Orduxan Teymurxanın yaxınlarının polisə aparıldığı bildirilir

Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin oldugu bildirilir.

Bu haqda onun özü sosial şəbəkələr üzərindən məlumat yayıb.

Orduxan Teymurxanın bildirdiyinə görə, bu gün, fevralın 17-si onun Bakıda yaşayan bacılarının evlərinin qarşısına polislər toplaşıb. Bacısı oğullarının saxlandığını bildirən bloqqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdıdır.

Son günlər Avropanın müxtəlif şəhərlərində Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə aksiyalar düzənlədiklərini qeyd edən O.Teymurxan 10 ildir ki, ailəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Onlara məcbur ediblər, məndən imtina da ediblər. Orda baş verənlər bizim Avropada təşkil etdiyimiz aksiyalara heç bir təsir göstərməyəcək. Nəslimizi silsəniz də, aksiyalara davam edəcəyik”, O.Teymurxan deyib.

Bloqqerin söylədiklərinə Suraxanı rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən Turan-ın suallarını cavablandlırmaqdan imtina ediblər.

Daxili İşlər Nazirliyi də O.Teymurxanın söylədiklərini şərh etməyib.

Qeyd edək ki, dünən millət vəkili Elman Məmmədov O.Teymurxanın, eləcə də xaricdə yaşayan tənqidçi bir neçə siyasi mühacirin Azərbaycana gətirilməsinə, cəzalandırılmasına çağırış etmişdi.

O.Teymurxanın yaxınlarının evinə polis gəlməsi ilk dəfə deyil.

Ötən il fevralın 18-dən başlayaraq, Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılmışdı. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilirdi. Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Hollandiyada yaşayan bloqqer isə baş verənləri özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button