Redaktorlar Birliyindən Ziyalılar Korpusuna

 Kim yenidən doğulmaq istəmir?!

 Ziyalılar toplaşıb siyasi məhbuslar məsələsini müzakirə ediblər. Bu müzakirələr nəticəsində maraqlı qərarlar da qəbul edilib və bu qərarlardan ən əsası, ziyalıların toplu şəkildə həbsxanada olanları ziyarətə getməyə qərar vermələridir. Bu, çox önəmlidir. İndiyə qədər bu ölkədə çox toplantılar olub və bu toplantıların bəzilərinin nəticəsi olub, bəzilərinin olmayıb. Hələ o zamanlar, çox da uzaq olmayan keçmişdə biz qəribə ziyalılar görmüşük. Elə 2003-cü ildə maraqlı adamlar vardı və o adamlar oğul-uşaqlarına vəzifə alan kimi, ortadan qeyb oldular. Biz onların sifətini bir də hərəkat auditoriyalarında görmədik. Aradan təxminən 8 il keçdi və bu günlərdə Azərbaycanın həsrət qaldığı və təşnə olduğu ziyalılıq duyğuları yenidən rişələnməyə başladı.

Ziyalılar qərar qəbul ediblər ki, onlar həbsxanalara gedəcəklər. Hətta həbsxana rəisləri qəbul etməsə belə, dustaqlarla görüşə bilməsələr belə həbsxanaların qarşısına dikiləcəklər. Bu, çox önəmli bir qərardır və mütləq arxasında durulmalıdır. Yəni bir məkana toplaşıb qərar qəbul etmək, sonra da kimlərdənsə təklif gözləmək, ya da olunan telefon zənglərinin nəticəsində ortadan qeyb olmaq olmasın. Əslində, ziyalılar elə həmən tarix müəyyənləşdirməli və aksiya-görüşün vaxtını və saatını mətbuata bildirməliydilər. Əks təqdirdə, bu, söz olaraq qalacaq.

Ziyalıların bu qərarı verməsində təbii ki, Redaktorlar Birliyinin qərarlarının müstəsna rol oynadığı aydındır. Son illərin Azərbaycan praktikasında yalnız Redaktorlar Birliyi sərrast qərarlar qəbul edir və dərhal həmin qərarları yerinə yetirir. Naxçıvana səfər bunun bariz nümunəsidir və bu səfərin son 15 ildə analoqu yoxdur. Redaktorlar Birliyinin Naxçıvana 20 nəfərlik heyətlə getməsi həm Naxçıvan hakimiyyətini, həm də Azərbaycan iqtidarını şok etdi və onları ciddi düşünməyə məcbur etdi. Budur, ziyalılar da o tipli bir qərar verdi. Onlar da heç kimlə məsləhətləşmədən həbsxanaların qarşısına gedəcək və məhbuslarla görüş tələb edəcəklər. Biz bunu bir ay bundan əvvəl Naxçıvanda çox uğurlu formada sınaqdan çıxardıq. Gedib Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin qapısının ağzını kəsdirdik ki, görüşmək istəyirik. Heyrətdən qurudular. Sonra Naxçıvan Ombudsmanının yanına getdik. Onlar da orada heyrətdən qurudular. O qədər həyəcanlanmışdılar ki, bir çay içmək təklifimizi belə əlləri və dilləri əsə-əsə rədd etdilər. Sonra Naxçıvanın Daxili İşlər Nazirliyinin albayı parkın içinə qədər gəldi və bizə uğursuz hədə-qorxu tonunda «gedin buradan» dedir. Təbii ki, getmədik və proqramımızı sonuna qədər yerinə yetirdik. Qorxmadığımızı gördülər!..

Sonra Redaktorlar Birliyi Lənkərana bir heyət göndərdi. Orada Aydın Canıyevə qənim olanlar bizim heyəti normal qəbul etdilər və suallarımızı cavablandırdılar. Ona görə ki, bizim reportyorlar tək deyildilər. Hamısı bir yerdə idilər və onların arxasında Redaktorlar Birliyinin iradəsi və əzmi vardı.

Bundan sonra da elə olacaq. Redaktorlar Birliyinin bu təcrübəsi bütün Azərbaycana yayılmalı və bu təcrübə ilə xalq kütlələrinin içinə gedilməlidir. Siyasətçilərdən 50 dəfə xahiş-tələb etmişik, yalvarmışıq – gedin xalqın içinə, gedin Gəncəyə, Lənkərana – deyə. Bir iş görə bilmirsiniz, heç olmasa gedin bir çayxanada oturun, çay için və qayıdın – deyə. Etməyiblər. Amma biz edəcəyik bunu. Biz bütün Azərbaycanın ən qaynar nöqtələrinə gedəcəyik və icra hakimiyyətlərinin başçılarının, polis rəislərinin şirin yuxularına haram qatacağıq. Bütün Azərbaycanı xoş bir hərəkətlənməyə məcbur edəcəyik. Bir gün Gəncədə, bir gün Yevlaxda, bir gün Kürdəmirdə, bir gün Gədəbəydə olacağıq. İnsanların dərdini dinləyəcək, ölkənin nəbzini tutacağıq.

Bu hərəkətlənməyə ilk səs ziyalılardan gəldi. Ziyalılar bir an öncə hərəkətin saatını, vaxtını, gününü müəyyənləşdirməli və mətbuata xəbər etməlidirlər.

Gənclər də öz növbələrində hərəkətə gəlməlidirlər!

Bizim bu hərəkətlənmələrimiz isə siyasiləri yerindən qımıldadacaq. Zatən Azərbaycan yeniliyə hamilədir! İstəməyən doğulmasın!

Mən doğulmaq istəyirəm!!!

Həm də yenidən!!!

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button