Norveç səfirliyi, neft və “Nobel”

Norveçin bir dövlət olaraq gücü neftində və maliyyə ehtiyatlarının çoxluğunda deyil. Həmin resursların vətəndaşların xidmətinə effektiv təklif etmək gücündədir.

Norveç dünyanın ən mütərəqqi dövlətlərindən sayılır. Ölkəmizin enerji sektorunda bu dövlətin ən iri neft şirkətlərindən olan “Statoyl” əsas investorlardan biri kimi çıxış edib. Enerji maraqlarının Azərbaycanda təmin etmək hesabına ağzına su alıb və başını aşağı salıb hər şeyi görməməzilikdən gələn dövlətlərdən deyildi. Bizim əvəzimizdən də hökumətdən demokratiya tələb etmirdi. Amma demokratiya və insan hüquqlarına dair laqeyd münasibəti də yox idi. Diplomatik üslubda və xəfif nəzakətlə buna etirazlarını zaman-zaman ifadə ediblər. Norveç dövlətinin ölkəmizdəki elçiliyi vasitəsilə unitar və sekulyar dövlət olmanın əsas çərçivələrini əhatə edən fəaliyyətlərlər təşviq edilib. Vətəndaş cəmiyyətinə ən güclü dəstəyi ilə Norveçin ölkəmizdəki səfirliyi seçilirdi. Nəhayət, ötən həftə Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətinə xitam verdi. Artıq bundan sonra Azərbaycanla bağlı məsələlər Norveçin Gürcüstandakı səfirliyi vasitəsilə əlaqələndiriləcək. Diplomatik əlaqələrdəki vəziyyətin gərginləşməsi Azərbaycan tərəfindən də baş verib. Azərbaycanın Stokholmdakı səfiri də geri çağırılıb. Amma bu faktın özü onu da təsdiq edir ki, artıq dünya Gürcüstanı Cənubi Qafqazın demokratiya mərkəzi hesab etməsi ilə heç də yanılmır. Bu addımla həmin düşüncə daha da möhkəmlənir.

 

Norveç rifah dövləti kimi

 

Norveçin bir dövlət olaraq gücü neftində və maliyyə ehtiyatlarının çoxluğunda deyil. Həmin resursların vətəndaşların xidmətinə effektiv təklif etmək gücündədir. Onlardan ikisi çox düşündürücüdür. Beynəlxalq Valyuta Fondunun 2017-ci il üzrə reytinq cədvəlində Norveç adambaşına düşən gəlir səviyyəsinə görə, dünyada 6-cı yerdə qərar tutur. Norveç də adambaşına düşən gəlir 70 min 590 dollar təşkil edir. Skandinaviya ölkəsi olan Norveç iqtisadiyyatı 2008-2009-cu illərdəki ən aşağı nəticələrinə qayıtdığına baxmayaraq, işsizlik həddini rekord dərəcədə azaltmağa nail olub. 2014-cü ilin hesabatlara görə isə, Norveç yaşam standartlarına görə, dünyada birinci yeri tutub.

 

Norveç: Nefti və Pensiya Fondu

 

Norveç neft gəlirlərindən həm qənaətlə istifadə edə bildiyinə görə, həm də həmin vəsaitlərin akkumlyasiya olunduğu Norveç Pensiya Fondundan hər kronun (milli valyutası) hara xərclənməsinə qədər yüksək hesabatlılığı ilə seçilən dövlətdir. Güclü vətəndaş cəmiyyəti sektorunun effektiv nəzarət mexanizmlərinin mövcudluğuna və hökumətlərin səmərəli iş prinsipinə görə, hazırda həmin fonda 1 trilyon dollardan artıq vəsait toplana bilib. Bu məbləğ 6 milyon əhalisi olan bir dövlət üçün olduqca çox yüksək məbləğdir. Pensiya Fondundakı bu vəsaitin həcmi ölkənin illik ÜDM-dən 2-3 dəfə böyükdür. İqtisadi təfəkkürü olan hər bir insan üçün bu rəqəmin nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.

Dünya təcrübəsində dövlətlər əsasən 4 iqtisadi model üzrə təsnifləşdirilir: (ı) bilik istehsal edən ölkələr (Niderland), (ıı) texnologiya istehsal edən dövlətlər (Yaponiya, Sinqapur, Malayziya – Asiya pələngləri), (ııı) xammal yönümlü ölkələr (Səudiyyə Ərəbistanı, Nigeriya, Venesuela) və (ıv) aqrar yönümlü ölkələr (Yunanıstan, Manqoliya,Türkiyə). Norveç xammalla zəngin ölkə olsa da, yüksək inkişaf səviyyəsinə görə, xammal qrupuna daxil edilmir. Daha çox neft gəlirlərindən ən uğurlu faydalanmağı bacaran model olaraq qəbul edilir. Demokratiyanı və yaxşı idarəetməni təşviq edən sistemdir. Norveç neft gəlirlərindən elə dürüstlüklə, ağılla və ictimai vəsaitin hamıya məxsus olması kimi müqəddəsliyi rəhbər tutaraq elə istifadə etmişdir ki, sonda bütün vətəndaşların bu fonddan faydalanmaq imkanı olmuşdur. Bu fond vasitəsilə təkcə pensiya xərclərini maliyyələşdirmək yox, həm də nəsillərarası gəlir bölgüsündən ən ədalətli dağıtım sistemini qura bilib. Deməli, yaradılan bu sistemdə həm yüksək gəlir, həm də ədalət payı var.

Bəlkə də belə başa düşülə bilər ki, neft resursunun tezliklə tükənmə təblükəsi olduğuna görə Norveç hökuməti neft pullarından daha çox qənaətlə və rasional istifadə edir. Halbuki, Norveçdə sübut olunmuş neft ehtiyatlarının həcmi 10.4 milyard bareldir. Rezervlərin müqayisəli təhlili göstərir ki, Norveç Qərbi Avropa ölkələri arasında ən böyük neft ehtiyatlarına malik ölkə sayılır. Lakin bu qədər geniş neft rezervləri və əldə olunmuş resurs gəlirlərinin Pensiya Fondundan necə gəldi istifadəsi ilə bağlı arxayınçılıq yaratmadı. Neftsiz yaşamağı bacardılar və yeni cığır açdılar. Resurs “lənətini” resurs “mükafatı” ilə uğurla əvəz etdilər.

 

Neft, “Nobel” və Kitab üçbucağı

 

Vaxtilə Azərbaycan nefti hesabına Nobel qardaşları böyük bir sərvətə sahib oldular. Biz isə nə sərvətə sahib ola bildik, nə də “Nobel”çi yetişdirdik. İki milyardlıq neft hasilatının yanında ikicə nəfər Nobel mükafatçısı da yetişdirə bilsəydik, onda “qara qızılın” “ağ qızıla”, neft kapitalının insan kapitalına çevrirməsindən danışa bilərdik. Söhbət Azərbaycanın neftində “Nobel”in halallıq əyarından gedir. Eybi yox, hansı yaşda olursa-olsun bircə nəfər Nobel mükafatına layiq görülsün, sonra da dünyasın dəyişsəydi də dərd çəkməzdik. Əslən rus əsilli olan, lakin Amerika iqtisadçısı hesab olunan Leonid Hurvikz kimi… Ömrünün sonunda – 90 yaşında (2007) iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bir il sonra isə dünyasın dəyişdi. Bu mükafat fondunun ilkin kapital mənbəyinin formalaşmasında rolu olan və neft ölkəsi sayılan Bakının bircə nəfər belə bir uğur nümunəsi olmayacaqsa, onda nə neftimizlə, nədə ki, elmimizlə öyünməyə dəyməz. Elmdən, kitab söz düşmüşkən… Norveç dünyada adambaşına ən çox kitab oxuyan ölkə sayılır.

Çox maraqlıdır ki, bu qədər bərbəzəkli və göz qamaşdıran uğur çətiri altında azad, firəvan və demokratik bir yaşam reseptini təqdim edən Norveç kimi mükəmməl bir sistem var. Belə bir mükəmməl, tarazlı və demokratik dövlətlə diplomatik münasibətlərı zədələmək, sadəcə inkişaf selinin axınına üzmək cəhdidir.

Neftdən başladı neftsiz yaşamağa qədər, xammal üstünlüyündən tutmuş təhsil keyfiyyətinə qədər, idarəetməsindən başlamış demokratiyasına qədər, yaşam meyarlarından başlamış kitab oxumasına qədər tamam başqa örnəklərlə zəngin dövlətin də sinəsindən də belə itələdik. Əslində isə diplomatiyanın gücü dostları itirmək yox, düşmənləri dosta çevirməkdir olmalıdır!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button