Mövqeyim həmişə prinsipial olub!

Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin yıpradılması, çürüdülməsi prosesi davam edir»

 Sentybarın 30-u 2 aprel mitinqinə görə həbs dilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər üç nəfərə hökm oxunacaq. Böyük ehtimalla Fuad bəy 2 ildən çox azadlıqdan məhrum ediləcək. “Xural” həbsqabağı F.Qəhrəmanlı ilə söhbətləşib, onun öz həbsi və ölkədə baş verən son siyasi vəziyyətlə bağlı fikirlərini öyrəndi.

 – Fuad bəy, 2 apreldə yaşanan həbslərin bu həddə qədər gələcəyini, bir xeyli adamın azadlıqdan məhrum ediləcəyini gözləyirdiniz?

– 2 aprelə qədər müxalifət onlarla aksiya, mitinq keçirmişdi. Onların hamısında da yüzlərlə adam həbs edilmiş, inzibati məsuliyyətə cəlb olunmuşdu. Bununla belə, 2 aprel mitinqinə qədər hakimiyyət heç kimə azadlıqdan məhrumetmə cəzası verməmişdi. Ancaq 2 aprel mitinqi zamanı həyata keçirilən həbslər göstərdi ki, hakimiyyətin aksiyalarla bağlı yanaşması  çox sərtdir. Aydındır ki, buna həmin dövrdə Ərəb ölkələrində başlayan demokratik dəyişikliklər səbəb oldu. Bizdə də müəyyən mənada gümanlar var idi ki, hakimiyyət bu dəfəki aksiyalarla bağlı daha sərt tədbirlərə əl atacaq. Ancaq bunun detalları ilə bağlı məlumatımız yox idi. Repressiyaların belə kəskin formada ifadə olunması hakimiyyətin qorxularının göstəricisi idi. 2 aprel mitinqi ilə bağlı başladılan cinayət işi də bu işin hüquqi çərçivədə aparılmadığı və siyasi sifariş əsasında həyata keçirildiyini, polis və məhkəmlərin isə bu işdə alətə çevrildiyini göstərmiş oldu. Hakimiyyət aksiyalarda iştirak edən siyasi partiya funksionerlərini həbs etməklə, əslində, məhz həmin adamları cəzalandırmaq məqsədi güdmürdü, bu həbslər cəmiyyətdə ictimai xof yaratmaq, insanların gözlərini həbslərlə qorxudaraq, başlanan kütləvi narazılıqların qarşısını almaq niyyəti daşıyırdı. Bununla da, cəmiyyətin demokratik proseslərə aktiv müdaxiləsinin qarşısını almaq istəyirdilər.

– Belə demək olar ki, hakimiyyət ərəb ölkələrində də başlanan proseslərdən narahat olaraq kütləvi həbslər etdi, ancaq sonradan özü də bunun girovuna çevrildi və geri addım atmamaq üçün həmin şəxslərin azadlıqdan məhrum edilməsi qərarlaşdırıldı?

– Bilirsiniz, kütləvi şəkildə aparılan həbslərin ardından həmin şəxslərin müəyyən müddətdən sonra azadlığa buraxılması, onlara elan olunan saxta ittihamların geri götürülməsi onu göstərəcəkdi ki, hakimiyyət bu həbslərdən cəmiyyətdə xof yaratmaq, siyasi müstəvidə rəqiblərini zəiflətmək üçün istifadə edir. Bəraət hökmü verilməsi bütün bu saxtakarlıqların etirafı olardı. Ona görə də bu proseslərin məntiqi yekunu kimi, hakimiyyət həbs olunanlarla bağlı azadlıqdan məhrumetmə cəzaları çıxarmağa məcburdur. Digər tərəfdən, hakimiyyət bu həbslərin girovuna çevrilməklə yanaşı, bu həbslər ona lazımdır. Çünki cəmiyyətdə xofu daima yeniləməyə ehtiyac var. Azadlıqdan məhrum edilən şəxslərin həbsdə qaldıqları müddətdə isə cəmiyyətə təqdim edilən cəza mexanizmləri hər zaman gündəmdə olacaq. Çünki həbslər olmadığı zaman bir müddət siyasi repressiyaların təsiri unudulmuşdu. Eyni zamanda, biz onu da görürük ki, Azərbaycan hakimiyyətinə beynəlxalq təzyiqlər də son zamanlarda artıb və həm regionda, həm də ölkəmizdə demokratik dəyişiklər istənilir. Buna görə də, hakimiyyət bunun qarşısını almaq, cəmiyyətdə yenidən müəyyən bir siyasi oyanmaya imkan verməmək üçün həbs metoduna əl atdı.

– Fuad bəy, 2 apreldə həbs olunanlardan fərqli olaraq, sizin haqqınızdakı həbs-qətimkan tədbirinin sonradan dəyişdirilməsi haqqınızda cəmiyyətdə müəyyən fikirlərin səsləndirilməsinə səbəb olmuşdu. Deyilirdi ki, Fuad Qəhrəmanlı bu həbs dalğasından kənarda qalacaq, hakimiyyət onu məhkum etməyəcək-filan. Siz necə yanaşırsınız bu iddialara?

– Əvvəla, mən sərbəst buraxılmamışam, polis nəzarətinə verilmişəm. Həftədə üç dəfə polis idarəsinə gedib iltizama qol çəkirəm. Mənim hazırda Bakıdan kənara çıxmaq hüququm yoxdur. O ki qaldı mənimlə bağlı məsələyə, bu qərarı verən mən deyiləm və qərar verilərkən də məndən soruşulmayıb. Bilirsiniz ki, həmin ərəfədə 100-ə yaxın şəxs həbs edildi və onların əksəriyyəti də sonradan sərbəst buraxıldı və ya inzibati formada cəzalandırıldı. Buraxılanların arasında mənimlə eyni statusda olan şəxslər də var idi. Eyni məntiqlə, mən də soruşa bilərəm ki, nəyə görə həmin şəxslər ancaq inzibati formada cəzalandırıldı, Fuad Qəhrəmanlı haqqında isə cinayət işi qaldırıldı? Ancaq təbii ki, mən məsələyə belə yanaşmıram və hesab edirəm ki, bu həbslər özü qanunsuzdur. Digər tərəfdən, əgər Fuad Qəhrəmanlıya fərqli münasibət sərgilənsəydi, onun haqqında cinayət işi qaldırılardımı və ya azadlıqdan məhrum edilməsi istənilərdimi? Hesab edirəm ki, bu, məqsədli şəkildə edilmişdi və həmin dövrdə insanların diqqətini həbslərdən yayındırmaq və müxalifət daxilində bu məsələylə bağlı polemika yaratmaq hesablanmışdı.

– Baxın, misal üçün, mən sizi status olaraq, həbsdə olan şəxslərdən yalnız Arif Hacılı ilə müqayisə edə bilərəm. Siz eyni maddələrlə ittiham olunsanız da, Arif bəy artıq 6 aya yaxındır ki, həbsxanadadır.

– Ancaq həm bizim partiyadan, həm də Müsavat partiyasından olan bir neçə müavin həmin prosesdə həbs olunsa da, sonrada azadlığa buraxıldı.

– Onların heç birinə ittiham elan olunmamışdı, axı.

– Mənə qarşı da fərqli münasibət olmadı axı, haqqımda cinayət işi qaldırdılar və həbs edilməyimi tələb edirlər.

– Fərqli münasibət oldu axı. Arif bəy 6 aydır həbsxanadadır, siz isə sadəcə polis nəzarətində…

– Yox, tutaq ki, həmin dövrdə Arif bəylə bərabər Müsavat partiyasının başqa funksionerləri də həbs edilmişdi, ancaq onlar da sərbəst buraxıldı. İndi deyək ki, onlar niyə buraxıldı? Mənə fərqli yanaşma olsaydı, heç haqqımda cinayət işi də qaldırmazdılar və sərbəst buraxardılar. Yenə deyirəm, elə əsas məqsəd bu idi, bu cür suallar ortaya çıxsın və müxalifət daxilində intriqa yaransın. Məsələ burdadı ki, mənimlə bağlı bu qərarı verən adamlar mənim həbs edilməyimi də qərarlaşdırıb.

– Belə başa düşdüm ki, sizin həbsxanaya salınmamanızda məqsəd müxalifətçi imicinizdə müəyyən şübhə yaratmaq, haqqınızda qeyri-səmimi obraz yaratmaq olub?

– Polis nəzarətində olduğum müddətdə də mənim kimliyimi, əqidəmi hər kəs çox gözəl bilir. Əgər mən Əli bəyin müaviniyəmsə, bu, bütün hallarda mənim siyasi mövqeyimi və əqidəmi ifadə edir. Əli Kərimli məni özünə siyasi məsələlər üzrə müavin saxlayırsa, bu, artıq Əli bəyin və cəbhənin mənə olan etimadıdır. Məni tanıyan hər kəs bilir ki, mövqeyim həmişə prinsipial olub. Mənimlə bağlı internetdə və digər məkanlarda, hətta anonim adlarla belə bu kimi ittihamlar səsləndirə bilməyiblər. Mənə qarşı qeyri-səmimi olduğum iddiasını səsləndirənlərə qarşı ictimai təpki olar. Ona görə də, hesab edirəm ki, mənəvi göstəriciləri yerində olan adam mənimlə bağlı bu cür ittihamlar işlətməyi özünə sığışdırmaz.

– Fuad bəy, məhkəmədə ifadə verən Əli Kərimli və İsa Qəmbərin bütün məsuliyyəti boyunlarına götürə biləcəkləri ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin müəyyən kəsimində belə bir reaksiya doğurdu ki, məsuliyyəti götürmək istəyən şəxs vaxtında aksiyaya çıxardı və ya həbslərin ardınca gedib polisə müraciət edər, bütün məsuliyyəti üzərinə götürərdi. Sizcə, bu iradlar nə dərəcədə haqlıdır?

– Bu fikirlər hakimiyyətdən qaynaqlanan mənbələr tərəfindən müxalifətə qarşı istifadə olunur. Bu gün hakimiyyət rəsmiləri çox istəyir ki, Əli Kərimli mitinqə çıxardı və ona qarşı zorakılıq tətbiq olunardı. Sanki bir qisas almaq həvəsindədirlər. Tutaq ki, ona hər hansı bir xətər yetirməkdən zövq alardılar. Ancaq bütün hallarda Əli bəy həlledici məqamda meydanda olacaq. 2005-ci ildə də göründü ki, Əli bəy ciddi məqamda meydanda olur. Bunu hakimiyyət də çox yaxşı bilir. Siyasi liderləri mitinqə çıxmamaqda günahlandırmaq ona bənzəyir ki, əsgər generalın niyə onunla birgə səngərdə dayanmadığını söyləyir. Bu məntiqsizdir axı. Bu baxımdan, hesab edirəm ki, Əli Kərimli olmalı olduğu yerdədir və prosesin məsuliyyətini daşıyır.

– Ayın 30-u artıq sizə hökm oxunacaq. Nə gözləyirsiniz? Sizcə prokurorun istədiyi 2 il 5 ay 28 günlük cəza veriləcək sizə, yoxsa hakim müəyyən cəza endirimi edəcək?

– Biz əvvəlki hökmlərdə də görmüşük ki, hakim dövlət ittihamçısı ilə fərqli mövqe sərgiləmək üçün 6 ay cəza endirimi edir. Yəqin ki, mənə də 2 il həbs cəzası veriləcək.

– Fuad bəy, sizcə, son həbslər Azərbaycan hakimiyyətinin müəyyən mənada təzyiqlərlə üzləşməsinə, Qərbin basqılarının, siyasi tələblərinin artmasına və hakimiyyətin çətinə düşməsinə gətirib çıxaracaq?

– Əlbəttə, hətta artıq indi də bu təzyiqlərin, demokratik tələblərin ardıcıl şəkildə edildiyi görünür. Bizim həbsimiz də bu prosesə müəyyən mənada daha da gücləndirəcək.

– Son günlər “Wikileaks” sənədlərinin yayılma intensivliyində müəyyən ardıcıllıq müşahidə olunur. Artıq Ərəb ölkələri ilə bağlı yayılan sənədlər dayandırılıb və Azərbaycan və Ermənistanla bağlı sənədlərin yayılması sürətləndirilib. Sizcə, bu, hansısa məqsəd daşıyır? Bəlkə Qərbin demokratik dəyişiklikləri istəyinin Qafqazda da reallaşdırılmasının zamanı yetişib?!

– Həm “Wikileaks” sənədlərinin yayılma ardıcıllığında, həm də Qərbin ümumilikdə demokrat olmayan ölkələrlə bağlı siyasətində müəyyən bir mexanizm var və siyasi texnoloqlar bunu çox dəqiqliklə işləyirlər. Digər tərəfdən, “Wikileaks”lə paralel formada bu hakimiyyətin oyun qaydalarını çox yaxşı bilən Ramin Nağıyev və Elşad Abdullayev kimi adamların açıqlamaları, bundan əlavə, Kəmallədin Heydərovla bağlı BBC-nin açıqladığı rüşvət qalmaqalı bu hakimiyyətin mövqelərinin zəiflədiyini, ətrafındakı çərçivənin daraldığını göstərir. Bunların heç biri təsadüfi deyil. Hazırda 2013-cü il seçkilərinə hazırlıq mərhələsi gedir və Azərbaycan hakimiyyətinin yıpradılması, çürüdülməsi prosesi davam edir. Güman edirəm ki, bu proses öz-özünə başlamayıb. Düşünürəm ki, bu proseslər öz məntiqi sonluğuna çatacaq və hakimiyyət sonda elə biz vəziyyətlə üzləşəcək ki, həm yerli ictimaiyyətin, həm də Qərbin demokratik tələblərini yerinə yetirmək məcburiyyətində qalacaq.

– Sizcə, 2012-ci il demokratik dəyişikliklərin başlanğıc ili olacaqmı?

– Biz nikbinik. Bütün fəaliyyətimiz ona yönəlib ki, 2012-ci ildə cəmiyyətin demokratik tələblərinin yerinə yetirilməsinə nail olaq. Söhbət ondan gedir ki, biz bu dəyişiklikləri nə vaxt həyata keçirmək imkanında olsaq, o zaman cəmiyyətin demokratik tələblərini də yerinə yetirmiş olacağıq. Bunu konkret bir zamana sığışdırmağın tərəfdarı deyiləm. Bu proses ötən il də gedib, bu il də gedib, 2012-ci ildə də gedəcək, prezident seçkiləri ilində də gedəcək. Hətta 2013-cü ildən sonraya da qala bilər.

– Keçmiş ABŞ səfiri Enn Dersinin müxalifətlə bağlı Dövlət Departamentinə göndərdiyi hesabatda müxalifətin vəziyyətinin pisliyindən danışılır. Hətta Əli Kərimlinin dilindən belə getsə, müxalifətin bir neçə ilə tamamilə sıradan çıxacağı bildirilir. Siz necə düşünürsünüz, bu qədər basqıların fonunda müxalifətin tamamilə məhv olması realdırmı?

– Həmin sənədlər bir neçə il əvvəli ehtiva edən fikirlərdir. Ancaq təcrübə onu göstərdi ki, müxalifətin mövcudluğunu davam etdirmək təhlükəsi olmayıb. Bu hesabat yazılan ərəfədə “Ərəb baharı” olmamışdı, Azərbaycan cəmiyyətində son aylarda baş verən siyasi yüksəlişlər yox idi. Bugünkü şərtlər, dünənki şərtlərdən fərqlənir. Hər şey zamana bağlıdır. Yeni şərtlər Azərbaycanda dəyişiklikləri zəruri edir.

– Gələn həftədən etibarən həbsxana həyatınız başlayacaq. Tam hazırsınız yeni həyata?

– Sabah bir sıra yekun işlərim qalıb. Sabahkı işlərimi də bitirdikdən sonra həbsxana həyatına tam hazır olacağam.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button