Paşinyan mətbuat konfransında göstərdiyi xəritənin maketini Tavuşa aparıb

Yayımlandı: 18 Mart 2024 22:15

O, sakinlərin suallarını da cavablandırıb

Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə gedərək Voskepar, Bağanis, Kirantsın sakinləri ilə görüşlər keçirib.

Ermənistanın mediası yazır ki, Nikol Paşinyan hansı əraziləri Azərbaycana verəcəyini, yeni yolun hara getdiyini sakinlərə daha aydın təqdim etmək üçün sonuncu mətbuat konfransında göstərdiyi Ermənistan xəritəsinin maketini də özü ilə rayona aparıb.

Tavuş vilayətinin sərhəd kəndlərinin sakinlərinin anklavların Azərbaycana veriləcəyi təqdirdə blokadaya düşəcəklərindən narahat olduqlarına görə Nikol Paşinyan onlara belə cavab verib:

Bizə də bunu dedilər, biz də bu sualları cavablandırdıq. Yanaşmamız ondan ibarətdir ki, insanlar tərəfindən qaldırılan və cavabsız qalan sual olmamalıdır. Cavabsız qalsa, bu, bizim bu məsələnin həll yolunun olmadığı anlamına gələcək. Bəzi məsələlərlə bağlı insanlara dedim ki, mən təkcə sualları cavablandırmaq üçün deyil, həm də bu sualları toplayıb hökumətin gündəminə qoymaq, cavablar üzərində düşünmək və cavab vermək üçün gəlmişəm. Elə suallar var idi ki, mən onların ciddiliyini yerində daha praktik və daha emosional hiss etdim”.

O vurğulayıb ki, hökumətin insanların təhlükəsizliyini praktiki strukturlarda əsaslandırması ən vacib məsələdir.

Ermənistanın Baş naziri martın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycanla delimitasiyası prosesinin Tavuş vilayətindən başlaya biləcəyini istisna etməmişdi:

Mən istisna etmirəm ki, delimitasiya prosesi Tavuş bölgəsindən başlaya bilər. Bu proseslə bağlı qərarlar qəbul edərkən biz reallıqların və vəziyyətin hərtərəfli təhlilindən, Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə edilməsinin məntiqindən və sabit vəziyyətin təmin edilməsi tələblərindən çıxış etməliyik”.

Ermənistanın müxalif mediasının iddiasına görə, görüşdən əvvəl sakinlərdən telefonlar və digər əşyalar alınıb:

“Görüş kifayət qədər gərgin atmosferdə keçdi. Paşinyan deyib ki, 4 kənd dərhal Azərbaycana təslim edilməlidir. Əks halda müharibə olacaq, Azərbaycan onları zorla alacaq, müqavimət göstərə bilməyəcəyik. Sakinlər sual verdilər ki, dövlətlərarası yol da Azərbaycandan keçəcəkmi? Bütün bunların nəticəsində azərbaycanlılar hara düşəcək və bu, müharibənin olmayacağına zəmanət verirmi? Baş nazir cavab verdi ki, mən heç nəyə zəmanət verə bilmərəm, yalnız müharibənin olmayacağını ümid etmək olar və o, bu yolların təhlükəsiz olmasına çalışacaq. O həmçinin bildirib ki, Türkiyə də Azərbaycanın yanındadır və başqa yol yoxdur – təslim olmalıyıq”.

Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi barədə məlumat yayılıb.

Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:

Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button