Məhəmməd Talıblı yazır: “Herterin toyuq əti və Elçibəyin kitabı”

Tələbə adını qazananlara ithaf edirəm

 

Dünən sosial mediada yüzlərlə dostlarımın tələbə adını qazanmış yaxınlarının təbrik statuslarını oxudum. Ucqar kəndlərlən başlamış, qaçqın şəhərciklərinə, rayonlardan tutmuş paytaxtadək yalnız biliyi hesabına evlərdə sevinc işığı yandı. Sosial məşəqqətlərin tüğyan etdiyi və hüquqa münasibətin zədələndiyi cəmiyyətdə kasıbın gülüşü başqa aləmdir. Bu ənənənin əsasını Elçibəy və Vurğun Əyyub qoyub. Bu Tələbə adını qazananların, bütövlükdə cəmiyyətin elə dürüst insanlara böyük bir mənəvi borcu var. Məndən olsa, bu mənəvi-siyasi irsi dərindən dərk edən məzunlar Elçibəyin qəbrini direktiv və protokol qaydasında deyil, daxili istəyə bağlı olaraq ziyarət etsələr çox yaxşı olar. Rüşvətsiz təhsil sisteminin ideya müəllifi Elçibəy buna görə hər türlü hörmətə və dəyərə layiqdir. Təhsildən söz düşmüşkən, Elçibəyin kitaba da münasibəti bambaşqa olub.

 

JAN JAK RUSSO VƏ ZİQ ZİQLER 

Hüquq fəlsəfəsi mövzusunda ən çox bəyəndiyim kitablar içərisində “İctimai müqavilə və siyasi hüququn prinsipləri”ni desəm, yanılmaram. Müəllif Jan Jak Russo həmin kitabda rəhbər və onun hüquqa münasibətini ifadə edən olduqca sərrast fikirlər ifadə edib: ”İnsanlar güc və zəka baxımından bərabər olmasalar da, hüquq baxımından bərabərdirlər. Hökmdarın qanunların üzərində olub-olmamasını müzakirə etməyin də heç bir mənası yoxdur, çünki hökmdarın özü də dövlətin bir fərdidir. Ona görə qanunları yazan şəxsin belə qanunlarla bağlı heç bir hüququ yoxdur və ya olmamalıdır. ”Seyid cəddinə arxayın olan kimi” dövlət başçıları da öz imtiyazlarına arxayın olaraq özlərini külli-ixtiyar sahibi kimi aparanda ictimai münasibətləri zədələnir. Rəhbər və vətəndaş arasındak ictimai müqavilə pozulmağa başlayır. Qanun kağız parçasına çevrir. Bu halda rəhbər şəxslərin davranışını ədalət rəfinə iki haldan biri qoymalıdır. Ya rəhbər öz demokratik düşüncəsi və həddini bilən davranışı ilə hüququn cızdığı sərhəddi aşmamalıdır. Onu özünün rəhbər statusuna rəva bilməməlidir. Yaxud onun bu cür sərhəd tanımayan davranışını hüququn heç kimi nəzərə almayan sərt üzü və ya ictimai nəzarət mexanizmləri əngəlləməlidir. Hər iki halı ifadə edən iki fərqli örnəklər düşünmə üçün əsas verə bilər.
Müasir yazıçı və motivasiya ustadı sayılan Ziq Ziqların dünyaca məşhur olan əsərində (“Zirvəyə aparan addımlar”) maraqlı bir epizod var. Massaçusets ştatının qubernatoru bu vəzifəyə seçilmək üçün gərgin mübarizə aparırdı. Bütün səhəri seçki kompaniyasına həsr etmişdi. Nahar yeməyini ötürmüş və kilsədə təşkil olunmuş ziyafətə də gecikmişdi. Boşqabını uzatdıqda piştaxtanın o biri tərəfində dayanan yorğun qadın onun boşqabına bir parça toyuq əti qoydu.
– Bağışlayın, xanım, – O dedi,- Mənə bir az da toyuq əti verə bilərsinizmi?
– Üzr istəyirəm, cənab, hər qonağa yalnız bir tikə verilir,- qadın cavab verdi.
– Siz məni tanımadınızmı? – deyə qubernator özünü göstərmək istədi. – Mən Kristian Herterəm, bu ştatın qubernatoru.
– Mən də toyuq ətinin paylanmasına nəzarət edən qadınam,- deyə o cavab verir. – Zəhmət olmasa, kənara çəkilin.
Öz məsuliyyətinə qarşı həddən ziyadə sadiqlik göstərmək yaxşı görünməyə bilər, lakin qadının bu qədər özünü məsuliyyətli hiss etməsi tərifəlayiqdir. Mən ictimai münasibətlərin ruhu və rəhbərin davranışlarını tormozlama mexanizmləri deyəndə məhz bunu nəzərdə tuturdum. Belə nümunələrə biz kosmosda olan hadisə kimi baxmalı deyilik. Bizdə belə kütləvi hallar olmasa da, lakin bəzi istisnalar bu qanunauyğunluqları pozmaq gücündə olub. Başqa bir örnəyim uzaq ölkələrdən yox, məhz Azərbaycandan olacaq.

 

KİTABXANAÇI GİLEYİ VƏ ADNAN MENDERESİN YAXASI

 

Ölkə rəhbərləri elə edə bilər ki, onun adı gələndə insanların qanından qara qanlar axar. Elə də ola bilər ki, onun adı gələndə çöhrələrə nur gələr. Ruh saflaşar və məmnunluqla həmin şəxsin adı xatırlanar. İstənilən bir qurum rəhbərindən başlamış ölkə rəhbərinədək hər bir lider ətrafına nitqi və bədən dili ilə elə mesajlar verə bilər ki, insanlar onunla tamamilə rahat danışa bilərlər. İnsanlar ona dərdlərini çılpaqlığı ilə izhar edərlər. Hətta ətrafa ondan hesabat tələb edəcək qədər də sərbəstlik verə bilərlər. Bu mənada Elçibəyi xarakterizə edən bir hadisə mənə çox xoş təsir bağışlamışdı. 1993-cü ildə prezident aparatında işləmiş Hacı Hacıyevin maraqlı bir xatirəsini bölüşməsi Elçibəyin xarakterindəki insanı ovsunlayacaq daxili azadlığının miqyasını açıq ifadə edir: “Söhbət 1993-cü ilin aprel ayından gedir. O vaxt prezident aparatında çalışırdım. Aparatın kitabxanasının üzvü idim və arabir oradan kitablar götürürdüm. Kitabxananın direktoru təxminən 36-38 yaşlı bəstəboy bir şəxs idi. Günlərin birində, növbəti dəfə kitab sifariş edəndə mənə yaxınlaşıb şikayət elədi ki, prezident Elçibəy iki-üç ay əvvəl oxumaq üçün bir neçə kitab götürüb, amma onların istifadə müddəti bitsə də, hələ qaytarmayıb…”

Bir prezidentin götürdüyü kitabı qaytarmaqla bağlı bir kitabxanaçının gözləntisi həmin kitabxanaçının cəsarəti ilə bağlı deyildi. Elçibəyin ətrafındakı insanlara verdiyi azadlıqlaqdan doğurdu. Çünki o, səmimi davranışı ilə təkcə idarəetmə iyerarxiyasında olan komanda yoldaşlarına deyil, daxili ruhu ilə bütün cəmiyyətə azadlıq ruhu aşılamışdı. Bu hadisə mənə 50-60-cı illərdə Türkiyənin baş naziri olmuş Adnan Menderesin yaxasından tutub demokratiyanın yoxluğundan şikayətlənən bir gəncin oxşar maksimalizmi bölüşməsini xatırlatmışdı.
Azadlığın millətlərə limitlərlə verən dövlət başçıları da beləcə təkcə azadlığın düşmənləri deyillər, həm də özgüvənsizliyin simvollarıdırlar. Özünə güvənən və imkanlarına arxayın olan rəhbərlər, azadlıq üçün meydan açarlar. Həmin meydanı ya daraldıb, yaxud da oradan qaçmaq fürsəti yaradanlar tarixdə qəhrəman kimi qalmayıblar. Qaçmaq qəhrəmanlara yox, fərarillərə xas əlamətdir. Çünki qaçmaqla qazanılan qəhrəmanlıqlar olmur.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button