Mənim həbsimdə Gəncə prokuroru maraqlı idi

Elşən Ələkbərov

Məhbus Elşən Ələkbərov: «Mən onların rüşvətxorluğunu ifşa

Gəncənin prokuroru Adil Vəliyev

etdiyimdən, məndən qisas aldılar»

 Elşən Ələkbərovu yaxınları, qohumları güləriz, ürəyiyumşaq və həssas insan kimi tanıyırlar. Onların sözlərinə görə, Elşənin yolu hüquq-mühafizə orqanlarının qapısına düşməyənə qədər çox gözəl həyatı və nümunəvi ailəsi olub. Gənc ailə başçısı rəsmi olaraq «işsiz» sayılsa da – Gəncədə iş tapmaq o qədər də asan məsələ deyil – zəhməti bahasına özünü ora-bura vuraraq, ailəsi üçün bir parça çörək qazanıb. Ancaq bir gün dostlarından birinin onu öz qızının ad gününə dəvət etməsi bütün həyatını məcrasından çıxarıb, əzizlərini, doğmalarını həbsxana yollarına salıb.

Ad günündən həbsxanaya

 17 may 2009-cu ildə Elşən Ələkbərov dostu İlqar Sadıqovun dəvətilə Gəncə şəhərində yerləşən «Gəncə Əyləncə Ailəvi İstirahət Mərkəzi»ndə keçirilən ad gününə dəvət alır. Məclis dostyana, səmimi olduğundan, gərgin iş günündən sonra ona təklif olunan spirtli içkidən də imtina etmir. Bir tərəfdən yorğunluq, bir tərəfdən də günün axşam saatlarının olması Elşənin yorğunluğunu üzə çıxarır və yatmamaq üçün onunla bir masa arxasında əyləşən Arzu Tağıyevlə söhbət etməyə başlayır. Bir vaxtlar polis əməkdaşı olduğunu iddia edən Arzu Tağıyev ona verilən vəsiqənin də indiyədək özündə qaldığını söyləyir. Elşən bunun mümkün olmadığını, işdən çıxan zaman vəsiqənin də həmin adam tərəfindən təhvil verilməsinin tələb olduğunu söyləsə də, Arzu Tağıyev israrla vəsiqənin özündə olduğunu iddia edir. Elşən zarafatla əlini onun döş cibinə – Arzu Tağyev tez-tez vəsiqənin orda olduğunu söyləyir – ataraq vəsiqəni götürmək istəyir. Ətrafında oturmuş hər kəsin yanında pərt olacağını düşünən Arzu Tağıyev Elşən Ələkbərovun bu hərəkətinə bərk əsəbləşir və onu bayıra çıxmağa, «məsələni aydınlaşdırmağa» dəvət edir. Elşən etiraz etmir və Arzu ilə Mərkəzdən bayıra çıxır.

Elşən Ələkbərovun sözlərinə görə, bayıra ayaq atar-atmaz Arzu Tağıyev gözləmədiyi halda onun üzünə yumruq atır. Fiziki baxımdan Elşəndən qat-qat güclü olan Arzu Tağıyev çox asanlıqla onu döyməyə başlayır. Elşən nə qədər xilas olmağa çalışsa da, onun əlindən qurtara bilməyəcəyini görür: «Mən indiyədək bir toyuq başı belə kəsməmişəm. Ürəyim götürməyib. Amma gördüm ki, başqa yolum qalmayıb, səs-küyə də gələn yoxdur. Əgər əlimi cibimə atmasaydım, yəqin Arzunun əlində də ağır travma yaraları alaraq öləcəkdim. Mən sadəcə özümü müdafiə etdim. Cibimdə meyvə-tərəvəz doğramaq üçün saxladığım cib bıçağımı çıxarıb, ona tərəf tuşladım. Qorxutmaq istəyirdim, amma dərhal bıçağın ona dəydiyimi hiss etdim. O məndən əlini çəkən kimi qaçıb uzaqlaşdım. Mən hətta belə bir vəziyyətdə də Arzunun məni yenidən döyəcəyinə əmin idim» – deyən Elşən Ələkbərov evə çatar-çatmaz bədənində kəskin ağrıların başladığını söyləyir.

Redaksiyaya Elşən Ələkbərov tərəfindən təqdim olunan sənədlər içərisində Səhiyyə Nazirliyinin İSİ-nin əməkdaşı, müalicə həkimi Ş.Quliyev tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibbi kartından çıxarışından da görünür ki, Elşən Ələkbərov qapalı kəllə-beyin travması, hər iki diz qapağının hematoması, bel nahiyyəsinin əzilməsi, sifətin çoxsaylı sıyrıqları ilə 2009-cu il mayın 18-də həkimə müraciət edib. Təxminən 15 gün xəstəxanada yatandan sonra evə buraxılıb.

 Zərərçəkənlə barışmaq hakimin ürəyini yumşaltmayıb

 Elşən Ələkbərov həbs olunandan sonra zərərçəkmiş şəxs qismində olan Arzu Tağıyev hələ birinci instansiya məhkəməsində işin faktiki hallarına uyğun ifadə verərək Elşən Ələkbərovla barışdığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirir. Hətta Apellyasiya iclasında da eyni məzmunlu ifadə verərək Elşən Ələkbərovla tam barışdıqlarını, aralarında heç bir narazılığın olmadığını və ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirir və məhkəmə tərəfindən bütün bunların nəzərə alınmasını istəyir.

«Elşənlə aramızda olan mübahisəni səhəri gün çətinliklə xatırladım. Çünki hər ikimiz içkili vəziyyətdə idik və nə etdiyimizi şüurlu olaraq dərk etmirdik. Mən sonradan Elşəni yaxından tanıdım və inandım ki, o məni öldürmək məqsədi güdməyib, sadəcə, bədəncə məndən zəif olduğu üçün özünü müdaifə etməyə çalışıb. Bu gün bizim münasibətlərimizi çox normal hesab etmək olar. Onun gənc ailəsi var və bu hadisəyə görə ailəsinin zərər görməsini istəməzdim» – deyən Arzu Tağıyev olanları unutmağa hazır olsa da, hüquq mühafizəçiləri işi «boş» buraxmaq istəməyiblər. Hətta istintaq apararkən də hər iki şəxsin psixoloji durumu nəzərə alınmayıb. Maraqlıdır ki, həmin hadisədən sonra ciddi bədən xəsarəti alan Elşən Ələkbərov mütəmadi müalicəyə ehtiyacı olsa da, həbsxana şəraitində bunu həyata keçirə bilmir və vəziyyəti hər gün ağırlaşır.

Gəncə Apellyasiya Məhkəməsinin Kollegiyası Cinayət Prossesual Məcəllənin 397.1, 397.2, 398.1.4, 399.15, 404 və 407-408-ci maddələrinə əsas gətirərək, Elşən Ələkbərovun Apellyasiya şikayətini təmin etmir. Amma Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli hökmü ilə Elşən Ələkbərova təyin edilmiş 6 il həbs cəzası 4 il 6 aya endirilir. Onun həbsdə saxlanıldığı 10 ay 13 gün həmin cəzadan çıxarılsa da, qəti olaraq 3 il 7 ay 17 gün azadlıqdan məhrumetmə cəzasını çəkməsinə qərar verilir.

 «Mənim həbsim qərəzlidir»

 Artıq bir ilə yaxındır ki, ağır xəstəliklə həbsxanada cəza çəkən Elşən Ələkbərov redaksiyamıza müraciət edərək, haqqında çıxarılan qərarın ədalətiz olduğunu və prokuror əməkdaşları tərəfindən ondan tələb olunan rüşvəti ödəyə bilmədiyi üçün daha ağır cəzaya məhkum olunduğunu iddia edir və redaksiyadan haqlarının bərpa olunması üçün yardım göstərməsini xahiş edir.

Onun sözlərinə görə, əvvəllər baş vermiş başqa bir hadisədə prokurorluq əməkdaşları rüşvətxorluqda ifşa olunduqlarından, budəfəki hadisə əllərinə «girəvə» kimi düşüb və qisas almaq üçün qərəzçilik apararaq ona layiq olduğu cəzadan daha ağır cəza verilməsinə nail olublar: «Adil Vəliyevin özü şəxsən məni qəbul etdi və ağır təhqiramiz söyüşlər söyməyə başladı. Mən ona deyəndə ki, vəzifə səlahiyyətlərinizdən istifadə edib, məni təhqir etməyin və danışıqlarınıza fikir verin, o, daha da əsəbləşdi və məni təhqir etməkdə davam etdi. Mən belə başa düşdüm ki, Adil Vəliyev şəxsən mənim həbsimdə maraqlıdır və daha ağır cəza almağım üçün onun xüsusi göstərişləri olub».

 Kamal Hüseyn

Redaksiyadan:

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button