Övladlarınız sizi lənətləyəcək!

Söhbət ondan getmir ki, günahsız yerə Arif Hacılını, Fuad Qəhrəmanlını, Əbülfəz Qurbanlını… bir neçə illiyə həbs etmək istəyirlər. Onsuz da Azərbaycanda 9 milyon məhkum var – biriləri çörəyin, dolanışığın əsiridir, borc kəndirini boğazına keçirib ölüm hökmü altında yaşayır, başqaları rejimin qurduğu rüşvət və korrupsiya sisteminə girov düşüb, cəzalandırılacağı günün dəhşəti ilə sürünür! Bütövlükdə cəmiyyətin məhkum olunduğu bir dövlətdə cəzanı «içəri»də və ya «çöl»də çəkməyin çox az fərqi var.

Söhbət ondan gedir ki, altı aydı davam edən istintaq və məhkəmə Azərbaycanın tarixinə düşür.

Dəhşətli bir tarixdir. Bəlkə də 5 il, bəlkə də 10 ildən sonra mətbuatın yazdığı, internetdə saxlanılan və hamının əl atanda əlinə gələcək bu faktlar kimlərin taleyini həll etməyəcək ki? Kimlərin başını aşağı, gözünü kölgəli çıxarmayacaq ki? Məhkəməyə yalandan ifadə verən, üzə duran, əslində isə hadisəni ümumiyyətlə görməyən təlxək, ədalətsiz yerə ittiham elan edən əl buyruqçusu, qanunları bir kənara tullayıb, sifarişlə hökm çıxardan hakim o zaman necə yaşayacaq?

15 il bundan əvvəlki bir tarixi xatırladır dostlar: «OMON» işi ilə bağlı məhkəmə prosesinə hakimliyi 70 yaşını adlamış qoca bir kişi edir. Hakim, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qoyan vətən oğullarına 10-15 illik həbs cəzası müəyyənləşdirən məhkəmə hökmünü oxuyur, oxuyur.., sonda kreslosuna çöküb gözü yaşlı halda eynəyini çıxarır, «Mən bu hökmlə razı deyiləm!» – deyir və… ölür!

Vicdanının əleyhinə olan qərarı ölümü bahasına oxumaqla tarixə keçən bu insanı qətiyyən təqdir etmirəm. O, «OMON»çuların məhkəmədən dərhal azadlığa buraxılması barədə qərar da oxuya bilərdi. Öləcəkdisə, bu qərarla ölərdi və Azərbaycan tarixində şərəfli bir səhifə açardı!..

Kimsə bu şərəfli səhifəni açmaq istəmir. Hüquq-mühafizə orqanları və ədliyyə sistemindəki qos-qoca kişilər hamısı tarixin «qara səhifəsində» bir-birinin yanında yer alırlar…

Olsun ki, heç birimiz o günü görməyəcəyik. Ancaq dövlət ittihamçısının saxta iddiası və «2 aprelçilərin» şanlı cavablarını tarix heç vaxt yaddan çıxarmayacaq. Ən ağır siyasi şəraitdə belə «qışda paltosunu satıb xəstə anasının dərmanlarını alan qadının mübarizəsini aparırıq» deyə savaşan və həbs edilən Fuad Qəhrəmanlı ilə təkcə onun öz övladları yox, ona siyasi sifarişlə hökm çıxaran hakimin övladları da fəxr edəcək.

Niyə öz övladlarınıza sizinlə fəxr etməyə imkan vermirsiniz, möhtərəm hakimlər? Niyə sizin balalarınız sifarişlə məhkum etdiyiniz, ədalətsizliklə cəmiyyətdən ayırdığınız «düşmənlərinizlə» öyünməlidir? Sizin adınız gələndə övladlarınızın başlarını yerə dikəcəyi günü niyə təsəvvür etmirsiniz? Niyə elə güman edirsiniz ki, Azərbaycanda sabah açılmayacaq və heç vaxt demokratiya qurulmayacaq? Niyə elə düşünürsünüz ki, Əliyevlərin hakimiyyəti əbədidir?

Vaxt vardı «Allah Heydər Əliyevə eşq olsun» deyirdiniz!

Vaxt vardı «Yaşasın Azərbaycanın əzəli və əbədi prezidenti Heydər Əliyev» söyləyirdiniz.

Məgər, görmürsünüz ki, «əzəlilik və əbədilik» yalnız Allaha məxsusdur, əbədi heç nə ola bilməz?

Hökm verməyə hazırlaşdığınız adamlar sizin və övladlarınızın simasını qorumaq, əlinizi vicdanınızın üstünə qoyub rahat yaşamaq, arxayın yatmaq və şərəfli ömür sürməyiniz üçün vuruşurlar.

Onların dəyərini siz bilməsəniz də, övladlarınız mütləq biləcək və Azərbaycan tarixinə qara ləkə salanların hamısını lənətləyəcəklər – ataları olsanız da!

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button