəlmək şansım yaranarsa, yenə dədəm Sərxanın belindən gəlməyi tərcih edərdim.

…Mən bu yazımı yazarkən bir məsələni də anladım. Heç demə, dədəm məni problem yaradan oğul olduğuma görə deyil, ona oxşadığıma və bu üzdən bu dünyada ikinci Sərxanla rastlaşmaq istəmədiyinə görə sevmirmiş.

Başqa bir aləmdə görüşmək ümidi ilə, Dədə!

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button