Milli rəqsin canlı əfsanəsi

Kamil Dadaşov
Kamil Dadaşov

Kamil Dadaşov: «Bakıya qızıl medalla qayıtdıq və mükafat kimi hərəmizə metrəyarım şalvarlıq verdilər…»

Kamil Dadaşovu uzun illərdir ki, tanıyırıq. Bu peşəkar rəqqas və gözəl insan 1956-cı ildə çəkilmiş «O olmasın, bu olsun», 1963-cü ildə «Əhməd haradadır?», 1979-cu ildə lentə alınmış «Qəribə adam» kinofilmlərində yaradılmış rəqs səhnələrinin əvəzedilməz ifaçısıdır. O, bir tamaşaçı kimi yaddaşımızda silinməz izlər buraxıb. Hər dəfə bu filmlərə baxanda, «baxın, öndəki rəqqas Kamil Dadaşovdur» demişik və onu şəxsən tanıdığımızdan qürur duymuşuq.

Yaşı 75-i haqlamaq üzrədir. Gələn il onu sevənlər, sənətinə hörmət edənlər Kamil Dadaşovun yubileyini dost əhatəsində qeyd etmək niyyətindədirlər. Halbuki o, daha artığına layiqdir. Çoxdandır ki, müxtəlif səbəblərdən onunla görüşmürdük. Ötən illər ərzində bu əvəzolunmaz rəqqasın Azərbaycanın rəqs sənətində göstərdiyi xidmətlərinə görə «Xalq artisti» adına layiq görüldüyünə inanırdıq. Ancaq özü ilə söhbətən sonra hələ də «əməkdar artist» olduğunu öyrəndik və çox təəssüfləndik. Düzdür, özünün buna görə narahat olduğunu görmədik, hətta zarafatyana təvazökarlıqla, «vacib deyil ki, rəsmi «xalq artisti» olasan, elə sizin kimi xalqımın pərəstişkarları məni sevib, sənətimi izləyirlərsə, demək, artıq xalqın artistiyəm» – deyir. Sənətinə bu qədər əmək sərf etməsinə baxmayaraq, iddialı da deyil. Ömrünün bu çağında rəsmi addan daha çox, dövlətin maddi dəstəyinə ehtiyacı olduğunu çətinliklə dilə gətirdi. Acınacaqlıdır ki, Mədəniyyət Nazirliyinin ona ünvanladığı məktubda «prezidentin fərdi təqaüdünə layiq görüldüyü» qeyd olunsa da, bir dəfə də olsun, bu təqaüddən bəhrələnmədiyini deyir. Bu haqda bir qədər sonra…

Beləliklə, redaksiyamızın qonağı Azərbaycanın əməkdar artisti, Qafqazda ilk dəfə «dırnaqüstü» rəqslərin banisi Kamil Dadaşovdur. Xalqımızın Kamil Dadaşovu…

 «Qoçəli»ni elə oynadım ki, iki ay xəstə yatdım…

 Necə oldu ki, birdənbirə rəqqas olmağa qərar verdiniz?

– Bu sənətə marağı məndə rəhmətlik atam oyatdı. O vaxtlar məni toylara aparırdı və mən də çox gözəl rəqs edirdim, adətən «Qoçəli»ni oynayırdım. Pərəstişkarlarım da vardı. Atam başıma o vaxtın palaz pullarından olan 30 manatlıq atardı (Gülümsəyir…). Camaat arasında da söhbət gəzərdi ki, bir bax, oğlunun başına 30 manatlıq atdı. Yəni zəmanə o zəmanə idi. Bu günə qədər də «Qoçəli» rəqsinə məndə dərin məhəbbət var. Bu yaxınlarda da «Space» telekanalında bir verilişə dəvət almışdım, orada bu rəqsi çox həvəslə ifa etdim. Elə həvəslə oynadım ki, səhəri gün məni əməliyyata apardılar. İki ay yatdım.

Peşəkar rəqslə neçə ildir məşğulsunuz?

– 45 ildir. Düzdür, hələ bağça yaşlarından rəqs edirdim. Haqqımda 45 dəqiqəlik bir film çəkmişdilər, orada oxuduğum məktəbi də göstərmişdilər. Dizi üstə həmin məktəbin qabağında oturub ağladım. Onda bağçama da getdim, yadıma düşdü ki, otaqda, dibdə olan çarpayıda yatırdım. Heç nə yadımdan çıxmayıb. Mən hələ o yaşlardan rəqs edirdim. Sonralar, təxminən 50-ci illərin əvvəllərində texniki peşə məktəbinə qəbul olundum – avtomobil çilingəri peşəsinə yiyələndim. İnanın ki, heç bu gün də karbüratordan başım çıxmır. Həmin illərdə ata-anamın təkidilə peşə məktəbində təhsil alsam da, özfəaliyyət dərnəklərinə gedirdim. O vaxtlar 28 may küçəsi ilə Azərbaycan Neft Akademiyası tərəfdən bulvara gedən yolda, tində Zəhmətkeşlərin Ehtiyat Klubu fəaliyyət göstərirdi və Böyükağa Məmmədov orada dərs keçirdi. 1951-55-ci illərdə Moskvaya, xarici ölkələrə səfərlərimiz oldu. 1955-ci ildə Varşavaya getdik və 5 nəfər qızıl medalla qayıtdıq. İndi həmin 5 nəfərdən ikisi dünyasını dəyişib. Ümumiyyətlə, həmin illərdə peşəkar səhnədə olan rəqqasların böyük bir qismi artıq dünyalarını dəyişiblər. Qızıl medalla qayıdanda bizi Bakıda təntənə ilə qarşıladılar. Bilirsinizmi, mükafat kimi bizə nə verdilər?

Nə?

 Səhv diaqnozla Alim kimi rəqqasın hər iki ayağını kəsdilər

 – Metrə yarım şalvarlıq. (Ürəkdən qəh-qəhə çəkir). Özü də çox yaxşı, keyfiyyətli parça idi. İndi maşın verirlər, ev verirlər, o vaxt da bu, böyük mükafat sayılırdı. 1955-də Rauf Hacıyevin rəhbərliyi altında Dövlət Estrada Orkestri yarandı. Rəfi Əsədullayevi, Alim Zeynalovu və bir də məni həmin ansamblda çıxış etmək üçün dəvət etdilər. Yenə də durmadan işlədik. Rəqslə məşğul olduğum üçün hələ 1976-cı ildən təqaüdə çıxmışdım, lakin buna baxmayaraq, fəaliyyət göstərirdim. Yeni rəqslər qururdum, ansambl yaradırdım. Ümumiyyətlə, təqaüdə çıxmağı ağlıma belə gətirmirdim. Çox həvəsli və öz işimi sevən biri olmuşam. O baxımdan da yaşımın ən gözəl vaxtında təqaüdə çıxıb, evdə boş otura bilməzdim. Mən ondan sonra hələ uzun illər Azərbaycanın mili incəsənətinin inkişaf etməsi üçün əlimdən gələni etmişəm.

Bu gün gənc rəqqaslarda sizdə olan həvəsi görmək olmur

– Roza Cəlilova müsahibələrinin birində demişdi ki, Kamil Dadaşov səhnəyə çıxır, heç nə eləməsə də camaat ona əl çalır… Moskvada Azərbaycan incəsənəti günləri keçirildi, Kreml Sarayında möhtəşəm konsert proqramları ilə çıxış etdik. Azərbaycanın bütün karifeyləri həmin konsertdə çıxış etdilər – Rəşid Behbudovdan tutmuş, digərlərinə qədər… Rəhmətlik Niyazi də dirijorumuz idi. Mən səhnəyə  çıxan zaman bütün diqqəti məndə olardı. Az qalırdı, durduğu yerdən səhnəyə uçsun, bizə qoşulub, o da rəqs etsin. Təxminən 2 il hər konsertdən sonra Niyazigilin evinə gedərdik, oturardıq, səhərə kimi söhbət eləyərdik. Niyazinin rəhmətlik həyat yoldaşı da çox nəcib, nəzakətli bir qadın idi – Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Bizi yedirdib, içirməmiş yola salmırdı. Niyazi sənətə dəyərincə qiymət verən adam idi. Sonra tədricən estrada Orkestrinin ansamblına keçdim. Onlar saysız-hesabsız konsertlər keçirirdilər və mən də boş qalmırdım. Ayda ən azı 40 konsert verirdik. 120 manatla təqaüdə çıxdım. Ondan sonra da indiki Neft Akademiyasının rəqs ansamblı ilə işlədim, xaricdə keçirilən festivallardan 13 qızıl medal gətirdik. O zaman orada Əlibaba Abdullayev işləyirdi, Azərbaycan rəqsinin banisi… «Əhməd haradadır?» kinofilmində rəqs səhnəsində əlini göyə qaldıran cavan, arıq rəqqas o idi, rəhmətlik. Sonradan işdən çıxdı və universitetin rəqs ansamblı ilə işləməyə getdi və məni də onun yerinə dəvət etdilər. Çoxları heç cür bunu qəbul edə bilmirdilər, hətta özümə də deyirdiər ki, Kamil, sən onu əvəz edə bilməzsən. Hamıdan əvvəl bu sözü mənə Alim Zeynalov dedi. Çox təəsüf edirəm ki, Alim kimi rəqqasın – səhv diaqnoz qoymaqla – iki ayağını da kəsdilər və bununla onun bütün həyatını əlindən aldılar. Pul verməmişdi deyə, bir ayağının yerinə ikisini də kəsdilər. Onun qızı Kanadada yaşayır və onu da ora aparıb, müalicə etdirir. Onlara da bunu oranın həkimləri demişdilər, məhkəməyə müraciət etdilər, nəsə bir şey alınmadı. Hərdən zəngləşirik, çox təəssüflə deyir ki, bizim Azərbaycan incəsənətinə canlarını qoyan xalq artistlərinin bir ildə aldıqları təqaüdü, onlar bir ayda verirlər. Görünür, Kanadada insanlara daha yaxşı münasibət var.

 Yavan çörək, adi çay

Hər nəsə… Beləcə, Neft Akademiyasında işlədiyim müddətdə tədricən ansamblı yenidən qaldırdım, rəqslər qurdum, konsertlər təşkil etdim. Sonralar Alim Zeynalov da etiraf etdi ki, məndən bu qədərini də gözləməzmiş. Oradan da «Göy Gölə» getdim. Mən Sovet respublikalarının bir çoxunun dövlət ansambllarının yaradıcısı olmuşam. Moldova Respublikasında Dövlət Jok Ansamblını yaratmışam. Dünyaca məşhur bir ansambl oldu. İqor Maiseyev məni işləmək üçün Moskvaya dəvət etdi. V.İ.Leninin anadan olmasının 100 illiyilə bağlı konsert tədbirləri keçirilirdi və məni də Moskvaya çağırdı. Bütün 15 respublikadan birinci məni səhnəyə buraxdı. İlk dəfə konsertdən əvvəl keçirilən baxışda Moiseyev müavinləri ilə bir yerdə oturmuşdu və məndən  soruşdu ki, «Azerbaydjan, çto budeş tançevat?», dedim, «Ne kaketniçay» – «Naz eləmə». Maraqlandı ki, «a çto za taneç?», dedim, «eto po azerbaydjanski «Naz eləmə», a po russkiy «Ne kaketniçay»». İnanırsınızmı, məni üç dəfə oynatdı. Baxmaqla doymurdu. Özü də ardıcıl oynamaq rəqqas üçün çox çətindir, mən isə səhnədə hər zaman ikinci nəfəs yolumu açmağı bacarmışam. Yorulan kimi, avtomatik ikinci nəfəs yolum açılır. Çoxu bunu edə bilmir, boğulur, yorulur. Mənim kimi barmaqüstü rəqs oynayan da çox azdır. O vaxt isə ümumiyyətlə, yox idi. Mənim rəqs zamanı istifadə etdiyim barmaqüstü hərəkətlər sonralar bütün Qafqazda yayıldı. Halbuki mən onun ilk müəllifi və yaradıcısı olmuşam. Amma Özbəkistanda bir ritm vuran kimi, deyirlər, bu Dadyevin ritmidir, bizdə isə yaradıcılara qiymət vermirlər, demirlər ki, bu Kamil Dadaşovun barmaqüstüsüdür…

Çox təəssüf ki, Azərbaycanda heç bir vaxt insanlara layiq olduğu dəyəri vermirlərƏlimizdə olan insanlara sahib çıxa bilmirik

– Çox təəsüf… Amma həmin vaxt İqor Moiseyev məndən soruşdu ki, hansı ansamblda oynayıram, dedim, Mahnı və Rəqs ansamblının əməkdar rəqs kollektivilə çalışıram. Soruşdu neçə ildir, rəqs edirəm. Dedim, iyirmi ilə yaxındır və yaxınlarda da təqaüdə çıxaracaqlar. Məəttəl qaldı ki, necə yəni pensiya? Bu cür rəqqas da pensiyaya çıxar? Dedim, saxlayacaqlarsa, qalacam, saxlamayacaqlarsa, gedəcəm. Birdən dedi ki, mənimlə işləyərsən? Dedim, kim bunu arzulamaz ki! Direktoru çağırdı ki, bizdə ev var? Birotaqlı evin olduğunu dedi direktor. Mənim adıma yazdırdı…

Bakıya gələndən sonra anam qoymadı, dedi ki, məni qoyub getsən, bil ki, öləcəm. Daha sonra məni Karakalpaka apardılar, onda Rauf Hacıyev nazir idi. Əlibaba Abdullayevi çağırdılar, o da dedi ki, «sizə elə bir ansambl yaradacam ki, bütün dünyada məşhur olacaq». Oranın da naziri dedi ki, «bəs, özünüz üçün belə ansambl niyə yaratmırsan?» Yəqin inanmırmış. Amma rəhmətlik Əlibaba Abdullayev həqiqətən də çox gözəl rəqqas idi. Hər şeydən əvvəl rəqslərin qurulmasını ondan gözəl bilən yox idi. Azərbaycan mili rəqslərinin qurulmasının banisi idi. O, mənim orada rəqs qurmağımı məsləhət gördü. Cəmi 15 günə 5 rəqs qurdum, bir rus qızına da dizi üstə fırlanmaq öyrətdim. Bütün bunlara görə o vaxtın pulu ilə 5800 manat qonorar aldım. Bir «Jiquli»nin pulu idi. 15 gündən sonra gözümü açıb ağ xalatlı həkimləri gördüm. Səhər saat 9.00-dan axşam 22.00-dək işləyirdim. 5 kütləvi rəqs qurdum…

Çox çətindir

– Qızlarla məşq edirdim, ardınca oğlanlar gəlirdi, beləcə bir-birlərini ötürə-ötürə mən tək, fasiləsiz rəqsləri qurdum. Quru çay, yavan çörək… Mədəm acından sıxılmışdı. Təyyarədə bir badə mənə rom içirmişdilər, o da ac olduğumdan təzyiqimə təsir göstərmişdi və özümdən getmişdim. Ürəyim tab etməmişdi. İstəyiblər ki, haradasa təyyarəni yerə salsınlar, amma birtəhər məni Bakıya çatdırıblar. O, heyətin içində Bakıdan iki bal rəqsi oynayan rəqqasımız – Mədinə, Nikolay var idi. Cibimdə 5800 manat pulu da çıxarıb, ev telefonum olan nömrəmi yazıb ona vermişəm ki, əgər mənə bir şey olsa, bunu ailəmə çatdırın. Görürəm, o da başımın üstündə ağlayır. Mən belə işləmişəm. İşləyəndə işimə, sənətimə canımı qoymuşam. İşimin tanınmasına çalışmışam. İndiki şou-biznes nümayəndələri kimi heç bir zaman deməmişəm ki, «mən əjdahayam».

 Hər zaman duruşuma qiymət veriblər…

(Davamı növbəti sayımızda)

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Kamil Dadaşov
Kamil Dadaşov
Kamil Dadaşov
Kamil Dadaşov
Kamil Dadaşov
Kamil Dadaşov

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button