Makedoniyanın adı dəyişdi

Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı razılaşma imzalayıblar.

Xarici işlər nazirləri Dimitry Dimitrov və Nikos Kotsias sənədi Prespa gölünün sahilindəki iqamətgahda imzalayıblar. Bu göl Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşir.

İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Alexis Tsipras , BMT-nin vasitəçisi Matthew Nimetz və digər Avropa rəsmiləri də iştirak ediblər.

Bu razılaşma, Makedoniyanın adına görə Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalıdır.

Makedoniya indən belə Şimali Makedoniya Respublikası adlanacaq.

Amma bu razılaşmanı hər iki ölkənin parlamenti də təsdiqləməlidir. Bundan başqa razılaşma Makedoniyada referenduma çıxarılmalıdır.

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.

O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərinfən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

Bu razılaşma Şimali Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü məsələsində maneəni də aradan qaldırır.

Beləki hər iki blokun üzvü olan Yunanıstan Makedoniya adlı ölkənin bu təşkilatlara üzvlüyünü əngəlləyirdi (azadliq.org).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button