Müstəqillikdən sizə nə, İlham Əliyev?

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

  Atıq 20 ildir. Məhz bu qədər müddətdir ki, Azərbaycan dünyaya öz çapında müstəqil kimi təqdim olunur. Ancaq müstəqildirmi? Yadıma “Nəsimi” filmindəki fraqment düşdü. Nəsiminin yaşını soruşan müridə şair: “Həqq ənənəsi 48-dir. Ancaq bir il Hələb əmirinin zindanı, bir il… Hər biri 48 olarsa nə qədər edər?” Azərbaycan zindanın azadlığından azadlığın zindanına sürükləndi.

Bu 20 ilin bir ili Ayaz Mütəllibovun zamanında qarşıdurmalar, xarici müdaxilələr və s. Biri ili Əbülfəz Elçibəyin zamanında insanlar yalnız bircə udumluq azad oldular. 18 ildir ki, sanki zaman durub. Çünki durdurdunuz tarixı. Heç nəyə və heç kimə məhəl qoymadan tarixi mənimsədiniz. Hər şeyi bir nəfərin – ideoloji rəhbərinizin adına bağladınız. Az qala qədim yaşayış məskənlərinin tədqiqi ilə bağlı qazıntlarda belə onun izini axtardınız. Bu, sevgi deyil. Bu, istək deyil. Bu, arzu deyil. Bu, sadəcə qorxudur, təlaşdır. Çünki o qədər yaxın tarixi özünüzə əsas istinad nöqtəniz olaraq götürmüsünüz ki, həm də səhv olaraq, onu hamı, hər kəs görüb. Sizin necə yazmağınızdan, təqdim etməyinizdən asılı olmayaraq, onu hər kəs məhz öz bildiyi kimi görüb. Kimi atasının şərlənərək tutulmasında, kimi ərinin pambıq pripiskasının qurbanı olmasında və s. Hamının, hər kəsin gördüyünü necə saxtalaşdırmaq olar ki? Lap tuttaq ki, saray tarixçiləri məhz istəyinizə uyğun qalın-qalın kitablar yazdılar. Olsun. Hələ tək-tək də olsa, Məhəmməd Əmini görən insanlar yaşayırlar. Mən bunu Allahın lütfü kimi dəyərləndirirəm. Bu, Tanrının cəmiyyətimizə sanki mesajıdır: “Saxtakarlıq etməyin, bütün bəlalardan qoruyub saxladıqlarım sizi ifşa edər.”

Axı bu müstəqilliyin sizinlə və hakimiyyətinizlə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, İlham Əliyev. Mən Ayaz Mütəllibovu sevmirəm. Bu, mənim haqqımdır. Amma Azərbaycan öz müstəqilliyini məhz 1991-ci ildə Mütəllibovun dönəmində əldə etdi axı. Lakin bu, Mütəllibovun da haqqı deyil. Özünə qalsaydı, qulluğunda durduğu rejimin dəyişməsinə razı olardımı? Net olaraq söyləyirəm, qətiyyən. İnsanlar azadlığı bir həb kimi, dərman kimi mərhum Əbülfəz Elçıbəyin zamanında qəbul etdilər. Lakin bu zaman bir həbin udulması qədər oldu. Yalnız bu qədər. Amma adamın “bu azadlığı mən sizə verdim” sözlərini heç zaman eşitmədim. Çünki əxlaqlı kişi idi. Kimsənin haqqına girməyi mənliyinə sığışdırmazdı.

43 deputat müstəqilliyə səs verdi. Amma bu, onların da haqqı deyil. Əgər mətbuatı davamlı oxuyursansa, Arif Hacılı məhz bu rejimin hələ ki, sonuncu hesab olunan repressiyasına məruz qalandan sonra “istiqlalçı deputat” sözü media gündəminə oturdu. Çünki adamlar Əbülfəz Elçibəyin izində olduqlarını dərk edirlər. Əxlaq sahibidirlər. Azadlıq, müstəqillik bir, on, yüz nəfərin ola bilməz. O, bir xalqındır, millətindir. Bu, neft pulları deyil ki, yerbəyerdən “mənim-mənim” söyləyəsiniz. Guya sürü ilə mütrüfü bu rayondan o rayona qovub oxudub oynatmaqla yeni tarixmi yazırsınız? Sizin ən yeni tarixinizin öyrətməni Mirşahindirsə, onda bunu yəqin bilin ki, kitabınızı kimsə oxumayacaq. Və ya ev, lüzumsuz ad verdiyiniz hansısa mütrüfünüzün səni, istinad nöqtənizi öyməyi insanları duyğulandıracaqmı? Buna özünüzü qətiyyən inandırmayın. Azadlıq məhz bu xalqın sərvətidir. Kimsənin özgəninkiləşdirə bilməyəcəyi bir sərvəti. Daha bu millətdən nə isə gözləməyin. Limitiniz bitib. Artıq bu xalq sizə heç nəyini verməyəcək. Hətta bir-bir verdiklərini belə birdən geri alacaq.

Görəcəksiniz!

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button