Mehman Əliyevlə bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət qəbul olundu

Ölkədə baş alıb gedən haqsızlıqlara, repressiyalara qarşı fəal mübarizəyə qoşulun!

Avqustun 31-də “Mehman Əliyevə Azadlıq” Komitəsi Siyasi Məhbusları Müdafiə Mərkəzinin dəstəyi ilə toplantı keçirib. Toplantıda Mehman Əliyevin həbsi ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub. Müraciətdə deyilir:

Azərbaycanda sosial- iqtisadi vəziyyətin ağırlaşdığı bir ərəfədə siyasi və iqtisadi islahatlar aparmaq əvəzinə hakimiyyət ölkədə avtoritarizmin daha da möhkəmlənməsi üçün səylərini davam etdirir. İnsanlar fərqli və müstəqil düşüncələrinə, tənqidi fikirlərinə görə şərlənib həbs olunur. Hazırda ölkə həbsxanlarında ən azından 160- dan çox şəxs siyasi motivlərlə həbsdədir. Azərbaycan siyasi və vicdan məhbularının sayına görə Avropanın lider ölkələrindən biridir. Bütün bunlar isə söz, ifadə, vicdan, mətbuat və digər hüquq və azadlıqların məhdudlaşdırılması, ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin aradan qaldırılması, ölkənin dünya xalqları arasında müfuzunun azalmasına, beynəlxalq imicinin pisləşməsinə, dövlətin zəifləməsinə səbəb olur.

Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün qanunsuz həbsləri repressiya aləti kimi geniş istifadə edir. Təkcə 2017- ci ilin ötən 8 ayında 20- yə yaxın tanınmış ictimai fəal, blogger, jurnalist, dindar siyasi motivlərlərlə həbs olunub. Siyasi məhbus Mehman Qələndərovun həyatına Bakı İstintaq həbsxanasında müəmmalı şəkildə son qoyulub. Mehman Hüseynovun, Əziz Orucovun, Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi ardından “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxta ittihamlarla azadlıqdan məhrum edilib. Mehman Əliyev Azərbaycan Respublikası CM-nin 213.1 (vergidən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.
Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin 25 avqust 2017-ci il tarixli qərarı ilə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barəsində noyabrın 7-nə qədər həbs qətimkan tədbiri seçilib. “Turan” İA 1990- ci illərdə yaradılmış Azərbaycanın ilk və son müstəqil İnformasiya agentliyidir. 3 dildə dünyanın müxtəlif ölkələrinə məlumat paylaşımı edir. Ölkənin ən obyektiv və etibarlı xəbər mənbəyidir.

Mehman Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi məhz onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Əgər belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı. Hətta onun barəsində verilmiş “vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıq” kimi ittihamlar həqiqət olsaydı belə, həbs qətimkan tədbirinin seçilməsinə lüzum olmazdı. Bundan əlavə, bütün çağırışlara vaxtında getmiş, daimi iş və yaşayış yeri olan Mehman Əliyevin istintaqdan qaçıb gizlənmə ehtimalı da absurddur.
Hesab edirik ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır. Azərbaycan hakimiyyətindən tələb edirik ki, Azərbaycanın Konstitusiyasına və qanunlarına, beynəlxalq hüquq normalarına, beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etsin. Azərbaycanda demokratik inkişaf, fundamental hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatları əməli işlərlə həyata keçirsin. Mehman Əliyev və həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın.

Azad, demokratik, sivil cəmiyyət qurulması uğrunda mübarizə aparan insanları, eləcə də bütün vətəndaşları ölkədə baş alıb gedən haqsızlıqlara, repressiyalara qarşı fəal mübarizəyə çağırırıq!

Siyasi partiyaların, vətəndaş cəmiyyəti təmsilçilərinin, media mənsublarının QHT və hüquq müdafiəsi təşkilatlarının bu mübarizəyə töhvə verməsinin zəruriliyini vurğulayaraq, dünyada demokratiyanın inkişafını öz xarici siyasətini prioriteti hesab edən ölkələri, beynəlxalq qurumları Azərbaycanda siyasi məhbus probleminin həlli üçün təsirli tədbirlər görməyə çağırırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button