Pənah Hüseyn Dəmirəllə görüşdə nədən danışıb?

Türkiyənin sabiq prezidenti AXC hakimiyyətinin baş nazirinə nə təklif edib?

 Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl ANS-ə müsahibəsində Azərbaycanın mərhum keçmiş prezidentləri Heydər Əliyev və Əbülfəz Elçibəylə bağlı maraqlı açıqlamalar verib. Heydər Əliyevlə dostluğunun tarixindən və onun 1993-cü ildə hakimiyyətə gəlişindən danışan S.Dəmirəl olduqca ilginc fikirlər dilə gətirib. Onun açıqlamalarından belə məlum olur ki, Heydər Əliyevin hakimiyyətə gəlməsini hələ 1993-cü ildən üç əvvəl istəyirmiş.

Dəmirəlin sözlərindən aydın olur ki, Əbülfəz Elçibəyin Heydər Əliyevi Naxçıvandan hakimiyyətə dəvət etməsində, hakimiyyətdən getməsində rolu olub. Elçibəyə Heydər Əliyevi hakimiyyətə dəvət etmək təklifi də Dəmirəldən gəlibmiş.

Türkiyənin sabiq prezidenti bütün bunları aşağıdakı açıqlamalarında etiraf edib və əsaslandırıb: “Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim; o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadaki kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq. O tarixdə hörmətli Heydər Əliyev Bakıda idi. Amma ön sırada deyildi. Dövlət Təhlkəsizlik Komitəsinin sədri işləyirdi. Onlar da çox böyük diqqət göstərdilər. 80-ci illərdə Heydər Əliyevi təqibə başladıq. Yəni bir türk lideridir, necə bir plan cızacaq. Sovetlər Birliyi dağıldı, Azərbaycan müstəqilliyini əldə etdi. Və o an biz Heydər Əliyevlə görüşməli idik. Mən Heydər Əliyevlə 1991-ci ildə Ankarada görüşdüm. Heydər bəyə söylədim ki, artıq Naxçıvanda oturma, Bakıya get! Elçibəy də bizim dostumuz idi. Elçibəyə Heydər bəyin mütləq vəzifəyə gətirilməsini mən söylədim. Elçibəy prezident kimi Ankaraya gələndə onunla Heydər Əliyevin münasibətlərini qurduq. Sonra Elçibəy Bakını qoyub Ordubada gedərkən oranı Heydər Əlivevə buraxdı. Bizdən soruşdu ki, neyləyim, dedik ki, düz edirsən. Elçibəyin sonda Heydər Əliyevi dəvət etmək qərarında mənim rolum olub. Elçibəy o işə dözə bilməzdi. Elçibəy böyük vətənpərvər bir adam idi. Böyük türkçü idi, Elçibəyi sevirik. Amma o iş səbr, mətanət istəyir, yəni ayrı bir vəziyyət istəyir. Biz bu işi Heydər Əliyevin bacaracağı qənaətinə 3 il əvvəl gəlmişdik”.

S.Dəmirəlin dedikləri ilə bağlı Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynlə danışdıq. P.Hüseyn Dəmirəlin fikirlərinə şərh verməyi doğru saymadığını bildirdi: “Amma Süleyman Dəmirəlin Heydər Əliyevə simpatiyasının olması gizli olan məsələ deyildi. Təbii ki, hadisələr olub keçəndən sonra bəzən ayrı-ayrı siyasətçilər müsbət saydıqları məsələlərdə öz rollarını bir qədər qabartmağa meyllənirlər. Mən Dəmirəlin dediklərinə bu baxımdan xüsusi bir şərh verməyə lüzum bilmirəm. Hər halda o deyirsə, dediyi kimi də qəbul eləmək lazımdır. O ki qaldı məsələnin detallarına, Süleyman Dəmirəllə Elçibəyin prezident olduğu dövrdə danışıqları barədə məndə məlumat yoxdur. Bu barədə nə Əbülfəz Elçibəy bizə danışıb, nə sonradan bu haqda müsahibələr verib. Heydər Əliyevin Bakıya dəvət olunması həmin dövrdə hərbi qiyamın qarşısının alınması üçün nəzərdə tutulmuş variantlardan biri idi. Heydər Əliyev də Bakıya prezident kimi yox, siyasi hakimiyyətin içərisində yer almaq niyyəti daşıyan bir adam kimi dəvət olunmuşdu. Sonrakı hadisələr də məlumdur”.

P.Hüseyn vurğuladı ki, 1991-1993-cü illərdə Türkiyə tərəfdən Heydər Əliyevlə bağlı hər hansı bir xüsusi planların olduğu hiss edilməyib: “Mənim özümün də iştirakçısı olduğum heç bir görüşdə Heydər Əliyevin birinci şəxs kimi Azərbaycan hakimiyyətinə gətirilməsi məsələsi türklər tərəfindən qaldırılmayıb. O cümlədən Süleyman Dəmirəl bizim hakimiyyətimiz dövründə Bakıda olarkən Heydər Əliyevin Bakıya dəvət olunması məsələsini qaldırmayıb. Mənim 1993-cü ilin aprelində Ankarada Dəmirəllə 1 saatlıq təkbətək görüşüm olub. Cəbhə bölgəsində yaranmış vəziyyətlə əlaqədar Türkiyə ilə Azərbaycanın əlaqələrinin koordinasiyası istiqamətində danışıqlar olub. Bu söhbət zamanı Dəmirəl dedi ki, o, Heydər Əliyevlə Azərbaycan hakimiyyətinin münasibətlərinin yaxşılaşmasına kömək edə bilər. Mənim də cavabım bu oldu ki, bizim normal münasibətlərimiz var. Mən “bizim” deyərkən hökuməti nəzərdə tutmuşdum”.

 

Müsavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button