“Məqsədimiz prezidenti öldürmək yox, həbs etmək idi…”

Latın Amerikasının yoxsulluq və qeyri-stabillik girdabına yuvarlanmış ölkəsi Haitidə prezidenti öldürən, birinci xanımı ağır yaralayan muzdlular dəstəsinin 11 üzvü tutulub. 7 nəfəri isə Haiti polisi tərəfindən öldürülüb.

11 muzdlunun paytaxt Port-o-Prensdəki Tayvan nümayəndəliyinin ərazisində yaxalandığı bildirilir. Prezident Jovanel Moizi öldürən dəstənin üzvlərinin əksəriyyəti kolumbiyalıdır, istefada olan hərbçilərdir. Kolumbiyanın müdafiə naziri Dieqo Molano Aponte bildirib ki, İnterpol həmin muzdlularla bağlı onlara rəsmi sorğu verib və Kolumbiya hökuməti araşdırmada Haiti hökumətinə təxirəsalınmaz dəstək verməyə hazırdır.

Haiti polisinin rəhbəri Leon Şarl qruplaşmanın 28 nəfərdən ibarət olduğunu, onlardan 26-nın Kolumbiya vətəndaşları olduqlarını bildirib. Qalan ikisi isə Haiti sakinləridir, amma ABŞ vətəndaşlığı daşıyırlar. Tutulanlardan biri Haiti mənşəli amerikalı Ceyms Solajdır. O, ABŞ-dakı Kanada səfirliyində mühafizəçi işlədiyini bildirir. 2019-cu ildə Florida ştatında xeyriyyə təşkilatı təsis edib, özünü uşaqların müdafiəçisi və “perspektivli gənc siyasətçi” kimi tanıdıb. Digər amerikalı isə Haiti mənşəli Jozef Vensandır.

Amerikalı muzdlular dindirmə zamanı bildiriblər ki, onların qarşısında prezidenti öldürmək vəzifəsi qoyulmamışdı. Və onların məqsədi “istintaq məhkəməsinin çıxardığı order əsasında” Jovanel Moizi həbs etmək olub. Amerikalılar özlərini dəstənin tərcüməçiləri kimi təqdim ediblər. Lakin onların hansı orderdən bəhs etdikləri məlum deyil.

Solaj deyib ki, “bu iş haqda” internetdən məlumat əldə edib. Haitiyə bir ay əvvəl gəlib, qalan muzdlular isə üç ay əvvəldən Haitidə idilər.

Muzdluların avtomobillərinə baxış zamanı Moizin iqamətgahındakı videomüşahidə kamerasının serveri, onun arvadının çek kitabçası və odlu silahlar aşkarlanıb.

Xatırladaq ki, Haiti prezidenti iyulun 7-dən 8-nə keçən gecə iqamətgahına silahlıların hücumu zamanı öldürülüb. Onun arvadı Martin Moiz ağır yaralanıb və kritik vəziyyətdə ABŞ-a aparılıb. Hücumun sifarişçisilərinin Haitinin qüdrətli narkobaronları olduqları ehtimal edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button