MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

 Prezident seçkilərinin təbliğatına artıq start verilmişdi. Əvvəl namizədlərin sayının səkkiz olması haqda sizlərə məlumat vermişdik. Sonradan isə bir nəfər də bura əlavə olundu və həmin şəxs müstəqil şəkildə prezidentliyə namizəd kimi qeydə alındı. Bu şəxs Azərbaycan ictimaiyyətinə yaxşı tanış olmasa da, o biri namizədlərdən heç də geri qalmırdı. Hətta mən deyərdim ki, həmin şəxs ən şanslı namizədlərdən sayıla bilərdi. Lakin…

Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmənin qarşısı yarandığı gündən hələ bu qədər insan axınına rast gəlməmişdi. Minlərlə Azərbaycan vətəndaşları məhkəmənin binasını üzük qaşı kimi mühasirəyə almışdılar. Əllərində çoxsaylı plakatlat tutmuş adamlar çox qəzəbli görünürdülər. Həmin plakatlarda müxtəlif mövzuda şuarlar yazılmışdı. Şuarlarda “Rədd olsun diktator”, “Ömürlük həbs verilsin”, “Azadlıq meydanında asılsın”, “Atasının da cinayətlərinə baxılsın”, “Korrupsionerə ölüm”, “Azad sözün qənimi” kimi sözlər yazılmışdı. Həmin gün Azərbaycanın eks-prezidenti və son doqquz ili Azərbaycan xalqına sözün əsl mənasında qənim kəsilmiş,  diktator və xalq qənimi İlham Heydər oğlu Əliyevin ilkin məhkəmə prosesi başlamışdı. 1854 cildlik cinayət dosyesinin hazırlanması az müddət çəksə də, bu işə cəlb olunan 54 müstəntiq demək olar ki, gecə-gündüz çalışaraq, bu dosyeni ərsəyə gətirmişdilər. Həmin gün ölkənin və dünyanın bütün tele məkanlarının diqqəti həmin məhkəmə prosesinə yönəlmişdi. Cinayət dosyesində çoxsaylı ittihamlarla yanaşı, İlham Əliyev dünya diktatorlarının törədə bilmədiyi əcaib cinayətlərlə əhatələnmişdi. Burada insan haqlarının ifrat şəkildə pozulması, söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığının sıfıra endirilməsi, müstəqil şəkildə öz haqq səslərini ucaldan dərin zəkalı və vətənpərvər gənclərin həbsxanalara atılması, Heydər və İlham Əliyevlərin Azərbaycan xalqına qarşı yürütdükləri düşmən siyasətlərinə qarşı çıxan sadə və yazar insanları müxtəlif yollarla şərləyərək, həbs edilmələri, qətllər, vətəndaşlara qarşı təxribatlar, dünyada analoqu olmayan korrupsiya, rüşvət, beynəlxalq konvensiyalara imza atıb sonra o konvensiyaları kobud şəkildə pazmaq, 2003-cü ildə Gülhanə tibb hospitalından gələn saxta imza ilə İlham Əliyevin baş nazir təyin edilməsi, həmin ili qalib sayılan Müsavat başqanının prezidentlik haqqının hərbi yolla İlhamın xeyrinə ələ keçirilməsi, Azərbaycanın 20 faiz torpaqları işğala məruz qaldığı halda İlham Əliyev Zuğulbada, Mərdəkanda, Bilgəhdə, Xutorda, Qubada, Xızıda, Qusarda, Şamaxıda, Qəbələdə, İsmayıllıda, Lənkəranda, Göy-göldə, dünyanın bir çox ölkələrində, o cümlədən Dubayda özünə və övladlarına külli miqdarda vəsait hesabına başa gələn mülklər inşa etməsi və alması, ordudakı korrupsiyaya bilərəkdən göz yumması, atəşkəs dövründə şəhid olan əsgərlərin sayının müharibə vaxtı şəhid olanların sayından çox olması,  məmurların ölkə əhalisinə divan tutmasına şərait yaratması, büdcədən milyonlarla manat pulları atasının adını əbədiləşdirmək məqsədilə ona heykəllər ucaltmaq, adına  xiyabanlar, parklar salmaq, gərəksiz muzeylər və mərkəzlər yaratmaq, əsrin ən əcaib büdcə düşməni kimi tanınan “Heydər Əliyev fondu” fırlatmaq, Azərbaycanın neft sektorundakı neft quyularının bir çoxlarını sayğacsız şəkildə birbaşa cibinə  sovurmaq, xalqın çox hissəsi işsiz qaldığı halda kommunal xərclərin həddindən artıq yüksək olması, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərindəki yüksək rütbəli zabitlərin, şəxsən həmin idarələrdəki nazirlərin cinayət tərkibli əməllərinə görə fəaliyyətləri davam etdirmələri, 2005-ci ildə öz Konstitusion hüquqlarından istifadə edərək meydanlara axışan xalqa qarşı cinayət törədən polislərə havadarlıq etməsi, Gürcüstanda səfərdə olarkən “Yeni Fikir” gənclər təşkilatının sədri Ruslan Bəşirlinin gürcü hüquq müdafiəçiləri ilə görüşünü guya ermənilərlə ittifaq bağlamaqla həmin təşkilata yalandan iftira atması və Ruslan Bəşirlini haqsız yerə yeddi il həbsdə saxlaması, siyasi partiyaların normal fəaliyyətinə maneələr törətməsi, həmin partiyaları öz ofislərindən qanunsuz olaraq çıxarması, siyasi rəqiblərini nüfuzdan salmaq üçün ifrat dərəcədə qara piar təşkil etməsi, Qarabağ savaşını satqıncasına atəşkəslə əvəzləyərək, xalqa yalan ümidlər verməsi, hər il dövlət büdcəsindən iki dəfə artıq pulu büdcədən yayındırmaqla mənimsəməsi, neft və başqa sərvətlərin xalq arasında ədalətli şəkildə bölünməməsi, öz ailəsinin və yaxınlarının vəzifələrini böyüdüb onları reklam etməklə vəzifəsindən hədsiz dərəcədə sui-istifadə etməsi, …bu və bu kimi alternativsiz cinayətlərlə əhatələnmiş yüzlərlə ittihamlar göstərilmişdi.

Məhkəmənin önündə böyük bir səhnə, səhnəyə isə tribuna qoyulmuşdu. Tribanada çıxış etmək üçün ölkənin nüfuzlu ziyalıları, ağsaqqalları, vaxtilə Heydər və İlham Əliyevlər tərəfindən haqsız həbsə və təqiblərə məruz qalan səkkiz yüzdən çox keçmiş siyasi məhbuslar toplanmışdılar. Aparıcı isə o rejimdən ən çox əziyyət çəkən insanlardan biri olmuş Arif Hacılı idi. Məhkəmə qarşısında yaradılan bu tribunluqda məqsəd qəzəblənmiş xalqın İlham Əliyevə hücum etmələrinin qarşısını kəsmək idi. Hər halda cinayətkar Konstitusion hüquqlarla mühakimə olunmalıydı. Ora yığılan xalq isə İlhamı parça-parça etməyə hamısı amadə dayanmışdılar. Lakin buna imkan vermək olmazdı. Dünya ictimaiyyəti buna pis, bəlkə də nə bilim vallah, yaxşı baxardı. Ən acınacaqlısı o idi ki, keçmiş YAP-çılar da İlhama qarşı əllərində şüar yazılan plakatlat tutmuşdular. Nərimanov rayonunun keçmiş YAP şöbəsinin sədrinin əlindəki plakatda “Heydər və İlham, sizin  dədə-bala bu xalqı bir-birinə düşmən etmək istəyiniz şükür Allaha ki, gözlənilən ifşanızla və iflasınızla başa çatdı” – sözü yazılmışdı. Hətta onun sevincdənmi, qorxudanmı gözləri yaşarmışdı. Yəqin elə düşünürmüş ki, xalq bunun keçmiş YAP-çı olduğunu və vaxtilə “dədə-bala hoqqaları”nı təriflədiyini bilib çibin kimi çığnayar.

Arif Hacılı tribunadan camaatı səbrli olmağa çağırırdı. Emosional şüarların məhkəmə zalına keçməməsi üçün pəncərələrin şüşələri dördqat səskeçirməz şüşələr ilə örtülmüşdü. Bununla da məhkəmə hakiminin çıxışı və ittihamlarını İlham Əliyevə çatdırmaq mümkün olmuşdu. İçəridəki prosesləri izləmək və eşitmək üçün bayırda bir neçə yerdə iri monitorlar və səsgücləndiricilər qoyulmuşdu. Xalq öz keçmiş diktatorunu çox həvəslə dinləyir və dəmir barmaqlıqlar arxasında çox cəsarətsiz, cılız görünən müttəhimi seyr edirdi. Müttəhim arada hakimə – “Xahiş edirəm, mənim hüquqi tələbim yerinə yetirilsin” – deməklə, çoldəkilərin əməlli-başlı “Oxxxxxxaaaayyy” deməsinə şərait yaradırdı. Bir qoca kişi dil-boğaza qoymadan deyirdi ki, a millət, indi İlham hakimdən haqq-ədalət tələb edir, bə zamanında milyonlarla insanların haqqını pozanda, minlərlə günahsızları türmələrə saldıranda, xalqın malını dədə malı kimi qarnına təpələşdirəndə bilmirdi ki, bir gün gələcək, özü haqq deyə göyə dırmaşacaq. Baaaxx, adamı belə ləlik salallar.

Zəlimxan Yaqub tribunaya qalxıb nəsə demək istəyirdi ki, camaat hay salıb onu qovaladı. Gənc bir qız onun qarasına “Çox üzlü kub, şoğərib” ifadəsi işlətdi. Mən həmin qızın sözünə etiraz edib dedim ki, xanım əfəndim, şairə qarşı belə ifadələr işlətmək günahdır. Qız əl atıb az qaldı saqqalımı yolub yerə qoysun. Camaat birtəhər məni xilas etdi. Qız isə – O dədəmin cavan goruna and olsun ki, kim idi o saqqallı şoğərib, onu tapıb çırajam – deyirdi. Mən məsələnin çox ciddiləşdiyini görüb kirimişcə aralaşıb məhkəmənin arxa tərəfinə keçdim. Bir az oradan seyr etmək istəyirdim ki, bir də gördüm, dədə vaaay, həmin qız hamını bir-bir süzə-süzə məni gəzir. Bir nəfərdən xahiş etdim ki, gedib o qızı başa salsın və desin ki, mən Zəlimxanın dostu-zadı deyiləm. Sadəcə bir qələt idi yapdım. O da gəlib dedi ki, qız bilir kim olmağını, ancaq onu da qız dedi ki, istəyir döğma qardaşım olsun, Zəlimxanı, yaxud da Zəlimxanvariləri müdafiə edənləri Allah göydən yerə enə, bağışlamaram. Neyləmək olardı, bu da xalqın bir istəyidir. Mənə deyən gərəkdir ki, get şerini yaz daaa, sən Zəlimxanın vəkilisənmi?

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button