Məhkəmə iki jurnalistin həbs müddətini uzadıb

Martın 19-da Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasınin rəhbəri Əziz Orucovun və bu media qurumunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini iki ay uzadıb.

Bu barədə Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarlarından apellyasiya şikayətləri veriləcək.

“Hazırda məni ən çox Əzizin sağlamlığı narahat edir. Heç bir istintaq hərəkəti aparılmır, lakin həbs müddəti üçüncü dəfədir uzadılır”, deyə Lamiyə Orucova bildirib.

Öz növbəsində, Şamo Eminovun vəkili Əlibaba Rzayev də müdafiə etdiyi şəxsin həbs müddətinin uzadılmasının əsassız olduğunu qeyd edib.

“İttihamın heç bir hüquqi əsası yoxdur”, – deyə vəkil “Turan”a bildirib.

Bu açıqlamalara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Əziz Orucov ötən il noyabrın 27-də saxlanıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Sonra həbs müddəti uzadılıb.

Dekabrın 19-da ona qarşı cinayət məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Kanal-13-lə əməkdaşlıq edən jurnalist Şamo Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə 3 ay müddətinə həbs edilib.

Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub.Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittihamı qəbul etmirlər və onu peşə fəaliyyətləri ilə izah edirlər.

Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə, həbs edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button