Mən iki dəfə oktyabrat olmuşam

Sabutay

(Bir dəfə şüursuz, bir dəfə şüurlu…)

18 oktyabr… 1991… istiqlalçı deputatlar… Dövlət müstəqilliyi aktının qəbul edilməsinin 20 illiyi ərəfəsində əsasən bu sözlər eşidilir. Hətta o dövrdə bu aktı imzalamış deputatlar bir balaca narazılıq edirlər ki, istiqlalçı deputatlara öz qiymətləri verilmir. KİV-lərdə 18 oktyabrla bağlı yazıları bitdə-bitdə oxuyuram. Əsl istiqlalçılar, hərəkatın qara işlərini görmüş əsl fədailərdən bir azacıq da danışılmır. O adamlardan ki, azadlığın və demokratiyanın xalqımıza ədalətli cəmiyyət bəxş edəcəyinə inanaraq, fədai həyatına qədəm qoymuşdular. Onlar bu hərəkata partiya sədri, qəzet rəhbəri, qht təsisçisi və s. olmağa yox, müstəqillik uğrunda lazım olanı etmək üçün qoşulmuşdular. Əsl vətəndaş olmağa hazır bu adamları fərd-fərd sadalamaq çətindir. Onlar az deyildilər. Mitinqlərdə, tankların qarşısında, milis qüvvələri ilə üzbəüz ön sıralarda onlar tarix yazıblar. Məhz bu adamların çiyinlərində və ürəyində, həmin deputatların sadəcə texniki olaraq icra etdikləri tarix yazıldı, müstəqillik aktı imzalandı. Amma çox keçmədi, istər istiqlalçı, istər istiqlalçı olmayan deputatlar məhz onların oktyabrını solğun payıza döndərdilər. O adamlar fədailiyi ona görə seçməmişdilər ki, “müstəqil diktatura” qurulsun, o admlar fədailiyi ona görə seçməmişdilər ki, bir gün özləri də bu vətəndən baş götürüb qaçsınlar. O adamlar xalqın içindən olan və xalqı daim ədalətli cəmiyyət üçün səfərbər olmağa səsləyən sözün tam mənasında vətəndaş idilər.
1992-ci ildə AXC-Müsavat-Kommunist Partiyası alyanslı hakimiyyəti birbaşa onlara, eləcə də xalqa mənəvi zərbə vurdu. Hakimiyyətə gətirilmiş liderlər tezliklə onları, eləcə də xalqı unutdu. Daha doğrusu, xalq qarşısında məsuliyyəti hansı səbəbdənsə zibil qutusuna atdılar. Hakimiyyətdə ola-ola ikinci iqtidar partiyasının yaradılması, Azərbaycana diktatura gətirəcək qanunsuz parlamentin buraxılmaması, totalitar rejimdən qurtulmuş bir cəmiyyəti yenidən qurmağa yönəlik addımların atılmaması və daha nələr… Deyirik və əslində haqq qazanmaq üçün deyirik: “Qısa bir vaxtda nə etmək olardı ki?..” 1918-20-də, məhz qısa bir vaxtda əsası qoyulan dövlətçiliyimiz məhz qısa zamanın məhsulu idi. AXC daxilində qrupbazlıq davalarını milli hakimiyyətə daşımaq nadanlıq əlaməti deyildimi? Nəticə, xalq içində bütün dayaqlar sarsıldı, sürətlə söküldü. Sarsılmış eloktratdan, hə, onlar – fədailər azadlığın eloktoratı idi, mənəvi cəhətdən zərbə alan fədailərdən məhrum olunmaq nəticəsində Azərbaycan diktaturaya hamilə qaldı və bu bicbalanı doğdu. Sovetlərin vurduğundan qat-qat artıq zərbəni zəkadan mərhumların sayəsində aldıq. Ya zəlzələdən, ya vəlvələdən. Diktaturanın boğazımıza keçməsində bu proseslər öz rolunu oynadı. 70 illik imperiyadan qat-qat artıq zərbəni də bu diktatira xalqa vurdu. Məgər xalqın öz oktyabırına bu dərəcədə rişxəndlə baxdığı dediklərimə sübut deyilmi və yaxud bunları görmək istəmirsinizmi?
Kasıbçılıq, ümidsizlik və vətəndən baş götürüb getmək fədailərin həyatına yazıldı. Çünki qht-şnik, partiya rəhbəri olmaq, parlamentə saxta deyib deputatlıq etmək və s. onlarlıq deyildi.
Hansısa oliqarxın himayə etdiyi partiya yaratmaq, müxalifət qəzeti açmaq, 1051 dəfə liderlər birləşdi anonsu verib 1001 dəfə dağılmaq… onlarlıq proses deyildi. Onların mənəvi üstünlükləri idealistcəsinə ədalətli cəmiyyətin qurulacağına inamda idi və bu silahdan məhrum olmaqla onların fəaliyyəti dalana dirənirdi. Öz istəkləri ilə üçrəngli bayrağı gizlincə evlərində tikəndə, bu bayrağı mitinqdə daşıyan da, bayrağa bürünüb döyülən də, onu dövlət binasında ucaldan da məhz onlardır – vətəndaşdır. Bu sadə fədainin öz əli ilə qaldırdığı bayrağı indi “rəsmiləşdirdim” deyə əlindən almaq istəyir. Əslində, fədailərin mübarizəsini tarixin səhifəsinə düşməsindən qorxurlar.
Bilirsiniz, bu gün diktaturayla mübarizənin təşkil edə bilməməsinin səbəbi də həmin adamların yoxluğundadır. Generallar generallığındadır, əsgərlər isə… yoxdur. İstiqlalçı deputatların hər birinin vəziyyəti hərəkata ömürlərinin ən yaxşı illərini qoyub, öz şəxsi həyatlarında istər maliyyə, istər digər yönlərindən daimi zərbə almış həmin adamlardan qat-qat yaxşıdır. Adları var, qəzetlərdə müsahibələri və s., s… Lazım olanda da siyasətdən dala çəkilib özlərini qoruyurlar ki, gələcək də yenə “istiqlalçı” olsunlar. Halbuki onlar əslində texniki istiqlalçılardan başqa bir şey deyil. Əsl istiqlalçı deputat heç vaxt razı olmazdı ki, istiqlal əleyhinə olan bir deputat onunla bir parlamanda əyləşsin. Vurub öldürərdi, vətən xaini kimi, çünki bu müstəqilliyi o, həyatı bahasına əldə edir. Texniki istiqlalçılar isə… əksəriyyəti hələ də xalqın yaxın belə gəlmədiyi siyasi meydanda fırlanmaqdır.
Mən iki dəfə oktyabryat olmuşam. Mən, yəni xalqım. İlk dəfə hamımıza məktəbli yaşımızda oktyabryat adı veriblər. Trotskinin planlaşdırdığı heyrətamiz plan nəticəsində baş tutan və Lenin adına yazılan Böyük Oktyabr İnqilabının şərəfinə bizləri xəbərsiz oktyabryata döndərdilər. İkinci dəfə isə biz azadlığımız və müstəqilliyimiz üçün şüurlu surətdə oktyabryat olduq.
Və indi müxalifət-iqtidar kruqları özləri üçün nə qədər bayram süfrəsi açsalar açsınlar, xalq üçün bu payız öz solğunluğu ilə ürək sıxıcılığı gətirir.
İndi tez-tez deyilir ki, inqilaba hamiləyik. Bunun hakimiyyətin apardığı amansız siyasətin mayalaşma sonundan əmələ gələcəyini deyirlər. Olsun. Amma inqilabı edən fədailər olur. Bu dəfə onlar müstəqillik payızını azadlıq günəşinin baharına qovuşduracaqlar. Heç onlara istiqlalçı deputat-zad da gərək deyil. Hər şey barrikadada həll olunur. Hər şey dəyişəcək!

“Xural” qəzeti,
il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button