“Milli Şuranın arxasında Rusiya dayanmır”

Musa Quliyev129.06.2013
Musa Quliyev: «Ola bilər ki, kimsə gedər Amerikada hər hansı bir konqresmenin köməkçisi ilə görüşə bilər»

“Harasa səfər etmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən, müxalifətdə olanların öz şəxsi işidir. Biz buna normal kimi baxırıq”.

Bu sözləri “Bizim Yol”a  açıqlamasında YAP-çı deputat Musa Quliyev Milli Şura rəhbərliyinin xarici ölkələrə səfərlərə start verməsi barədə xəbərlərə münasibət bildirərkən söyləyib. YAP-çı deputatın sözlərinə görə, ancaq bu cür səfərləri şouya döndərmək istəyənlər var: “İctimaiyyəti aldatmaq ki, guya ABŞ Dövlət Departamenti , o cümlədən, Avropanın, Rusiyanın, yaxud başqa dövlətlərin rəhbərliyi onları səfərə, görüşə dəvət edib, bu, artıq orta statistik əxlaqa yaraşmayan yalanlayıcı bir mövqedir, siyasətdir. Bununla Milli Şuradakılar, özlərini lider hesab edənlər ictimaiyyətlə yanaşı, öz azsaylı elektoratlarını və onlara az-çox inanan insanları da aldadırlar”.

M.Quliyev deyib ki, əslində Milli Şuranın üzvlərini heç bir dövlətin rəsmiləri dəvət etməyib: “Ancaq dövlət səviyyəsində onların heç bir tanınması da yoxdur, dövlət səviyyəsində onların heç bir dəvəti, qarşılanması, yaxud müzakirələri də gözlənilmir. Ola bilər ki, kimsə gedər, məsələn, Amerikada hər hansı bir konqresmenin köməkçisi , yaxud, Dövlət Departamentinin hər hansı 7-ci kateqoriyalı bir məmuru ilə görüşə bilər. Bu, mümkündür. Yəni, ümumi toplantılarda bunlar görüşə, bir-birilərinə salam verə, vizit kartlarını dəyişə bilərlər. İstənilən toplantıda bu, mümkündür və problem deyil. Amma bunu böyük bir uğur kimi qəbul etmək, prezident seçkiləri öncəsi Avropa ölkələrini, Amerikanın gəzəcəyik və onlardan dəstək alacağıq… Bu, hər halda siyasi etikaya uyğun bir şey deyil və görünür, Rüstəm İbrahimbəyovun vaxtilə çəkdiyi ssenarilərin ən ucuz variantlarından biridir ki, indi müxalifət elektoratına sırımaq istəyir. Əsl həqiqət bundan ibarətdir. Bəzən bir də görürsən, hətta, bizim iqtidar düşərgəsində olan bəzi insanlar da bu fikri söyləyirlər ki, Milli Şura Rusiyanın proyektidir, onu Rusiya dəstəkləyir və sair. Bu fikrin də bir əsası yoxdur”.

Millət vəkili hesab edir ki, Milli Şura sadəcə, Rusiyada Azərbaycanı istəməyən, müəyyən səbəblərə, o cümlədən, Qarabağ probleminə, Ermənistanla münaqişəyə görə bizə nifrət bəsləyən bəzi qüvvələrin layihəsi ola bilər: “Təbii ki, o qüvvələr Azərbaycanda sabitliyin , ictimai-siyasi dəngənin pozulması üçün müəyyən addımlar ata, o cümlədən, Milli Şuranı dəstəkləyə bilərlər.

Amma “Milli Şuranı Rusiya dövləti, Rusiya iqtidarı dəstəkləyir” kimi fikirlərin heç birinin əsası yoxdur. Hər halda bunların hələ o səviyyədə heç bir görüşü, heç bir bəyanatı olmayıb. Onların istər Amerikaya getmələri, istər Avropanı gəzmələri öz şəxsi işləridir. Onlar sadəcə, öz vətəndaş hüquqlarından istifadə edirlər və bu səfərlər də adi turist səfərləridir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button