Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər

Yayımlandı: 18 Mart 2024 18:56

“Məsələni referenduma da çıxaracağıq”

Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinin müzakirə olunduğu deyilir.

Bu barədə Cənubi Osetiya “parlamenti”nin sədri Alan Alborov “ria.ru”ya bildirib.

“Biz bütün bu məsələləri Rusiya ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, – Alan Alborov belə söyləyib.

Məsələnin referenduma çıxarılmasına gəlincə, Alborovun sözlərinə görə, Moskva və Sxinvali razılaşdırılmış xarici siyasət yürüdürlər:

Foto: Alan Alborovun şəxsi səhifəsindən

“Biz Rusiya ilə birləşmək fikrinə gələndə, məsələni referenduma da çıxaracağıq”.

Hələ 2023-cü ildə Cənubi Osetiyanın “prezidenti” Alan Qaqloyev yerli əhaliyə və “parlament”ə müraciətində tezliklə Rusiyaya birləşəcəklərinə ümid etdiyini demişdi.

Ancaq 2022-ci ilin mayında Kremlin sözçüsü Dmitri Peskov ölkədə keçiriləcək referendumdan danışarkən Moskvanın bu istiqamətdə heç bir addım planlaşdırmadığını bildirmişdi.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar qeyd etmişdi ki, Cənubi Osetiya konkret təkliflər göndərsə, onlara baxılacaq.

Rəsmi Tbilisi Alan Alborovun açıqlamasına hələ reaksiya verməyib.

Cənubi Osetiya “müstəqilliyini” 1990-cı ildən elan edib.

Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyət hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib.

Bu, Cənubi Osetiya müharibəsinə səbəb oldu və bölgə Rusiyanın dəstəyi ilə de-fakto müstəqillik əldə etsə də, heç bir dövlət tərəfindən tanınmayıb.

2008-ci il Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsindən sonra Kreml Cənubi Osetiyanın müstəqilliyini tanıdığını elan etdi.

Ardınca Nikaraqua, Venesuela, Nauru, Suriya Cənubi Osetiyanın müstəqilliyini tanıdılar.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button