Ölkədən qaçdığı iddia olunan Toğrul Əhmədov məhkəmədə ifadə verdi -VİDEO

31.10.2012

Əvəz Zeynallı: “Bu çox böyük və çox ciddi oyundur. Get, anana belə də de. Məndə heç bir zaman onun haqqında, onu ifşa və rüsvayedici heç bir material olmayıb. Onu vadar ediblər ki, get onun üstünə şər-böhtan at, tutdur, o da məni tutdurub.”

 Toğrul Əhmədov: “Mənim o yazılardan xəbərim yoxdur”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Bu dəfəki prosesdə şahid qismində sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov ifadə verib.

Hazırda Maliyyə Nazirliyində aparıcı məsləhətçi vəziəsini daşıdığını qeyd edən T.Əhmədov məhkəməyə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb olunacağı haqda xəbərdarlıq aldı və dediklərinin məsuliyyətini dərk edərək müvafiq sənədə imza atdı.

Toğrul Əhmədov
Gülər Əhmədovanın oğlu

T.Əhmədov 2011-ci ilin iyul-avqust aylarında Azərbaycana qayıtdığını və həmin müddətdə heç bir yerdə işləmədiyi üçün anası Gülər Əhmədovanın yanında çalışdığını, və onun bu məsələlərdə böyük narahatlıq keçirdiyinin şahidi olduğunu xatırlatdı. Dəfələrlə, “mən şəxsən özüm Ə.Zeynallının anamdan qəzetin bir illik xərcinin ödənilməsini xahiş etdiyini audio yazını telefonun diktafonundan komyuterə köçürmüşəm və dəfələrlə ona qulaq asmışam” – dedi. Bundan sonra hakim tərəfindən T.Əhmədova sualları istiqamətləndirici şəkildə verilməsi baş redaktorun etirazına səbəb oldu və o, “Toğrul Əhmədov ali savadlı oğlandır, ona nəsə demək artıqdır. Hakim bu gün dövlət ittihamçısını əvəz edir? Bu nə deməkdir? Qoyun özü danışsın.” Daha sonra istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyən T.Əhmədova müdafiə tərəfinin sualları verildi. Vəkil Elçin Sadıxovun, “Əvəz Zeynallı ananız haqqında qəzetdə hansı yazıları yazmışdı?” sualından sonra məlum oldu ki, T.Əhmədovun həmin yazılar haqqında heç bir məlumatı yoxdur və bu məqalə ilə bağlı da heç bir şeyi xatırlamır.

 Ə.Zeynallı:

 – Məni o vəziyyətə gətirmisiniz ki, ittiham tərəfinin təqdim etməli olduğu materialları mən özüm məhkəmənin diqqətinə çatdırıram. Gülər Əhmədova mən həbs olunandan 19 gün sonra mətbuata  müsahibə verməyə başlayıb və bu adam 1 ilə yaxındır hər yerdə, o cümlədən bu məhkəmə heyətinin qarşısında da iddia etməyə çalışıb ki, guya “Xural” qəzetində onun haqqında şəxsiyyətinə və nüfuzuna qarşı ifşaedici və rüsvayedici materialar dərc olunub və ya olunacaqmış. Ona görə də, ailəsində bu yazılara görə qan tökülməsinin qarşısını almaq üçün mənim h\əbsimə qərar verib və haqqımda Ramiz Mehdiyevin rəhbərlik etdiyi bir quruma şikayət edib. O beləcə də dedi, “Mən oğul böyütməmişəm ki, o yazılara görə gedib Əvəz Zeynallını öldürsün, sonra da həbsə düşsün”. Belə deyəndə özüm də düşündüm ki, əcaba nə hadisələr baş verir ki, bu qadını üzədurmağa vadar ediblər və o bir qəzetin baş redaktorunu tutdurmaq üçün razılıq verib. Yəqin sən də bilərsən. Nə olmuşdu?

T.Əhmədov:

 – Siz bilərsiniz ki, G.Əhmədova haqqında nə yazacaqdınız.

 – Mən bildiklərimi yaxşı bilirəm. Sən heç bunu bilə də bilməzsən, çünki səni ilk dəfədir görürəm. Sizdən, şahid olduğunuz vəziyyətin mahiyyətini başa düşməyə çalışıram. Anan nədən narahat idi. Sizi məni öldürmək vəziyyətinə gətirəcək hansı yazıların dərc olunmasından rahatsızlıq keçirirdi? Mən bi məqamı öyrənmək istəyirəm.

 – Yəqin sizinlə danışandan sonra hansısa alçaldıcı materiallar dərc edəcəyinizdən narahat olub.

 – Yaxşı, mən bir daha sizdən öyrənmək istəyirəm, o hansı yazılar idi ki, səni o həddə çatdira bilərdi ki, gəlib məni öldürəsən?

 – Bu hadisə 2011-ci ildə olub. Həmin yazılar mənim yadımda qalmayıb. Özü də mən o vaxt anamdan heç nə soruşmaq istəmirdim, çünki vəziyyəti dərhal korlanırdı.

 – Demək, bu hadisələrlə bağlı ümumiyyətlə, sizin heç bir xəbəriniz olmayıb.

 – Mən o yazıları cümlə-cümlə oxumamışam, ona görə də yadımda qalmayıb.

 Müdafiə tərəfinin ciddi sorğu sualından sonra məlum olub ki, T.Əhmədovun həmin yazıların məzmunu ilə bağlı heç bir məlumatı olmayıb:

 –          Anam bu haqda mənə heç nə deməyib.

 –          Yaxşı, bayaq qeyd etdin ki, mənim anandan rüşvət tələb etməyimlə bağlı audioyazını şəxsən dinləmisən, özü də dəfələrlə. O zaman səndən soruşmaq istəyirəm, həmin audio yazıda mənim şəxsən anandan rüşvət etməyini şəxsən sən özün – Toğul Əhmədov eşitmisənmi?

 –          Bəli, eşitmişəm. Orada söhbət qəzetin bir illik xərcindən gedirdi və hesab göstərilirdi ki. xərc 26 min manat edir. Anam da deyir ki, mən o qədər verə bilmərəm.

 –          Toğrul Əhmədov sən bilirsənmi ki, məhkəmə qarşısında yalan ifadə verdiyin üçün cinayət məsuliyyəti daşıyırsan?

 –          Bəli, bilirəm.

 –          O zaman sən bir daha təsdiq edirsənmi ki, mən sənin anandan rüşvət tələb etmişəm?

–        Bəli. Edirəm.

 –          Məhkəmədə həmin audioyazı dinləniləcək və mənim həbsimə səbəb olan həmin “audioyazı”nın ekspert rəyi də açıqlanacaq. İndi dediklərin də orada təsdiq olunmayacaq, Çünki mən kiminlə nə danışdığımı, kimin-kimə rüşvət təklif etdiyini səndən fərqli olaraq daha yaxşı bilirəm. Ona görə burada bir daha sənə imkan yaradıram ki, məhkəməyə yalan ifadə verməyəsən. Sən özün mənim anandan rüşvət tələb etməyimi eşitmisən?

 –          Bəli.

 –          Artıq günah bizdən getdi.  Siz Maliyyə Nazirliyində işləyirsiniz, yəqin “küllü miqdar” deyəndə, sizin anlamınızda bu hansısa məbləği əhatə edir. Siz nə qədər nəzərdə tutmusunuz?

 –          “Çox” deməkdir.

 –          Nazirlikdə nə vaxtdan işləyirsiniz?

 –          Bu ilin mart ayından.

 –          Demək, mənim həbsimdən sonra. Toğrul Əhmədov bu məhkəməyə qədər nə mən sənin üzünü görmüşəm, nə də sən mənim. Sən ananın dilindən eşitdiyin sözlərlə bura ifadə verməyə gəlmisən. Möhtərəm hakim, qanunlarımız onu diqtə edir ki, şahid yalnız birinci şəxs adından danışa bilər və burada yeganə şahid Xanoğlan Muxtarovu hesab etmək olar, çünki tək o öz adından nəsə danışmaq istəyib. Bura gələn Gülər Əhmədovanın dörd şahidinin dördü də, ikinci şəxs adından danışdığı üçün, onların hamısı “yalançı şahid” hesab olunurlar. Bura gələn “şahid”lərin hamısı hansısa yazılardan, anonslardan danışırlar. İstintaq 2 ay ancaq anons, yazı axtarıb. Hanı o yazılar, hanı o anonslar?

 –          Bilmirəm.

 –          Hanı ittiham tərəfinin sübutları?

 Prokuror Ramazan Hadıyev:

 –          Mən sübutlarımı yekun nitqimdə sadalayacam, narahat olmayın Əvəz müəllim.

 –          Əsəbləşməyin, Ramazan müəllim. 7 aydır burada məhkəmə prosesi hansısa yazıların və hansısa anonsların üzərində qurulub. Yəni, T.Əhmədovun da yadında bu yazılarla bağlı heç nə yoxdur.

 –          Yox, qalmayıb.

 –          Bu yazılar nə qədər önəmli deyildi ki, yadınızda saxlamırsınız, amma o qədər önəmli idi ki, ona görə bir baş redaktoru şərləyib, həbsə atdırdınız?

 –          Mənim o yazılardan xəbərim yoxdur.

 –          Bu çox böyük və çox ciddi oyundur. Get, anana belə də de. Məndə heç bir zaman onun haqqında, onu ifşa və rüsvayedici heç bir material olmayıb. Onu vadar ediblər ki, get onun üstünə şər-böhtan at, tutdur, o da məni tutdurub.

Əvəz Zeynallı məhkəmə zamanı “audioyazı” dinlənilərkənT.Əhmədovanın da prosesdə iştirakının təmin olunmasını məhkəmə heyətindən xahiş etdi. Hakim R.Allahverdiyeva G.Əhmədovanın ifadəsinin tamamlanması üçün müdafiə tərəfinin suallarına cavab verməli olması ilə bağlı qanunun tələblərinə riayət olunacağını dedi. KQMİ-nin rəisi K.Əliyev tərəfindən imzalanmış cavab məktubunda şahid Vüqar Məmmədovun 24 fevral 2012-ci ildə Dubaya uçduğunu və ondan sonra Azərbaycana qayıtmadığı təsdiq edilir. Ona görə də şahidin istintaqa verdiyi ifadə, o cümlədən üzləşmə prosesinin protokolu məhkəmədə elan edildi.

 Məhkəmənin növbəti iclası noyabrın 7-i saat 14.00-a təyin olundu.

 Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sabiq millət vəkili Gülər Əhmədovanın təsdiqolunmayan saxta ittihamlarıyla həbs olunub. 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button