Prokuror AXCP fəalına 7 il iş istəyib

Yayımlandı: 19 Mart 2024 17:56

İddia etdiyi pul qaytarılsa da, zərərçəkmiş təqsirləndirilən şəxsləri bağışlamadığını deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, 8 aydır həbsdə olan Elxan Əliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış edərək AXCP üzvünün 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Elxan Əliyev və onunla birlikdə mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevin işinə ötən ilin sentyabrından Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyasının icraatındadır.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham olunur. Cinayət işində söhbət Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından gedir. Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir. Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi. Bunu bilərək razılaşmışdı.

Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.

Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb. Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.

“Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, “gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.

Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.

Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.

Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla barışmayıb.

Elxan Əliyevlə birlikdə mühakimə olunan digər iki təqsirləndirilən şəxslərdən Vəfadar Axundovun 6 il, Yusif Əliyevin isə 6 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib. Yusif Əliyev hazırda həbsdə deyil. Prokuror onun hökmdə məhkəmə zalında həbs olunmasını təklif edib.

Bu iş üzrə məhkəmə prosesi aprelin 1-də vəkillərin çıxışıyla davam edəcək. Daha sonra təqsirləndirilən şəxslər son sözünü deyəcək və ardınca hökm oxunacaq.

Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var:

“Həbsdə olduğu 8 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Elxan Əliyev insult keçirmiş adamdır, onu bu vəziyyətə salmaq olmaz. Himayəsində 3 azyaşlı uşağı var…”.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb. Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button